Üç gün qaldı

Türkiyədə güclü müxalifət ortaya çıxdı
Son 16 ildə AKP-nin dayaqları xeyli zəiflədi




Türkiyədə 24 iyun prezident seçkilərinə sayılı günlər qalıb. Bu səbəbdən namizədlərin gərgin mübarizəsi aydın görünür. Seçkilər və namizədlərlə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bir qisim hakim AKP və MHP-nin namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şansının daha çox olduğunu, digər qisim isə seçkinin ikinci tura qalacağını, CHP-nin irəli sürdüyü namizəd Məhərrəm İncənin kifayət qədər ciddi səs toplayacağını deyir. İYİ partiyanın rəhbəri Meral Akşenerin isə populyarlığının az olduğu deyilir. Seçki günü yaxınlaşdıqca namizədlər arasında rəqabət daha qızışmaqdadır. Anket sorğuları keçirən şirkətlər isə öz siyasi yanaşma və iqtisadi maraqları etibarı ilə mümkün olduğu qədər ictimaiyyətə açıqlanan nəticələri manipulyasiya etməyə çalışırlar. Ekspertlərə görə, hər halda seçkinin nəticələri ilə bağlı qeyri-müəyyənlik davam edir. Çünki Türkiyə tarixinin ən əhəmiyyətli və sürprizlərə hazır olan seçkisi məhz 24 iyun seçkisi olacaq. Bu mənada keçirilən sorğuların nəticələri də o qədər dəqiq deyil.

"50 gündə 107 mitinq rekorddur”

CHP-nin namizədi, 48 günlük seçki marafonunda ümumilikdə 102 mitinq keçirən Məhərrəm İncə son günə qədər insanlarla görüşəcəyini söyləyib: "İzmir və Ankarada möhtəşəm mitinqimiz olacaq. Daha sonra isə İstanbul mitinqi ilə prosesə yekun vuracağıq. 50 gündə 107 mitinq keçirəcəyik. Hər halda rekord qırdıq”. İncə prezident seçiləcəyi təqdirdə Meral Akşener və Temel Karamollaoğluna müavinlik təklifi edəcəyini deyib: "Mənə təklif gələrsə, qəbul edərəm. Mən qalib olarsam, onlara müavinlik təklif edəcəm. İqtisadi məsələlərdə birlikdə işləməyi düşünürəm. 30 ildir siyasətdəyəm, ilk dəfə bu qədər fərqli kampaniya keçirirəm. Mənim mitinqlərimə Ərdoğanın mitinqlərindən daha çox adam qatılır. Dünya mediasında manşetə daşınmışıq. 100 ölkənin səfiri və KİV-ləri mənimlə görüşmək niyyətindədir. Türk mediası isə sinifdə qalıb.

"İndiki rejimlə barəbər əvvəlki sistemi də bəyənmirəm”

Məhərrəm İncə siyasətdə keçmişə dönmək fikrinin olmadığını deyib: "Bir məsələni bəyan edim ki, mən indiki rejimi qəbul etmirəm. Amma əvvəlki idarəetməni də tanımıram. Parlament sistemi də doğru deyildi. Biz keçmişə qayıtmayacağıq. Televiziyalar mənim mitinqimi kəsib baş nazir Binali Yıldırımı efirə verirlər. Axı o kimdir? Adi bir millət vəkili. Mən isə prezidentliyə namizədəm. Hakimiyyətim dövründə ən rahat insanlar mətbuat işçiləri olacaq. Mən Ərdoğanla televiziyalarda debata çıxmaq istəyirəm. Qoy 80 milyon bizi izləsin. Kimin haqlı olduğunu görsün, kimə səs vermək isrəyirlərsə versinlər. Mən seçilən kimi Avropa səfərinə çıxacam, paytaxtları gəzəcəm. Avropa bizi sevməsə də, atmağımız zəruri olan addımlar var”.

"Terrorçu Demirtaşa azadlıq tələb etmək nə deməkdir?”

Baş nazirin müavini Bekir Bozdağ CHP-nin prezidentliyə namizədi Məhərrəm İncəni tənqid edib. Bozdağ bildirib ki, İncə mitinq meydanlarında islam dinini, namazı, orucu sevdiyini deyir: "Əlbəttə, bunlar çox gözəldir. Məhərrəm bəyin milli-mənəvi dəyərlərə üstünlük verməsi müsbət haldır. Ancaq yaxşı olar ki, seçkidə uduzduqdan sonra da mənəvi dəyərlərə olan münasibəti dəyişməsin. Beləcə də qalsın. Bu, onun səmimiyyətini göstərər. Sadəcə seçki xatirinə dindar olduğunu söyləməsi absurddur. Hər fürsətdə PKK-nın siyasi qolu olan Selahaddin Demirtaşı müdafiə etməsi, ona səs istəməsi qəbuledilməzdir. Terrorçuya azadlıq istəmək nə deməkdir? CHP-lilərə çağırış edərək deyir ki, "hər ailədən bir nəfər HDP-yə səs versin”. İllərdir Türkiyəni qana boyayan bir zehniyyətə dəstək olmaq nə Atatürkün, nə də İsmət İnönünün CHP-si deyil”.

"HDP-nin parlamentə düşməsinə və müxalifətin ikinci turda Ərdoğana qalib gəlməsinə çalışın”

PKK-nın Qəndil başçısı Murad Qarayılan müxalifətə dəstək verib. O deyib ki, HDP-nin parlamentə düşməsinə və müxalifətin ikinci turda Ərdoğana qalib gəlməsinə çalışmaq lazımdır: "Kürd təşkilatları müxalifət ətrafında birləşməli, Ərdoğana qalib gəlməlidir. Seçkiyə çox az qalıb. Son günlər çox əhəmiyyətlidir. Hər kəs həssas olmalı və seçki qutularına sahib çıxmalıdır. İstərdik ki, bütün kürd partiyaları HDP və onu dəstəkləyənlərlə ittifaq qursun. Əgər HDP parlamentə girərsə, həm Məclisdə müxalifət güclü olar, həm də prezident seçkilərində ikinci turda müxalifətin qazanmasını təmin edər”.

Perinçekdən Millət İttifaqına çağırış: "Demirtaşı qəbul etməyəcəyik”

Türkiyədə prezidentliyə namizəd, Vətən Partiyasının lideri Doğu Perinçek Məhərrəm İncə, Meral Akşener və Temel Karamollaoğluna çağırış edib. Perinçek deyib ki, əgər seçkidə "Millət İttifaqı” qalib gələrsə, HDP-nin yer aldığı hökumətdə yer almayacaqlar: "Terrorçu Selahaddin Demirtaşın prezident köməkçisi olmasına qətiyyən razı olmarıq. Biz onu prezident köməkçisi kimi qəbul edə bilmərik”.

"Seçkilərdə Türkiyədə güclü müxalifət ortaya çıxdı”

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyədə 24 iyunda növbədənkənar seçkilərdə Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi şübhəsizdir. Amma bu seçkilərdə Türkiyədə güclü müxalifət ortaya çıxdı və son 16 ildə AKP-nin dayaqlarını xeyli zəiflətdi:

"Çoxları fərqli düşünür, lakin hesab edirəm ki, İYİ partiya sədri Meral Akşener bu seşkilərdən sonra, Türkiyə siyasi müxalifətinin əsas fiquru olacaq. CHP-nin namizədi Müəmmər İncə partiya daxilində güclənsə də, ölkənin siyasi müxalifətində seçkidən sonra önəmli rolu olmayacaq. Yalnız CHP başqanı seçilərsə, müəyyən siyasi nailiyyətlər əldə edə bilər. Qeyd edim ki, Ərdoğan növbəti illər ərzində Qərbin ciddi təzyiqləri ilə üzləşə bilər. Çünki onun müstəqil siyasəti Qərblə konfontrasiyaya gedəcəyini gücləndirir. Bu baxımdan ona qarşı yenidən güclü planların olacağı istisna deyil. Məncə, AKP parlamentdəki yerlərin sayını əvvəlki illərdən fərqli olaraq itirəcək. MHP lideri Dövlət Baxçalıya gəldikdə isə, onun siyasi qürubu yaxınlaşır. Türkiyə siyasətində iki isim önə çıxır - Meral Akşener və Məhərrəm İncə”.

İsmayıl