"Türkiyə terrorla mübarizədə daha sistemli iş görməlidir"- DEPUTAT




Ərdoğanın səfərbərlik elan etməsi terrorun qarşısının alınması üçün kifayət etməyəcək.

Bunu Sherg.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorla mübarizədə bütün ölkə əhalisinə səfərbərlik elan etməsinə münasibət bildirərkən, millət vəkili Fazil Mustafa deyib. 

Deputat, dövlət başçısının hazırki addımlarını xalqı mənəvi-psixoloji cəhətdən birləşdirməyə yönəltdiyini vurğulayıb: 

"Düşünürəm ki, terrorla mübarizədə daha sistemli və ciddi addımlar atılmalıdır. Bu istiqamətdə beynəlxalq güclərin də dəstəyi vacibdir. Əgər dünya səviyyəsində bu qınansa, Türkiyənin qan çanağına döndərilməsinə şərait yaranmaz. Səfərbərliyin elan olunması diqqətin bu mübarizəyə yönəldilməsi üçün müsbət addımdır. Lakin bu sahədə ordu və hüquq mühafizə orqanları daha peşəkar səviyyədə çalışmalıdır. Yeni texnoloji variantları istifadə etmək vacib amildir”.

Türkiyədə baş verən terror hadisələrində Qərbin əli olması fikirlərini ciddi qəbul etmədiyini diqqətə çatdıran F. Mustafa bu ölkəni digər müharibə ocaqlarının istiqamətinə sürükləməyin real olmadığını düşünür: 

"Türkiyə tamamilə fərqli xüsusiyyətlərə malik olan, güclü dövlətdir. Türk milləti öz dövlətinə sahib çıxan, demokratik vəziyyəti saxlayan millətdir. Buna görə, Qərbin Türkiyəni regionda sıxışdıra biləcəyini düşünmürəm. Səsləndirilən ssenarilərin həqiqətə uyğun olmaması türk millətinin gücünü doğru qiymətləndirməməkdən irəli gəlir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra başçılarının toplantısında PKK, FETÖ, İŞİD-ə və bütün terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edib.

Aysel Aslan