Ürək transplantasiyası hələlik arzudur

Adil Qeybulla: “Donorun daimiliyini təmin eləmək və respublika üzrə bir şəbəkə yaratmağı bu gün təsəvvür eləmirəm”



"Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi yaxın zamanda mümkün olacaq”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanov bildirib.

Görkəmli alimin sözlərinə görə, bu istiqamətdə müvafiq işlər aparılır: "15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq ölkəmizdə qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası mümkündür”. Ancaq Ə.Əmiraslanovun bu nikbin açıqlamasına fərqli yanaşmalar da var. Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bu prosesin hələlik mümkün olmayacağını hesab edir. Professorun sözlərinə görə, ürək transplantasiyasının sistem şəklində şəbəkəsinin qurulması sadəcə bir arzudur: "Ürək elə bir orqandır ki, donor olan şəxsin ürəyi kifayət qədər sağlam olmalıdır və beyni ölmüş olarsa belə, bu prosesin yerinə yetirilməsi mümkündür. Bu da əsasən qəza və digər travma keçirən gənc insanlara aiddir. Əsas məsələ isə budur ki, ürək hardan tapılacaq və bu köçürmə necə təmin olacaq? Ola bilər, bir-iki epizod olsun, amma bunu sistem şəklinə salmaq, donorun daimiliyini
təmin eləmək və respublika üzrə bir şəbəkə yaratmağı bu gün təsəvvür eləmirəm. Bu məsələ sadəcə olaraq deyilir və bir arzudur. Bu bir epizod kimi xəstəxanada istifadə edilə bilər. Lakin bunun sistem şəklində təşkili üçün birinci növbədə "Donor haqqında” Qanun layihəsi qəbul olunmalıdı. Bu layihəyə uyğun Azərbaycanda bütün donorlara aid sistemlərin təşkili həyata keçirilməlidi. Bundan sonra bu məsələdən danışmaq olar. Çünki ürək çatışmazlığı və digər ürək problemləri olan xeyli xəstələr var. Bütün bu xəstələr göz qabağındadı. Mən hələ ki, müəyyən donorlar görmürəm”.

Yeganə Bayramova