Fəzail İbrahimli: “Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyə çalışan və buna nail olan qüvvələr mövcuddur”
"Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb”. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. N.İbrahimov bildirib ki, sentyabrda bununla bağlı məhkəmənin müvafiq qərarını gözləmək lazımdır: "Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar.
ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür. Hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər. İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək.
Hər hansı neqativ qərar olarsa, fikrimizi bildirəcəyik”. İctimaiyyət nümayəndələrinin bir qismi ümid edir ki, məhkəmənin son qərarı ədalətli olacaq və milyonları narazı salacaq addım atılmayacaq. Əksini düşünənlər isə vurğulayırlar ki, ÜAK məsələsi artıq bitib. Ona görə də yeni təşkilatlanma prosesinə başlamaq, Moskva ilə mənasız düşmənçilik etməmək lazımdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib ki, problem ilk dəfə məhkəməyə çıxanda hər kəs ümid edirdi ki, Rusiya azərbaycanlıları narazı salan qərar çıxartmayacaq. Bir müddət sonra ümidlərimiz puç çıxdı:
"İkinci məhkəmə prosesində nisbətən nikbin düşündük ki, bəlkə Moskva rəsmi Bakını daha çox qıcıqlandırmayacaq. Lakin o da olmadı. Məncə, bu məsələ artıq bitib. Nəzərə almaq lazımdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi yaradılana qədər Rusiya ilə Azərbaycan arasında əlaqələr kifayət qədər normal idi. Xalqlar arasında münasibətlər möhkəmlənmişdi. ÜAK mövcud olan münasibətlərə təşkilati forma verdi, əlaqələrdə çoxşaxəlilik yaratdı. Eyni zamanda Rusiyadakı azərbaycanlıların səfərbər edilməsinə yardım etdi.
Lakin məsələyə qətiyyən elə formada yanaşmaq olmaz ki, "Konqresə qədər iki dövlət və millət arasında yüksək münasibətlər olmayıb və yaxud təşkilat ləğv ediləndən sonra əlaqələr kəsiləcək”. Prosesə başqa siyasi müstəvidə baxmaq lazımdır. İlk növbədə ÜAK-ın niyə ləğv olunduğu dəqiq araşdırılmalıdır? Konqresin ləğvində maraqlı olan qüvvələrin kimliyi ortaya çıxarılmalıdır. Bilirsiz, "Qurd quzunu yemək istəyəndə suyun bulanıqlığı həlledici rol oynamır”. Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyə çalışan və buna nail olan qüvvələr mövcuddur. Onların arasında erməni lobbisi, xristian təfəkküründə olan məkirli qruplar və pula xidmət edən nökərlər var”.
Deputat vurğulayıb ki, "təsir əks təsirə bərabərdir” prinsipi ilə hərəkət etməklə yanaşı, millətlərarası münasibətlərin tamamilə zədələnməsinə qarşı çıxmaq lazımdır:
"ÜAK-ın ləğvinə çalışan qüvvələrin ən böyük məqsədi iki dövlət və xalq arasında uçurum yaratmaq, tərəfləri biri-birinə düşmən etməkdir. Düşmənin işinə yarayan açıqlamalardan və siyasətdən uzaq durmalıyıq. Lakin oturub gözləməməliyik. "Allahdan buyruq, ağzıma quyruq” düşüncəsi ilə iş görmək olmaz. Yeni təşkilatlanma forması düşünməliyik. Konqresdən daha güclü, daha qətiyyətli və boşluqları doldura biləcək təşkilat yaratmalıyıq”.
İsmayıl