Uşaqlarla həkimlərin təması niyə alınmır?

Vaqif Qarayev: “Çünki valideynlər körpələri lap kiçik yaşlarından həkimlə qorxudurlar”
“Bəzən mən məsuliyyətsiz, əyalət düşüncəli analar görürəm. Baxırsan, gənc qadındır, gözəl geyinib, uşağı həkimə gətirib, özü oturub telefonda yazışır. Uşağı bütünlüklə həkimə yükləyib, özü isə kənarda qalıb


Türkiyənin Bursa şəhərində 8 yaşlı qıza diş həkimi fiziki zor tətbiq edib. Verilən xəbərdə qeyd edilir ki, 8 yaşlı süd dişi ağrısından əziyyət çəkən İrəmi anası diş həkiminə aparıb. Həkim qızı kabinetə çağırıb, ana isə dəhlizdə gözləməli olub. Bir qədər sonra uşaq ağlaya-ağlaya içəridən çıxıb. Ana görüb ki, uşağın yanağında, ağzının kənarında qızartılar var, gözünün altı qaralıb, qolunda da sıxılma olduğunu bildirən qızartı əmələ gəlib. Uşaq şikayətlənərək ağzını açmadığı üçün həkimin diş çəkən alətlə üzünə vurduğunu, qolundan tutub kreslodan yerə atdığını deyib. Ana polisə şikayət edib, həkim istintaq altına alınıb.

Uşaqların həkimlərdən qorxduğu, həkimə getməkdən imtina etdikləri məlumdur. Məsələ diş
ağrısıdırsa, vəziyyət daha da qəlizləşir. Yaşlı-başlı adamların diş çəkdirməkdən qorxduqları bir
halda, kiçik yaşlıların diş həkiminə hansı təpkini göstərə biləcəklərini təsəvvür etmək çətin deyil və
çoxumuz ailədə, qohum-əqrəbada eyni vəziyyətin dəfələrlə yaşandığından xəbərdarıq. Bizim uşaqlar
üçün həkim sanki "xortdandı”. Uşaqları həmişə həkimlə hədələyirlər.Lakin Bursada baş vermiş olay ortaya bəzi suallar da çıxarır. Birincisi, uşaq niyə həkimin kabinetinə
tək, anasız daxil olub. İkincisi, həkim uşağın müqaviməti ilə qarşılaşdıqda, necə hərəkət etməlidir?

Məsələyə münasibət bildirən pediatr Vaqif Qarayev "Şərq”ə açıqlamasında həkimlərin çox çətin və məsuliyyətli vəzifə daşıdıqlarını dedi:

- Həkim peşəsi çox çətindir, uşaq həkimi - pediatrın işi isə lap çətindir. Pediatr uşaqlarla işlədiyi
üçün təkcə həkim deyil, pedaqoq, psixoloq olmalıdır. Uşaq psixologiyasına bələd həkimlər işlərində
müvəffəqiyyət qazanırlar. Bu, bütün dünyada belədir. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizim
valideynlər körpələri lap kiçik yaşlarından həkimlə qorxudurlar. "Yeməyini ye, yoxsa həkim
gələcək”, "həkimi çağırım, iynə vursun?!”, kimi qorxuducu ifadələri demək olar əksər analar işlədir.
Artıq uşaqda həkimlərə qarşı qorxu və nifrət yaranır. Uşağın hafizəsində həkim adamı incidən,
işgəncə verən birisi şəklini alır. Uşaq poliklinikanın qapısından içəri daxil olub ağ xalatlı birisini
görən kimi başlayır ağlamağa, qışqırmağa. Analar da uşaqlarını sakitləşdirmək qabiliyyətinə malik
deyillər. Ana uşağı sakitləşdirə bilmir, hələ həkimdən də inciyir ki, niyə uşağı müayinə edə bilmir?
Belə vəziyyətdə həkim necə öz peşəsini yerinə yetirə bilər? Ağlayan uşağı müayinə və ya müalicə
etmək mümkün deyil. Mən Rusiyada da işləmişəm. Rusiyadan nümunə çəkəndə, bəzən məni
qınayırlar ki, niyə xalqımız barədə mənfi rəy bildirirəm. Amma mən bunu əksinə, xalqımı sevdiyim
üçün deyirəm ki, bizim valideynlər uşaqlarına düzgün tərbiyə verməyi öyrənsinlər. Rus uşaqları
boynundan stetoskop asmış həkimi görəndə "siz bununla məni müayinə edəcəksiniz?” deyir.
Deməli, o uşağın anası həkim haqqında uşağa məlumat verib, həkim kimdir, nə edir, insanları
sağaldır, müalicə edir və s. Belə qısa, lazımlı məlumatlar almış uşaq həkimin qəbuluna artıq
hazırlıqlı gəlmiş olur. O uşaq həkimdən qorxmur, həkimin ona sağaltmaq istədiyini anlayır, həkimə
xilaskarı, dostu gözü ilə baxır. Bizim uşaqlarsa həkim görəndə, ağlamağa başlayırlar. Bizim
uşaqların gözündə həkim adamı ağrıdan, incidən, işgəncə, əzab verən birisidir. Ona görə də
uşaqlarla həkimlərin təması alınmır, həkim uşaqla ünsiyyət yarada bilmir, onu inandıra bilmir.
Çünki uşağın ağlında həkim barədə artıq pis fikirlər formalaşıb. Rus uşaqları həkimlə danışır, harası
ağrıyır, özü başa salır. Amma bizim uşaqların ana-atası mütləq "dilmanc” rolunda çıxış etməlidir.
Uşaqlarımız sərbəst fikir yürütməkdə çətinlik çəkirlər. Bir var, 5-6 aylıq, hələ danışa bilməyən
körpə, belədə əlbəttə, valideyn həkimə izahat verməlidir. Bir də var, artıq nitq kontaktı olan, danışa
bilən, özünü anlayan uşaq. Belə yaşda uşaq həkimlə özü danışmalıdır, həkimlə ünsiyyətə girməlidir.
Düzdür, burada təcrübənin də böyük əhəmiyyəti var. Təcrübəli həkim uşağı danışdırır, inandırır,
qorxunu aradan qaldırır. Yəni, adətən təcrübə çətin anlarda həkimin köməyinə gəlir. Amma gənc, iş
təcrübəsi olmayan həkimlər üçün ağlayan, qorxan uşaqları müayinə etmək əsl dəhşətdir. Əlbəttə, bu,
heç bir halda heç bir həkimə haqq vermir ki, uşağa qarşı hər hansı təzyiq vasitəsindən, zorakılıqdan
istifadə etsin. Uşağa qarşı zorakılıq birmənalı şəkildə qəbulolunmazdır və hüquqa ziddir. Məsələn,
eşitmişəm ki, bir həkim uşağın dişini çəkmək üçün ona narkoz verib. Hesab edirəm ki, bu, qətiyyən
yolverilməzdir. Nə olursa, olsun, uşaq hansı təpkini göstərirsə göstərsin, mütləq onu yola gətirmək
lazımdır. Bilirsiz, uşaqlar nadir hallarda stomotoloqlara tabe olur. Amma yenə də, bütün sivil
vasitələr işə salınmalı və uşağın müalicəyə razılığı əldə edilməlidir. Belə vəziyyətlərdə anaların
öhdəsinə məsuliyyət düşür. Amma sizə deməliyəm ki, bəzən mən məsuliyyətsiz, əyalət düşüncəli
analar görürəm. Baxırsan, gənc qadındır, gözəl geyinib, uşağı həkimə gətirib, özü oturub telefonda
yazışır. Uşağı bütünlüklə həkimə yükləyib, özü isə kənarda qalıb. Ana həkimlə birlikdə uşaqla
məşğul olmalıdır, uşağın yanında olmalı, yeri gələndə onu danışdırmalı, şəfqət göstərməlidir ki,
həkim də vəzifəsini normal icra etsin. Amma bir də görürsən, ana da bir tərəfdən həkimə yüklənir ki,
"niyə uşağı sakitləşdirə bilmirsən?!”. Bir halda ki, ana öz uşağını sakitləşdirə bilmir, həkim necə
sakitləşdirsin?! İlk növbədə ana, valideyn uşaqdakı həkim xofunu, qorxunu aradan qaldırmalıdır.
Sonrası artıq asandır. Həkim öz işini görəcək. Ümumiyyətlə, valideynin uşağın yanında olması
lazımdır. Çünki bu zaman uşaq özünü təhlükəsiz hiss edir. Anasına, atasına güvənir. Belə şəraitdə
həkimin vəzifəsini icra etməsi də asanlaşır.

Məlahət Rzayeva