"Ünvanlı sosial yardıma dair meyarların müəyyənləşdirilməsinə ehtiyac var"







"Sosial yardımların verilməsində ən vacib problem şəffaflığın təmin olunmamasıdır”.

Bunu "Sherg.az”a sosial yardımların verilməsində tətbiq edilən şərtlərin ağırlığından danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov söyləyib. 

Onun fikrincə, sosial yardımlar şəffaf paylanmadıqda əlçatanlığı azalır:

"Sosial yardımlarla bağlı müraciətlərin elektronlaşması yaxşı haldır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardıma ehtiyacı olanların əksəriyyəti təhsilli deyil. Onların müraciət, lazım olan sənədlərin əldə olunması məsələsində də istiqamətləndirilməsi lazımdır. 

Elektron müraciət sisteminin daha da təkmilləşdirilməsi, insanların bununla bağlı məlumatlandırılması müraciətlərin sayını artıra bilər.

Digər tərəfdən, ünvanlı sosial yardımın özünün meyarlarının müəyyənləşdirilməsinə ehtiyac var. İlkin olaraq, vətəndaşın gəlirlilik səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı meyarlara yenidən baxılmalıdır. Bu tələbin ciddi şəkildə asanlaşdırılması vacibdir. Nəticədə vətəndaşların ünvanlı sosial yardımdan istifadə edilməsi asanlaşar”.

Qeyd edək ki, Sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.

Aysel Aslan