Türkiyə səfiri Amerikadan geri döndü

“Fələstin problemi Vaşinqton-Ankara münasibətlərini tarıma çəkir”




Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı səfiri Serdar Kılıç Ankaraya qayıdıb. Məlumata görə, İsrail və Fələstin arasındakı toqquşmalar səbəbi ilə Vaşinqton və Təl-Əvivi ittiham edən Ankara ABŞ-dakı səfirini müvəqqəti olaraq geri çağırıb.

Mediaya açıqlama verən səfir olayların Amerikanın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsindən sonra başladığını vurğulayıb. Xatırladaq ki, Türkiyə bundan öncə Fələstində qətliam törədilməsinə etiraz olaraq, İsraildəki səfirini və baş konsulunu geri çağırmışdı.

Tərəflər arasındakı gərginliyi "Şərq”ə dəyərləndirən siyasi ekspert Əli Orucov deyib ki, fələstinli dinc etirazçıların İsrail əsgərləri tərəfindən qətlə yetirilməsi dünyanın mütərəqqi ictimaiyyəti tərəfindən sərt qarşılandı. Lakin bu sərtlik yəhudi dövlətinin törətdiklərinə qarşı adekvat olmadı. Xüsusən də islam ölkələri susqun mövqe sərgilədilər: 

"Donald Tramp və İsrailin baş naziri Netanyahu zamanı çox düzgün hesablamışdılar. Onlar bilirdilər ki, ABŞ-ın paytaxtının birtərəfli qaydada Qüdsə köçürülməsinə qarşı çıxa biləcək heç bir güc yoxdur. Körfəz ölkələri həmişə olduğu kimi fələstinli qardaşlarını meydanda tək buraxdılar və öz maraqlarını güddülər. İraq və Suriyada artıq dövlət strukturları dağıdılıb. İranla Səudiyyə Ərəbistanı düşmən münasibətdədir. Türkiyənin və Pakistanın başı isə terrorla mübarizəyə qarışıb”. 

Analitik bildirib ki, başda Səudiyyə Ərəbistan olmaqla körfəz ölkələri və Misir Fələstin məsələsindən öz maraqları üçün bəhrələnməyə çalışacaq:

 "İran proseslərə soyuqqanlı və təmkinli yanaşır, anlayır ki, özü hədəfə çevrilə bilər. Xüsusən, İsrail və ABŞ kimi güclü rəqibləri birbaşa üzərinə çəkmək istəmir. Hazırda Türkiyə tək mübarizə aparır. Lakin Ankaranın təkbaşına, emosional şəkildə nəyəsə nail olacağı gözlənilmir. Doğrudur, Türkiyə səfirlərini çağırmaqla, İsrailə və ABŞ-a müəyyən təzyiqlər göstərməyə çalışır. İslam Əməkdaşlıq Təşkilatının toplantısını çağırır. Lakin düşünmürəm ki, həmin toplantıda Təl-Əvivə və Vaşinqtona qarşı hansısa effektli qərarlar alınacaq”. 

Müsahibimiz xatırladıb ki, Türkiyənin İsrail və ABŞ-la münasibətləri onsuz da gərgin idi. Mövcud durum əlaqələri daha da kəskinləşdirəcək:

 "İsrail hərbçilərinin Mavi Mərmərə dənizi ilə yardım aparan şəxsləri gülləbaran etməsi iki dövlət arasında ciddi gərginlik yaratdı. İllər keçsə də, əlaqələr normallaşmadı. ABŞ-ın PKK və başqa terror təşkilatlarına açıq dəstək göstərməsi Vaşinqton-Ankara əlaqələrini tarıma çəkdi. Fələstin problemi isə münasibətləri qopma nöqtəsinə gətirdi. Amerika Türkiyənin maraqlarına sayğısızlıq göstərməkə davam edir. Əgər islam dünyası vahid mövqedən çıxış etsəydi, ABŞ və İsraili geri çəkilməyə vadar edə bilərdilər. Hesab edirəm ki, indiki məqamda rəsmi Bakı bitərəf mövqedə dayanmalıdır. Məncə, Ankara Bakını anlayar”.

İsmayıl