Uşaq ölümlərinin sayı niyə artıb? - SƏBƏBLƏR SADALANIR




"Azərbaycanda körpə ölümlərinin əsas səbəblərindən biri sosial-iqtisadi çətinliklərdir”.

Bu sözləri Sherg.az-a Azərbaycanda hər il 1700 körpənin ölməsinə münasibət bildirərkən, Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov deyib. 

Onun sözlərinə görə, körpə ölümlərinin artmasının müxtəlif səbəbləri var: 

"Uşaq ölümlərinin artması səbəblərinə yaranan sosial-iqtisadi çətinliklər də daxildir. Sosial vəziyyətin aşağı düşməsi insanların sağlamlığına diqqət etməsinə, vaxtlı- vaxtında həkimə müraciət edə bilməsinə da sözsüz təsir göstərir. Xəstəxanalarda hökm sürən korrupsiya faktları da danılmazdır. İnsanlar bəzən olur ki, imkansızlıqdan övladlarını, körpə uşaqlarını vaxtlı-vaxtında həkimə apara bilmirlər. Azyaşlıların isə səhhətinə ciddi yanaşmaq lazım olduğuna görə, imkansızlıq ucbatından müxtəlif xəstəliklərin yaranması artır. Ailələr bu səbəbdən xəstəlikdən əziyyət çəkən uşaqları xəstəxanaya yerləşdirməyə, davamlı müayinələrdən keçirtməyə, zəruri olduqda cərrahiyə əməliyyatına yatıra bilmirlər. Nəticədə sosial vəziyyətin zəifliyi uşaq ölümlərinin artmasına gətirib çıxarır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-nün vəfat etdiyini deyib.

Aysel Aslan