Həkimlər hesab edir ki, qanun gücünə, qadağalarla problemi həll etmək mümkün deyil
Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması qadağan olunur. Millət vəkilləri demoqrafik pozuntunun qarşısını almaq üçün belə bir qadağaya getmək məcburiyyətində qaldıqlarını deyirlər. Onların qənaətincə, qız uşaqlarının doğulmamış məhv edilməsi qarşıdakı illərdə Azərbaycan ailəsinin qurulmasında kəskin problem yaradacaq.
Artıq indidən oğlan uşaqlarının qız uşaqlarının sayını üstələdiyi dəqiqləşib. Belə çıxır ki, sabah-birigün oğlanlarımız evlənməyə Azərbaycan qızı tapmayacaq, istər-istəməz başqa millətlərin nümayəndələri ilə ailə quracaqlar. Bu isə genefondumuz üçün arzuolunan hesab olunmur. Bu, yeni hazırlanan "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir.
Radioloq-ultrasəs müayinə həkimi Aynurə Muradovanın sözlərinə görə, qanunla qadağan olunmasa da, günü bu gün də bəzi həkimlər arasında qorxu var. Onlar uşağın cinsiyyətini valideyndən gizlədirlər:"Ancaq mən buna normal yanaşmıram. Təbii ki, qanunla qadağa olsa, məcburən susmalı olacam. Hazırda isə heç bir qanuni sənəd yoxdur deyə arzu edən valideynlərə övladının cinsiyyətini açıq şəkildə deyirəm. Rusiyanın bəzi şəhərlərində də bu cür qadağalar var. Buna oradan gələn pasiyentlərimlə söhbət zamanı şahid olmuşam.
Əgər bu qadağalar qüvvədə olsa, dövlətin tələblərinə əməl etmək borcumdur. Sizə onu da deyim ki, UZİ həkimləri valideynlərin uşağın cinsiyyəti ilə hansı məqsədlə maraqlandığını bilir. Biz valideynlərə uşağın cinsini deyən zaman onların gözlərindəki sevinci hiss edirik, xüsusən də ilk hamiləlikdə. Onların bu sevinci bizim üçün də stimuldur.
Niyə də, deməyək? Yenə deyirəm, qanun qəbul olunsa, mən də valideynlərin müraciətlərini cavabsız qoymalı olacam. Ancaq şəxsi düşüncəmdə belə bir qadağaya ehtiyac görmürəm. Ya da bir radioloq olaraq təklif edirəm, bəlli bir müddət təyin etsinlər ki, ancaq bu qədərlik dölün cinsini demək olar. Onsuz da böyük döllərin abortu ilə bağlı qadağa olduğu üçün artıq ginekoloqlar bu cür əməliyyatlardan boyun qaçırırlar.
Ananın həyatını itirmək təhlükəsi olduğu üçün həkimlər öz karyeralarını riskə atmaq istəmirlər. Abort mərhələsini keçdikdən, yəni 5-6 aydan sonra dölün cinsiyyətinin valideynlərə deyilməsinin demoqrafik problem yaradacağını güman etmirəm. Yaxşı olar ki, ginekoloqlara xüsusi göstəriş verilsin ki, sağlam dölü abort etmək qadağandır. Bütünlükdə USM müayinəsi zamanı cinsiyyətin müəyyən edilməsini məhdudlaşdırmağa ehtiyac görmürəm”.
Radioloq deyib ki, uşağın cinsiyyətini öyrəndikdən sonra abort niyyətində olan valideynləri mümkün qədər bu fikrindən daşındırmağa çalışırlar, amma sözsüz ki, son qərar onların özlərinə aiddir:
"Praktikamda belə bir hadisə olub. Dopler müayinəsi zamanı dölün üzü görünmədi. İki dənə burun dəliklərindən başqa heç bir orqan yox idi. Ən pisi də odur ki, uşağın dünyaya gəlməsinə cəmi 2 ay qalmışdı. Mən bu barədə valideynləri məlumatlandırdım və protokolda rəyimi qeyd elədim. Həmin uşağın tələf edilib-edilməməsi isə valideynlə ginekoloqun biləcəyi bir iş idi. Bizim abort göstərişi vermək səlahiyyətimiz olmadığı kimi valideynlərdən bunun əksini də tələb edə bilmirik”.
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı da problemin qanun gücünə, qadağalar vasitəsilə tam həllinin mümkün olmayacağı qənaətindədir. Onun sözlərinə görə, qanunun cüzi təsiri ola bilər: "Əvvəla, onu deyim ki, tez-tez USM müayinəsindən keçmək, xüsusilə də hamiləliyin ilk dövründə, insan sağlamlığı üçün də, döl üçün də ziyanlıdır. Nə qədər az olsa da, yenə də şüadır və bu da təbii ki, zərərlidir. İkincisi, uşağın cinsini bilmək hər bir qadının haqqıdır. Bu hüququ onun əlindən almaq olmaz. Əvvəlcədən müəyyənləşdirməyi rəsmi qadağan edəcəklər, digər tərəfdən qadın bir həkim tapıb soruşacaq. Onda gərək hər USM aparatının yanında bir nəfər nəzarətçi olsun, daim nəzarət etsin ki, kim bura nəyə gəlib. Bu, faktiki baxımdan mümkün deyil. Hansı üsulla bunun qarşısını almağa çalışsalar da, yenə kənardan sızmalar olacaq”.
Tibb ekspertinin sözlərinə görə, uşağın cinsə görə məhv edilməsi hər bir ailənin mənəvi, etik, əxlaqi, dini dəyərlərindən asılıdır. Yüksək intellektə, mənəvi-əxlaqi, dini dəyərlərə malik ailələr buna getməz. İnsan dərk etməlidir ki, övlad Allahın töhfəsidir. Onu məhv etməklə, insan Yaradana qarşı çıxır. Burada, dölün inkişaf qüsurları, problemli hamiləlik, uşağın, Allah eləməmiş, dünyaya şikəst gəlmə ehtimalı, əlbəttə, istisnadır. Bu da ayrıca bir mövzudur. Söhbət oğlum var deyə, qız, qızım var deyə oğlan istəyirəm yanaşmasından gedir.
Ümumiyyətlə, psixikası normal insanlar buna getməz. Dölün məhv edilməsində təkcə valideynlər günahkar deyil, burada ən böyük günah bu işi həyata keçirən həkimlərin üzərinə düşür. Sadəcə, bu kimi məsələlərdə maarifləndirməni önə çəkmək lazımdır.
Qadınlar hamiləliklə bağlı maarifləndirilməlidir. Arzuolunmaz hamiləliyin qarşısının alınması onlara başa salınmalıdır. Bəli, demoqrafik problem mövcuddur. Amma bunun qarşısını ancaq qadağalarla almaq çıxış yolu deyil. Bu məsələdə qanunun müəyyən qədər təsiri olacaq.
Yenə də əsas ağırlıq maarifləndirmə işlərinin üzərinə düşməlidir. Əks halda həqiqətən də 10-15 ildən sonra demoqrafik partlayışla üz-üzə qalacağıq. Bunun qarşısı indidən alınmasa, 10-15 ildən sonra boşluq yaranacaq.
Demoqrafik krizis yaşayacağıq. 5 il öncə anadan olan oğlan uşaqları 15 il sonra evlənmək istəyəndə başqa millətlərin nümayəndələri ilə ailə qurmaq məcburiyyətində qalacaqlar. O zaman da etnik problemlər ortaya çıxacaq. Bizi qarşıda gözləyə biləcək krizin qarşısını indidən almaq üçün orta məktəblərdən başlayaraq ali təhsil müəssisələrində də maarifləndirmə işləri aparılmalıdır. Ailələrlə söhbətlər aparılmalı, ağsaqqalları işə cəlb etmək lazımdır.
Bu problemin həlli təkcə bir komitənin, bir qurumun öhdəsinə verilməməlidir, ictimaiyyət olaraq biz hamımız bu işdə iştirak etməliyik. USM aparatları vasitəsilə dölün cinsinin müəyyənləşdirilməsini qadağan etməkdənsə, bunu daha məqsədəuyğun hesab edirəm”.
Şəymən