“Türk axını” TAP və TANAP-a rəqib olacaq-EKSPERT





"Türk axını” layihəsi TAP və TANAP üçün rəqib olacaq.

Bunu Sherg.az-a layihənin regiona iqtisadi təsirlərindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib. 

O, bildirib ki, "Türk axını” layihəsi Türkiyənin regionda qaz paylayıcı mərkəz olmasında ilk addım olacaq: 

"Yaxın gələcəkdən layihənin iki mərhələdən ibarət olacağı gözlənilir. İlk mərhələdə təqribən 16 milyard kub/metr-ə yaxın qaz idxal olunacaq ki, bu da Türkiyənin öz ehtiyacları üçün istifadə olunacaq. İkinci mərhələdə əldə olunan növbəti 16 milyard kub metr qaz isə Avropa ölkələrinə idxal ediləcək. Kifayət qədər böyük istehsalat Türkiyənin həm regionda həm qaz bazarında nüfuzunun artmasına gətirəcək. Türkiyəyə böyük gəlirlərin gətirilməsi gündəmdədir. Bu tikinti aparıldığı zamanda belə Türkiyə iqtisadiyyatına yatırımlar olacaq. Tranzit haqqı kimi də Türkiyənin kifayət qədər gəlir qazanacağı proqnozlaşdırılır”.

N. Cəfərli Rusiyanın gəlirlərinə də toxunub. Ekspertin sözlərinə görə, Rusiya öz qazını Avropaya Ukrayna üzərindən satdığından bu asılılığı azaltmağı öz plana çəkib: 

"Rəsmi Moskva və Kiyev arasında yaranan gərginlik səbəbindən V. Putin Ukraynadan asılılığı minimuma endirəcək. Hətta uğurlu olacağı təqdirdə Ukrayna üzərindən Avropaya qaz hasilatı ləğv oluna da bilər. Türkiyə və Azərbaycan isə israrla "Türk axını” layihəsinin TAP TANAP ilə rəqabətdə olmayacağını və ziyan gətirməyəcəyini deyir. Lakin aydın məsələdir ki, eyni mənbədən Avropaya nəql edilən qazın həcmi artdıqca rəqabət də artacaq. Bu ən azından Azərbaycan qazının qiymətinin ucuzlaşması baş verə bilər. Bu rəqabət mühitindən ən çox qazanan isə Avropa istehlakçıları olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını" qaz kəmərinin tikintisinə dair Rusiya tərəfi ilə imzalanan sazişi ratifikasiya edib.

Aysel Aslan