“Uzun illərdir Elman Rüstəmova deyirəm ki..."

Millət vəkili: "22-28 faizlə kredit götürən sahibkardan nə uğur gözləmək olar?"


Parlamentdə keçirilən büdcə müzakirələrində deputat Qüdrət Həsənquliyev maraqlı fakr səsləndirərək deyib ki, Azərbaycanın xaricdə saxladığı valyuta ehtiyatından 1 milyard gətirərək Beynəlxalq Banka verilib. 

Sherg.azbildirir ki, deputat bu halı müsbət qiymətləndirərək söyləyib ki, vətəndaşlarımızda yerli banklara qarşı da inam yaranır: 

"Uzun illərdir ki, mən Mərkəzi Bankın sədri Elman Rüstəmova deyirəm bu vəsaitlər niyə yerli banklara gətirilmir? Əgər biz öz pulumuzu yerli banklara qoymuruqsa, öz banklarımıza inanmırıqsa, o zaman kim banklarımıza inanacaq? Elman müəllim hər dəfə deyir ki, Azərbaycan iqtisadiyyatı bu qədər maliyyəni qəbul etmək gücündə deyil. Mən demirəm ki, vəsaitin hamısı gətirilsin. Müəyyən həcmdə gətirilə bilər axı. Bizim sahibkarlarımızın buna ehtiyacı var. Banklarımız gedib özləri kreditlər götürür və bəzən 18 faizə sahibkarlara kredit verirlər. 22-28 faizlə kredit götürən sahibkardan nə uğur gözləmək olar?. Bununla yanaşı düşünürəm ki, Azərbaycan neft ölkəsi olduğu üçün burada kimya sənayesi inkişaf etdirilməlidir. Əlbəttə bunun üçün maliyyə lazımdır. Biz neft ölkəsiyik, amma avtomobil şinləri, avtomobil yağlarını xaricdən alırıq. Bu sahələrə vəsaitlər qoymalıyıq. Azərbaycanın özündə iş yerlərinin açılması üçün böyük müəssisələrə vəsait qoyulması lazımdır. 2017-ci ilin dövlət büdcəsinin 10 faizi, təxminən 1,6 milyard manat təkcə xarici borcların ödənilməsinə xərclənəcək. Mətbuatdan oxuyuruq ki, tender keçirilir və bəzən 3-4 gün əvvəl yaradılan şirkətlərə dəyəri 100 milyon dollarlıq tenderlər verilir. Bizim Hesablama Palatası obyektiv yoxlamalar aparır, nəticə haqda bizə məlumatlar verir. Məlum olur ki, hansısa məbləğdə pullar geri büdcəyə qaytarlılır. Deməli kim istəsə büdcə pulunu mənimsəyəcək və ən pisi sonradan bunu büdcəyə qaytarmalı olacaq. Məncə, belə hallar olduqda hüquq mühafizə orqanları bu işlərlə məşğul olmalı, belə hallara yol verənlər cəzalandırılmalıdır”.

Anar