Türkiyə İraqda edam ediləcək 16 qadın vətəndaşını himayə edəcəkmi ? - ŞƏRH

Elxan Şahinoğlu: "Bu qadınlar birbaşa terrorçu təşkilatların üzvü olduğundan Türkiyənin onları himayə etməsi çətin məsələdir"



"Türkiyə özü də terrorçu təşkilatlara qarşı amansız mübarizə aparır. Düşünürəm ki, bu həbslərə, edamlara görə, Türkiyə İraqla münasibətləri gərginləşdirməyəcək "

"Türkiyə xarici ölkələrdə yaşayan vətəndaşlarının taleyi ilə hər zaman maraqlanır, həbs olunanlara dəstək olmağa çalışır”.

Bu barədə "Sherg.az”a İraq məhkəməsinin İŞİD sıralarına qoşulmuş 16 türkiyəli qadını ölüm cəzasına məhkum etməsinə münasibət bildirərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 

O diqqətə çatdırıb ki, bu qadınlar birbaşa terrorçu təşkilatların üzvü olduğundan Türkiyənin onları himayə etməsi çətin məsələdir:

"Türkiyə özü də terrorçu təşkilatlara qarşı amansız mübarizə aparır. Düşünürəm ki, bu həbslərə, edamlara görə, Türkiyə İraqla münasibətləri gərginləşdirməyəcək. Həmin şəxslərin cinayət törətdiyi sübuta yetirilibsə, Türkiyə onların ekstradisiyasını istəməyəcək. O qadınlar terrorçu olaraq ələ keçiriliblər və edam yaxud həbs cəzası vermək İraqın hüququdur. Yəqin ki, onlar hüquqi prosedur qaydalarına müvafiq şəkildə cəzalandırılacaqlar.

Türkiyə mətbuatına da nəzər salsaq, görərik ki, türk siyasi xadimlərin, ekspertlərin bununla bağlı açıqlamaları yoxdur. Çünki onlar da anlayır ki, terrorçu kimi ələ keçirilən şəxslər müvafiq şəkildə cəzalandırılmalıdırlar. Beləliklə, bütün dünya dövlətləri terrorçuluqla mübarizə aparmalıdırlar”.

Qeyd edək ki, qadınlar terror hücumlarının törədilməsində terrorçulara yardım göstərdiklərini etiraf ediblər. Məhkumların məhkəmənin qərarından şikayət vermək hüququna malik olduğu bildirilir.
Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum ediliblər. Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl Afar bölgələrində saxlanılıblar.

Aysel Aslan