Tramp istefaya getməyəcək

“Çünki bu məsələ ABŞ-da demokratiyaya və seçki sisteminə çox ciddi zərbə vura bilər"



ABŞ Prezidenti Donald Trampın vaxtilə seçki qərargahının rəhbəri olmuş Pol Manafort istintaqla əməkdaşlığa razılıq verib. O, ölkəsinə qarşı sui-qəsd və ədalət məhkəməsini əngəlləmək cəhdi ilə bağlı günahını etiraf etməyə hazır olduğunu deyib.

Manafort ABŞ-a qarşı sui-qəsddən başqa, 30 milyon dollardan artıq vəsaitin "yuyulması" və yalan ifadə vermək kimi əməllərdə də ittiham olunur. Donald Trampın seçki kampaniyası zamanı saxtakarlığa yol verilməsi ilə bağlı dəfələrlə iddia qaldırılıb. 

Xüsusən, Rusiyanın prosesə ciddi müdaxilə etdiyi vurğulanıb. Siyasi ekspertlərə görə, bu məsələnin üzəri qapadılmasa, təhqiqatlar Trampın yaxın adımlarının həbsinə, hətta indiki prezidentin impiçmentinə qədər gedib çıxa bilər. 

Trampın "bitməyən" seçki kampaniyası ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Sədrəddin Soltan hesab edir ki, Rusiyanın, yaxud başqa bir dövlətin istənilən ölkədə keçirilən seçkilərə müdaxiləsi çox ciddi qanun pozuntusudur. Buna hakimiyyətin zəbt edilməsi də demək olar: 

"Təsəvvür edin ki, Rusiya qoşun toplayıb başqa bir dövlətin ərazisinə soxulur və orada özü istədiyi şəxsi hakimiyyətə gətirir. Bunu belə də dəyərləndirmək mümkündür. Konkret olaraq, Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə ehtimal olunan müdaxiləsi çox pis haldır. Bu barədə məlumatın yayılmasının özü belə təhlükəsizliyə ziyan vuran amildir. Belə çıxır ki, Rusiya istənilən vaxt ABŞ-da dövlət çevrilişi də edə bilər. Bu isə ölkə vətəndaşlarının öz hakimiyyətinə, bir az geniş miqyasda götürsək, dövlətinə şübhə ilə yanaşması ilə nəticələnə bilər. Belə bir vəziyyət xaosa da səbəb olar". 

Analitik Donald Trampın məhz bu məsələyə görə tutduğu vəzifədən gedəcəyini real saymır: "Çünki bu məsələ ABŞ-da demokratiyaya və seçki sisteminə çox ciddi zərbə vura bilər. Fikrimcə, Pol Manafort ifadə verəcək, ancaq Donald Tramp bununla bağlı istefaya getməyəcək. Əlbəttə, Trampa impiçment cəhdi ola bilər. Bilirsiz ki, bu məsələ Tramp hakimiyyətinə qarşı amerikalıların, özəlliklə demokratların əlində əsas təzyiq vasitəsidir. Məhz bu vasitələrlə prezident Trampı və komandasını xətdən kənara çıxmağa qoymurlar".

İsmayıl