Sakitlik yarandıqca, hər şey öz əvvəlki axarına düşəcək. Çünki ortada heç bir iqtisadi səbəb yoxdur
Türk lirəsi dollara nisbətdə ucuzlaşmaqda davam edir. Dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsinə düşərək rekordu yeniləyib. Lirə dollar qarşısında daha 2 faizdən çox dəyərdən düşüb. Avro/lirə məzənnəsi isə 5.70 səviyyəsini aşıb və beləliklə, tarixinin ən yüksək səviyyəsinə qalxıb.
Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi "Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub. Qeyd edək ki, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Şərq”ə açıqlamasında türk lirəsinin ucuzlaşmasının iqtisadi köklərini görmədiyini deyib. Professorun sözlərinə görə, bu, siyasi proseslərin nəticəsidir:
"Türkiyə iqtisadiyyatı çox normal bir şəkildə inkişaf edir. Bu fonda isə, təbii ki, milli valyutanın zəifləməsi praktik olaraq qeyri-mümkündür. Lakin Suriyanın şimalında aparılan hərbi əməliyyatların yaratdığı gərginliklər və qarşıdan gələn prezident seçkiləri müəyyən psixoloji məqamlar yaradır. Məhz Türkiyə lirəsinin ucuzlaşması da daha çox bu psixoloji səbəblərlə bağlıdır. Hesab edirəm ki, sakitlik yarandıqca, hər şey öz əvvəlki axarına düşəcək. Çünki ortada heç bir iqtisadi səbəb yoxdur. Türkiyə iqtisadiyyatının bugünkü vəziyyətini ancaq müsbət dəyərləndirmək olar. Çünki iqtisadiyyatda inkişaf var və ixrac potensialı da çox böyükdür. Bu isə ölkəyə kifayət qədər xarici valyuta gətirir. Ona görə də məsələdə iqtisadi tərəf axtarmağa dəyməz”.
F.Yusifov deyib ki, lirənin ucuzlaşması davamlı olarsa, bu, Türkiyədən idxal olunan malların qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər.
Türkiyəyə investisiya yatırmış Azərbaycanın bu ölkədə iqtisadi sabitliyin hökm sürməsində maraqlı olduğunu deyən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə, Türkiyə iqtisadiyyatını ağır dövr gözləyir.
İqtisadçının fikrincə, lirənin 5 ay ərzində dəyərinin 1/4-i qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar:
"Blomberq”ə istinad etsək, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7 faiz dəyər itirərək, 4,65-ə düşüb. Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir. Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Artıq Rusiyanın ən böyük bankı olan "Sberbank” Türkiyənin 5-ci ən böyük bankı olan törəmə müəssisəsini - "Dənizbankı” ərəblərə dəyərindən ucuz sataraq, bazarı tərk edir.
Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərilir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6 faiz itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitləşdirəcək mesajlar ötürməsə, ən azı seçki gününə qədər ucuzlaşma davam edəcək”.
Ekspertin sözlərinə görə, Türkiyə iqtisadiyyatında dayanıqlığı dəqiq və detallı qiymətləndirmək üçün maliyyə sektorundan tutmuş, real sektora qədər olan sahələr nəzərdən keçirilməlidir. Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meyilləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da, ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanın sabitliyini təhlükə altına alır.
Şəymən