Uşağın əmələ gəlməsi ilə iş bitmir

Süni mayalanma bəzən ananın bir sıra orqanlarına ciddi zərər vura bilər


"Süni mayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə
nəzərə almalıdır ki, uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır”.

Bu sözləri respublikanın baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, süni mayalanma
gerçəkləşdirən bəzi mütəxəssislər özünü sığortalamaq üçün bir neçə mayalanmış yumurtanı
uşaqlığın selikli qişasına inplantasiya edir: "Mütəxəssis hamiləliyin baştutma reallığının yüksək
olması və aldığı pulu sonradan geri qaytarmaq məcburiyyətində olmasın deyə bunu edir. Ancaq sünimayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə nəzərə
almalıdır ki, uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır. Çünki bundan çox olmaz”.
Baş pediatr həmçinin bildirib ki, çoxdöllü hamiləlik olarsa, doğuş ən yüksək səviyyəli yardım
müəssisəsində həll olunmalıdır: "Çünki bu, çox risklidir. Uşaq həkimləri olaraq süni mayalanma
zamanı hamiləliyin ya tək, ya da əkiz olmasının tərəfdarıyıq. Əgər ana süni mayalanma zamanı
beşəm dünyaya gətirəcəksə, burada ilk gündən risk faktoru meydana çıxır. Və hamiləliyin ilk
həftəsində döllənmiş embrionların hamısı inkişaf etməyə başlayan andan mütləq tədbir görülməlidir.
Bunu etmədikdə nəticə ürəkaçan olmur. Süni mayalanma ilə doğulan uşaqların sağlamlıq
problemləri və onlarla olan risk faktorları digər uşaqlara baxdıqda daha yüksək olur. Yəqin ki, bu
məsələ zaman keçdikcə daha təkmilləşdiriləcək”.

Həkim Şəmsiyyə Namazlı məsələ ilə bağlı bir çox Avropa ölkələrində parlament səviyyəsində
qanunların qəbul edildiyini söyləyib. O bildirib ki, çoxdöllü hamilələyin olması bəzən ananın bir
sıra orqanlarına ciddi zərər vura bilər: "Süni mayalanma zamanı bir neçə ciddi faktorlar meydana
gəlir. Bu məsələ ciddi bioloji, sosial və müəyyən milli-etik tərəflərin olduğu çoxşaxəli bir
problemdi. Proses mayalanmanın baş verməsi və uşağın əmələ gəlməsi ilə bitmir. Burda hər bir
ölkənin öz baxış bucaqları var. Professorun fikirləri ilə razılaşıram. Qadın orqanizminə müəyyən
qədər yükün düşməsi digər orqanların fəaliyyətində çətinlik yaradır. Bir var ki, 2 uşaqla hamiləliyin
başa çatdırılması, bir də var daha çox uşağın dünyaya gəlməsi. Bu proses qaraciyər, mədəaltı vəz və
digər orqanların fəaliyyətinə mənfi təsir göstərə bilər. Həmçinin qadınlarda müxtəlif xəstəliklərin
yaranmasına, bir çox xəstəliklərin daha da fəsadlaşmasına və üzə çıxmasına gətirib çıxarır. Bəzən
isə ananın özü bu prosesi başa çatdıra bilmir və döl digər anaya köçürülür. Bütün bunlar çoxşaxəli
və geniş bir prosesdir. Bir çox ölkələr bu məsələ ilə bağlı qanunlar qəbul edib. Süni mayalanma
müəyyən dövlət strukturları və Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınır, bütün orqanların tam
sağlamlığı müəyyən olunur. Bildiyim qədər bu məsələ bizdə də ciddi müzakirə olunub, amma hələ
qanunların qəbul olunması mövcud deyil”.

Yeganə Bayramova