"Türkiyə Qarabağ məsələsində daha da fəallaşıb" - Sabiq XİN başçısı






"Bir müddət əvvəl Minsk qrupunun həmsədrləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər. Nazir burada da Türkiyənin birmənalı şəkildə Azərbaycana dəstək verdiyini vurğulayıb”.

Bu sözləri "Sherg.az”a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun " Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimiz normallaşdıracağıq” bəyanatını şərh edərkən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

O qeyd edib ki, bugünkü görüşdə M.Çavuşoğlunun eyni fikirləri ifadə etməsi qardaş ölkənin Dağlıq Qarabağ məsələsində qətiyyətli mövqeyinin göstəricisidir:

"Hər iki görüşdəki bəyanatlarda Ermənistanın işğal altındakı torpaqlardan çəkilməyincə Türkiyə ilə münasibətlərinin normallaşmayacağını vurğulanır. Bu, sübut edir ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində rolu prinsipial olaraq qalır. Onlar beynəlxalq təşkilatların tələbinə uyğun tələb irəli sürürlər ki, işğal altındakı torpaqlar azad olunsun.

Qeyd etməliyik ki, bu ilin ikinci yarısında Türkiyə Qarabağ məsələsində daha da fəallaşıb. Türkiyə və Rusiya prezidentləri də görüşdə bir neçə dəfə bu problemi müzakirə ediblər. Son olaraq, Türkiyə XİN rəhbərinin bəyanatı da sübut edir ki, qardaş ölkənin xarici siyasətinin gündəmində Dağlıq Qarabağ münaqişəsi əsas məsələlərdən biri olaraq qalır”.

Qeyd edək ki, nazirlərin görüşündə M.Çavuşoğlu Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə danışıb. Nazir xatırladıb ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb: "Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimiz normallaşdıracağıq”. Xatırladaq ki, Ermənistan rəhbərliyi Türkiyə ilə imzalanmış protokolların gələn ilin baharına qədər ləğv ediləcəyini açıqlayıb.

Aysel Aslan