Türklər də Cocuq Mərcanlıya pul buraxacaq

Qardaş ölkənin jesti ictimaiyyət nümayəndələri tərəfindən təqdir edilib




Türkiyə hökuməti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir. Bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur:

"Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər”. Şübhəsiz ki, Azərbaycan işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini ən gözəl formada abadlaşdırır. Lakin bununla yanaşı, qonşu və qardaş ölkənin də bölgədə aparılan yenidənqurma işində yaxından iştirakı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Məsələ ilə bağlı "Şərq”ə danışan cəbrayıllı jurnalist, "Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova deyib ki, əslində düşmən postu ilə həmsərhəd olan Cocuq Mərcanlıya hər hansı investisiya qoymaq böyük riskdir. Buna rəğmən Türkiyə şirkətlərinin ora maraq göstərməsi təqdirəlayiqdir: 

"Bu, Azərbaycan dövlətinə, Azərbaycan ordusuna olan inamdan irəli gəlir. Üstəlik, Türkiyənin Ermənistanla olan siyasi vəziyyəti də gözə alaraq bu addımı atması daha böyük jestdir. Çünki Ermənistan tərəfi hələ də Cocuq Mərcanlı ilə bağlı qəzəblidir. Məsələnin ən faydalı tərəfinə diqqət yetirsək görərik ki, indiyə qədər Türkiyə şirkətlərinin Azərbaycanda qoyduğu sərmayə özünü doğrultmağı ilə fərqlənib. Bu dəfə də daha uğurlu olacağına şübhə yoxdur. Əvvəla, bu addımın mənəvi tərəfi var. Türkiyə həmin torpaqların işğaldan azad olunmasını ən azı Azərbaycan qədər istəyib. İqtisadi maraqlar baxımından da bu, faydalı addımdır”.

Siyasi ekspert, tanınmış jurnalist Azər Həsrət "Şərq”ə deyib ki, Türkiyə Qarabağ dərdini öz dərdi kimi qəbul edən və buna uyğun davranan bir dövlətdir: 

"Ona görə də türkiyəli səfirin belə bir təşəbbüsü dilə gətirməsi təbii və anlaşılandır. Düşünürəm ki, bu fikir erməniləri də maraqlandırmalıdır. Çünki torpaqlar azad edildikdən sonra sadəcə Azərbaycanın özü deyil, onunla yanaşı, Türkiyə də çiynini yükün altına verəcək və qısa bir müddətə o torpaqlarda həyat normal axara dönəcək. Yəni bizim didərgin vətəndaşlarımızla yanaşı, Azərbaycan qanunlarına və dövlətinə sədaqət nümayiş etdirən yerli ermənilər də normal və firavan yaşaya biləcəklər. Əlbəttə, Azərbaycan bütün bunları öz gücünə də edə bilər. Lakin Türkiyənin bu prosesə qoşulmaq istəməsi də yerinə düşür və bizi sevindirir”.

İsmayıl