"Düşmən qeyri-millətdən olanda bu, o qədər təəccüb doğurmur. Amma öz millətinin nümayəndəsi özünün xalqına düşmən kəsiləndə o şəxsin kimliyi haqqında şübhə yaranır”.
Bunu "Sherg.az”a ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissorları Eldar Şengela və Fuad İbrahimbəyov olan "Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasından danışarkən millət vəkili Elman Məmmədov söyləyib.
O bildirib ki, azərbaycanlıları aşağılayan şəxsin tək əqidəsi haqqında deyil, damarında axan qanın hansı millətə mənsub olduğu barədə də şübhə formalaşır:
"Hətta digər xalqın nümayəndələri Rüstəm və rüstəmkimilər qədər Azərbaycan xalqına qəddar mövqedə dayanmırlar. Rüstəm İbrahimbəyovun yazdığı ssenari əsasında "Bir cənub şəhərində” filmi çəkilmişdi. Bu, qəbul olundu. O, 1988-1992-cı illər ərzində Azərbaycanda baş verən hadisələr, Bakıya və digər şəhərlərə Ermənistandan, işğal olunmuş ərazilərdən gələn qaçqın və məcburi köçkünlər haqqında da film çəkdi. Həmin filmdə isə rayondan şəhərə gələn şəxslərin Bakıdakı hərəkətləri barədə təhqiramiz kadrlar yer alıb. Bu insan öz millətini, xalqının adət ənənələrini qəbul edə bilmir. Həmin ünsürün qanında Azərbaycan, türk millətinə qarşı düşmənçilik var. O tək deyil, ətrafında da özü kimilər yer alıb”.
R.İbrahimbəyovun belə addımları tək qazanc məqsədilə atmadığını diqqətə çatdıran E. Məmmədov onun canında bu nifrətin olduğunu deyib:
"O, ilk növbədə tarixi təkzib edir. Əslində bütün bu vəhşilikləri azərbaycanlılara qarşı törədən ermənilər olub. Əzilən, işgəncəyə məruz qalan, öldürülən isə bizlər. R.İbrahimbəyov bu faktları əksinə çevirib, təqdim edirsə, görün nə dərəcədə bizə düşməndir.
Müxalif mövqe tutmağı haradasa anlamaq olar. Amma onun bu hərəkətləri millətə, dövlətə, hakimiyyətə qarşı da sırf düşmənçilik və təhqirdir. Yaradıcı insanlar, bu zümrəyə mənsub şəxslər, ziyalılar R.İbrahimbəyovun hərəkətlərinə tutarlı cavab verə bilərlər. O, milləti, xalqı təhqir etdiyi üçün məhkəmə qarşısında cavab verməlidir. O, tək deyil, belələri kifayət qədərdir. R.İbrahimbəyov anlamalıdır ki, çəkdikləri ilə ilk növbədə öz əslini, nəslini təhqir edir. Onun mənsub olduğu kökdə düzgün, haqlı insanlar, Maqsud İbrahimbəyov kimi şəxsiyyətlər var. Bu azərbaycanlı, ilk növbədə özününküləri təhqir edir. Hesab edirəm ki, hüquq mühafizə orqanları, ictimaiyyət, müxtəlif sahələrdə çalışan şəxslər reaksiya verməlidirlər. Təkcə məzəmmətlə, tənqidlə kifayətlənməməli, hüquqi müstəvidə addım atmalıyıq”.
Qeyd edək ki, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, gücllü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.
Aysel Aslan