Üzərində erməni bayrağı olan məhsullar Azərbaycana necə və niyə keçirilir ? - İZAH

Akif Nağı:"Milli məsələlərdə gömrük orqanları diqqətli olmalıdırlar. Belə mallar Azərbaycana daxil olmadan yoxlanmalı, qarşısı alınmalıdır"
"Ermənistan hər vasitədən, çoxşaxəli ticari əlaqələrdən təbliğat vasitəsi kimi istifadə etməyə çalışır”.
Bunu "Sherg.az”a Azərbaycanda üzərində Ermənistan bayrağı olan gün eynəyinin satılmasından danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, ermənilər bəzi xarici ölkələrdə insanları şirnikləndirərək, ucuz qiymətə belə malları satır, ölkəmizə ayaq açmasına səbəb olurlar:
"İnsanlar bunu diqqət etmədən alırlar. Bəziləri evinə gətirdikdə, baxırlar ki, malın üzərində Ermənistanın bayrağı var, etiketi vurulub, yaxud erməni dilində təlimatlar yazılıb. Belə mallara çox rast gəlinib, faktlarla bağlı fotoşəkillər yayılıb. Ermənilər bu vasitələrdən təbliğat vasitəsi kimi istifadə edir, acgöz, tamahkar adamları ələ ala bilirlər. Düşmənin məqsədi cəmiyyətdə narazılıq yaratmaq, nəzarət orqanlarına qarşı mənfi rəy formalaşdırmaqdır.
Müəyyən şəxslərə, nostalji hisslərlə yaşayanlara belə vasitələr təsir edir. Gənclərdə isə qadağan olunan şeylərə maraq yaranır. Ola bilər, bu formada ermənilərə qarşı mənfi münasibət bir qədər yumşalsın. Azərbaycan cəmiyyəti belə məsələlərdə həssasdır. Ona görə, sahibkarlardan, müxtəlif qurumlardan narazılıq yaratmaq, mətbuatda belə məsələləri qaldırmaq üçün ermənilər bu cür vasitələrdən istifadə edirlər”.
A.Nağı hesab edir ki, belə halların qarşısını almaq üçün gömrük sistemi ciddi şəkildə yoxlama aparmalıdır:
"Milli məsələlərdə gömrük orqanları diqqətli olmalıdırlar. Belə mallar Azərbaycana daxil olmadan yoxlanmalı, qarşısı alınmalıdır. Aşkarlanan faktlarla bağlı ciddi cəza tədbirləri görülməlidir ki, başqaları üçün də nümunə olsun”.
Qeyd edək ki, üzərində erməni bayrağı olan eynək Xırdalanda "Təzə bazar” adlanan ərazidə yerləşən "Real optika” adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.
Aysel Aslan