Trampın İlham Əliyevə yazdığı məktubu zəruri edən detallar...

"Əvəzində Kreml də Avropaya digər yerlərdən göndərilən qaza məhdudiyyət qoyur. Ona görə, Azərbaycan bu məsələdə də regional təhlükəsizliklə bağlı proseslərin içərisinə düşə bilər"




"Regionda kifayət qədər gərgin vəziyyət hökm sürür və proseslər getdikcə mürəkkəbləşir”.

Bunu "Sherg.az”a ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub haqqında danışarkən politoloq Mübariz Əhmədoğlu söyləyib. 

O qeyd edib ki, regionda vəziyyəti mürəkkəbləşdirən başlıca amil Ermənistanda baş verən hadisələrdir:

"İstənilən an düşmən ölkədə vəziyyət nəzarətdən çıxa bilər. Ona görə, Ermənistan hər zaman olduğu kimi təhlükə mənbəyi olaraq qalır. Hazırkı şəraitdə təhlükəni idarə etmək problemi aktual amilə çevrilib”.

M.Əhmədoğlu regiondakı sabitliyi pozan ikinci amil kimi Rusiya-Qərb mübarizəsini görür:

"İki böyük güc arasındakı mübarizənin əsasını enerji mübarizəsi təşkil edir. ABŞ çalışır ki, Rusiya qazını Avropaya buraxmasın. Əvəzində Kreml də Avropaya digər yerlərdən göndərilən qaza məhdudiyyət qoyur. Ona görə, Azərbaycan bu məsələdə də regional təhlükəsizliklə bağlı proseslərin içərisinə düşə bilər.

Belə vəziyyətdə Qərbin dəstəyi olmasa, məsələ Azərbaycan üçün asan olmayacaq. Amerika bunu başa düşür. Ölkəmizdə keçirilən 11 aprel prezident seçkilərindən sonra Donald Tramp Prezident İlham Əliyevə ilk dəfə məktub göndərdi. Məktubda qeyd olunduğu kimi, ABŞ prezidenti İlham Əliyevə terrorla mübarizə istiqamətində, Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birgə fəaliyyət təklif edir. Münasibətlərin bu səviyyəyə çatması çox müsbət haldır”.

Qeyd edək ki, ABŞ prezidentinin ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubunda deyilir:
"Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm. Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcək.

Aysel Aslan