Uşaq mağazaya ziyan vurdu, ana dəyən zərəri ödədi

Eyyub Hüseynov: “Sonradan öyrəndim ki, “COCO” mağazası istehlakçının ödədiyi məbləği geri qaytarıb”





"COCO” mağazasının müdiri Tural Xankişiyev mağazada müştərinin 4 yaşlı övladının zərər vurduğu broşa görə 45 manat ödəməsinə münasibət bildirib. Mağaza müdiri Azad İstehlakçılar Birliyi tərəfindən yayılan xəbərin əksinə olaraq istehlakçı xanımı günahlandırıb. Onun sözlərinə görə, istehlakçı mağazada olduğu zaman yanındakı uşaq dəcəllik edib, əşyalara toxunub: "Dəfələrlə xanıma bu barədə xəbərdarlıq etdik. Lakin xanım dediyimiz heç nəyə əhəmiyyət vermədi. Bizim əmlakımıza, malımıza zərər dəyib. Onu bir başqa müştəriyə sata bilməzdik axı?”

Mağaza müdirinin sözlərinə görə, onlar bu məqamda tam qanunla hərəkət edib, məhsula vurulan zərəri buna səbəb olan şəxsə ödədiblər: 

"Bizim xəbərdarlıqlara baxmayaraq, xanım bildirirdi ki, mən müştəriyəm, siz uşağı sakitləşdirməlisiniz. Bir az sonra uşaq mağazadakı manikeni aşırdı və 45 manatlıq broşun üzərindəki qaşlardan bir neçəsinin tökülməsinə səbəb oldu. Biz xanıma xəbərdarlıq etdiyimizə görə bildirdik ki, qaşlarının tökülməsinə sizin uşağınız səbəb olduğu üçün broşu almalısınız. Etiraz etdi. Lakin biz ona əvvəlcədən xəbərdarlıq etmişdik ki, uşağa nəzarət etsin. Biz ona dövlətin qanunlarını da göstərdik ki, hüquqi və ya fiziki şəxsin əmlakına vurulan zərərin əvəzini zərərvuran tam həcmdə ödəməlidir. Lakin xanım buna da əhəmiyyət vermək istəmirdi. Son nəticə olaraq o, pulu verdi, lakin növbəti gün atası ilə mağazaya gəlib satıcımızı təhqir etdi”.

T.Xankişiyev bildirib ki, olanlar hamısı mağazanın təhlükəsizlik kamerasına düşüb: 

"Bizdə bütün bunları sübut edəcək videogörüntülər də var. Hazırda bunu yaymağımız düzgün deyil. Azad İstehlakçılar İctimai Birliyi bizim hüquqlarımızı da qorumalıdır. Burada zərər görən də, şikayət edilən də bizik. Mağazamızın təhqir edilən əməkdaşının hüquqlarını kim qoruyacaq? Eyyub Hüseynov sahibkarlara dəstək olmalı, hüquqlarını qorumalıdır. Prezident İlham Əliyev də çıxışlarında sahibkarlara güzəştlər edilməsini dəfələrlə bildirib. Biz heç kəsi mal almağa məcbur etməmişik. Burada haqqı pozulan bizim mağazadır. Ancaq müştəri oğlunun etdiyi dəcəllik səbəbindən qaşlarını düşürdüyü broşa görə bizi günahlandırır”.

"COCO” mağazası rəsmi feysbuk hesabından da məlumat yayıb. Məlumatda bildirilib ki, onlar zərərçəkən tərəf olsalar da, şikayətçi xanımın pulunu geri qaytarmağa hazırdırlar: "Hörmətli L.Qazıbəyova və onun ailəsi, gəlib 45 AZN-i götürə bilərsiniz. Üstəlik, nalayiq sözləriniz və böhtana görə də əlavə 54 AZN də verə bilərik”.

"Şərq” qəzeti olaraq AİB sədri Eyyub Hüseynovla yenidən əlaqə saxlayıb, mövqeyini öyrəndik.
AİB sədri deyib ki, ona ünvanlanan şikayət ərizəsində nə xanıma edilən xəbərdarlıq, nə də mağaza əməkdaşının təhqir olunması kimi qeydlər öz əksini tapıb: 

"Sözsüz ki, istənilən istehlakçı mağazadakı hansısa bir əşyaya bilərəkdən və ya bilməyərəkdən ziyan vurursa, onun pulunu ödəməli və kassa çekini tələb etməlidir. Mən açıqlamamda onu qeyd etmişəm ki, istehlakçıdan qırılan sancağın dəyərindən 10 qat artıq qiymət tələb olunub və çek ödənilməyib, istehlakçı ilə dialoqa getməyiblər. Həm də ki bizim əsas narazılığımız odur ki, sancaq heç qırılmayıb. Bəzək üçün üstünə verilən 2 qaşı düşüb, onu da yapışdırmaq olar. Heç bütünlükdə zərər ödənilsə belə, o sancağın 5 manatdan artıq dəyəri yoxdur”.

İstehlakçının mağaza əməkdaşını təhqir etməsinə gəldikdə isə E.Hüseynov bunun yolverilməz olduğunu deyib. Birliyə daxil olan bütün şikayətləri danışıqlar yolu ilə həll etdiyini vurğulayan E.Hüseynov sözügedən tərəfləri də razılığa gətirmək üçün müəyyən cəhdlər edib. "COCO” mağazası ilə əlaqə saxladım və Tural adlı bir şəxslə əlaqə yaratdım. İstehlakçı xanımın atası da yanımda idi. Həmin oğlan mənimlə çox nəzakətlə danışdı və dedi ki, sizin xətrinizə məmnuniyyətlə ödənilən məbləği geri qaytarardım, ancaq o xanım bizi burada kobud şəkildə təhqir edib. 

Bu baxımdan tərəflər arasında kompramis alınmadı. Mən hər iki tərəfin hüquqlarının qorunmasının tərəfdarıyam. Ancaq şikayətdə qeyd olunmadığı üçün mənim bilmədiyim məsələlər olub. Mənə Günel adlı bir xanım da zəng vurub, məni günahlandırdı. Mən də qeyd etdim ki, sizin iddia etdiyiniz məsələlər şikayətçi ərizəsində yazılmadığı üçün istehlakçının mövqeyini müdafiə etmişəm. Həm də nəzərinizə çatdırım ki, istehlakçıların hüquqlarını təmənnasız qoruduğum üçün heç bir marağım yoxdur ki, məsələni Avropa Məhkəməsinə qədər uzadım.

Mənə lazımdır ki, tərəfləri danışıqlar yolu ilə barışdırım. Telefon danışığımız zamanı Tural razılaşmasa da, sonradan öyrəndim ki, "COCO” mağazası istehlakçının ödədiyi məbləği geri qaytarıb. AİB sədri olaraq onların bu addımını təqdirəlayiq hesab edirəm”.

AİB sədri deyib ki, adətən bu cür müraciətlər olanda məsələ ilə bağlı dövlət orqanlarını da məlumatlandırır: "Ancaq bu dəfə məktubu yazmış olsam da, aidiyyəti qurumlara göndərmədim. Tural mənimlə normal danışdığı və hadisəni olduğu kimi izah etdiyi üçün belə bir prosesə ehtiyac görmədim”.

Şəymən