Türkiyə-Rusiya arasında viza rejiminin ləğvi nə vəd edir ? - İZAH





"Rusiya ilə viza rejimin ləğv edilməsi Türkiyəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək”.

Bu barədə "Sherg.az”a iqtisadçı - ekspert Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, bu anlaşma Rusiya üçün də əlverişlidir:

"Türkiyəli sahibkarlar Rusiya ilə önəmli iqtisadi əlaqələr qura biləcək. Bundan əlavə ticarət, nəqliyyat sahəsində də münasibətlərin genişləndirilməsi gündəmdədir.

İki güclü dövlət arasında viza rejiminin ləğvi sərmayələrin cəlb olunması baxımından xüsusilə vacibdir. İş adamlarının daha sərbəst formada Türkiyə-Rusiya arasında hərəkət etməsi hər iki ölkənin gəlirlərinə təsir edəcək. Rəsmi Moskvanın hazırda Türkiyə sərmayəsinə ehtiyacı var. Eynilə, Türkiyə də Rusiyadan sərmayələr cəlb etməkdə maraqlıdır. Ona görə, viza rejiminin aradan qaldırılması iki ölkənin iqtisadi əlaqələrinin güclənməsinə, bir-birinə qarşılıqlı sərmayə yönəldilməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Türkiyə xarici işlər nazir Mövlud Çavuşoğlu rəsmi Ankaranın bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsi, yaxud viza rejiminin yumşaldılmasını gözlədiyini vurğulayıb.
Xatırladaq ki, Rusiya 2015-ci ilin noyabrında Suriya-Türkiyə sərhədində "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib.

Aysel Aslan