Trampın əlində imkan olsaydı hərbi güc tətbiq edərdi

Beynəlxalq siyasətdə İran yeganə mövzudur ki, ABŞ Prezidenti sabit siyasət yürüdür


ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilər qrupu yaxın günlərdə Fars körfəzinə daxil olacaq. Məlumata görə, Fars körfəzinə "Con Stennis” təyyarə daşıyan gəmisi göndərilib. "Con Stennis”i digər gəmilərin də müşayiət edəcəyi bildirilib. Bu, ABŞ-ın Fars körfəzinə son 8 ay ərzində göndərdiyi ilk gəmi olacaq.

 ABŞ mətbuatı Vaşinqtonun bunun vasitəsilə İrana qarşı güc nümayişi həyata keçirdiyini bildirib. Qeyd edək ki, "Con Stennis” Yaxın Şərqdə iki ay qalacaq. Prezident Donald Trampın İrana qarşı daha sərt siyasət yeritdiyi göz önündədir. Ağ Ev uzunmüddətli iqtisadi sanksiyalar fonunda Tehrana hərbi güc də nümayiş etdirmək niyyətindədir. İran isə inadla dirənəcəyini bəyan etməkdədir.

ABŞ-ın İrana qarşı sanksiyalarını artırmasını, bununla yanaşı hərbi təzyiq metoduna keçməsini "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədlinin fikrincə, beynəlxalq siyasətdə İran yeganə mövzudur ki, Donald Tramp sabit siyasət yürüdür: 

"Trampın Çin və Rusiya ilə bağlı apardığı ziqzaqvari siyasətlə müqayisədə İran siyasəti olduqca stabildir. Tramp Çini daha güclü rəqib gördüyü üçün Pekinlə anlaşma yolunu tutdu. Ancaq Rusiya və İrana qarşı daha sərt addımlar atmaq qərarına gəldi. Əgər Amerikanın idarəetməsi tamamilə Trampın əlində olsaydı, o, düşünmədən Tehrana qarşı hərbi güc tətbiq edərdi. Lakin indiki halda İrana qarşı hərbi hücum gözlənilmir. Əslində İran Fars körfəzində Amerika gəmilərini görməyə öyrəşib. Bu, İran üçün yenilik deyil. Fikrimcə, Vaşinqton yaxşı bilir ki, İranı qarışdırmağın yeganə yolu ölkəni daxildən parçalamaqdır”.

İsmayıl