"Vasif Talıbov tarixi iş görüb"

"Biz qatarlarda, avtobuslarda, təyyarələrdə də insanlara kitablar təklif edə bilərik"


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oxunması zəruri olan kitabların siyahısı ilə bağlı sərəncamı hələ də sosial şəbəkələrdə müzakirə obyektidir. Ədəbiyyat nümayəndələri, gənclər bu təşəbbüsü müsbət dəyərləndirsə də, siyahıya bəzi iradlar tutub, daha maraqlı əsərlərin əlavə edilməsini zəruri hesab ediblər.

Bundan başqa şəbəkə istifadəçiləri bölgələrə sərnişindaşıma ilə məşğul olan avtobuslarda, qatarlarda və hətta beynəlxalq təyyarələrdə belə kitab guşələrinin yaradılması haqqında təkliflər irəli sürüblər.

Son iki günün əsas müzakirə mövzusuna öz münasibətini bildirən ziyalılar isə "Sherg.az”a bu barədə danışıb, fərdi təkliflərini irəli sürüblər.

Yazar Cəlil Cavanşir kitabla, ədəbiyyatla bağlı irəli sürülən istənilən ideyanı dəstəkləyir. Yazar deyib ki, buna rəğmən hər hansı göstərişlə, tapşırıqla kitab oxutdurmaq, sevdirmək qeyri mümkündür:

"Avtobusla səyahət edənlər, uzaq yola çıxanlar əgər kitab oxumağı sevirsə, onsuzda özləri ilə kitab götürəcəklər. Kitabın təbliğatının göstərişlə, inzibati qaydada, təbliğatla aparmaq qeyri-mümkündür.

Ondansa, yaxşı olardı ki, həbsxanalarda kitabxanaları genişləndirsinlər. Zəngin ədəbiyyat nümunələrini, müasir kitabları həbsxanalara daşısınlar.

Qatarlarda kiçik kitab guşələri yaradıla bilər. Uzaq yola səyahət edən qatarların kitabxanası olsa çox gözəl olardı. Eyni zamanda AZAL-ın və ölkəmizə məxsus digər şirkətlərin təyyarələrində Azərbaycan mətbuatının gündəlik materialları, qəzetlər, aylıq jurnallar ola bilər. Şəkilli, əyləncəli jurnallardan daha çox maarifləndirici kitablar, ədəbi materiallar olsa daha yaxşı olar.

Belə ideya olarsa, qeyd etdiyimiz nəqliyyat vasitələrində sərnişinlərə kitab təqdim olunsa çox yaxşı addım olar. Düşünün, avtobusla uzaq yola səyahət edirsiniz, təklif edirlər ki, Viktor Hüqonun "Səfillər” romanını oxumaq istəməzsiniz? Bu və ümumən kitabla bağlı irəli sürülən bütün ideyaları dəstəkləyirəm. Amma bunları inzibati qaydada deyil, xoşluqla, sevgi ilə etmək lazımdır”.

Vasif Talıbovun təşəbbüsünü yüksək qiymətləndirən xalq şairi Sabir Rüstəmxanlı da siyahıdakı kitablara irad tutub. O deyib ki, ilk növbədə vəzifə sahibləri, məmurlar özləri kitab oxumalıdır:

"Kitaba qayıdış lazımdır. Bir nazirin, icra başçısının, məmurun otağında Azərbaycan ədəbiyyatından nümunə yoxdur. Bir-neçə rəsmi kitab qoyurlar, onların isə üzü belə açmırlar.

Azərbaycanın bir naziri, icra başçısı və s. vəzifəli şəxsi 1000-1500 illik Azərbaycan ədəbiyyatından nümunə seçib, kitabxanasına qoymursa və onu oxumursa, kitab sevgisindən necə danışmaq olar? Həmin şəxslər özü sevmədiyi, oxumadığı şəkildə nə öz idarəsinə, nə də rəhbərlik etdiyi şəxslərə, əhaliyə kitabı sevdirə bilməz. Kitab sevgisi yuxarıdan, rəsmi dairələrdən başlamalıdır. Buna görə, Vasif Talıbovun addımı dəyərlidir. Siyahıda Azərbaycan və xarici ədəbiyyat nümunələrinin adları çəkilib. Hər kəs öz bacardığı səviyyədə bu addımları atır”.

Xalq şairi deyib ki, bu təbliğatda əsas məqsəd kitabla Azərbaycan insanının milli şüurunda müəyyən dəyişiklik yaratmaqdır:

"Lakin sosial şəbəkədə və mətbuatda müxtəlif kitab adları çəkən, siyahılar hazırlayan şəxslərə müraciət edirəm. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm. Keçən əsrin 80-ci illərində, 90-cı illərin əvvəllərində Azərbaycanda hansı kitab Sabir Rüstəmxanlının "Ömür” kitabı qədər gənclərin milli şüurunun oyanmasına təsir etdi? Meydan hərəkatında, insanların vətəndaşlıq bilgisinin artırılmasına bu kitabın xüsusi rolu olmuşdu. "Ömür” kitabını hətta qızlara cehiz kimi verirdilər. Bu zaman hansı ədalətdir ki, belə müzakirələr gedir, amma heç yerdə "Ömür” kitabının adı çəkilmir? Həmin kitab bir vətəndaşlıq məktəbi idi və onun dərsliklərə salınmasına, məktəblərdə oxunmasına ehtiyac var idi. Deməli, bu məsələdə də subyektiv yanaşma özünü göstərir. Kim hansı kitabı oxuyubsa, ancaq onu deyir. Ona görə, əgər ciddi şəkildə uşaqlar, məktəblilər, cavanlar Azərbaycan, dünya ədəbiyyatını oxuyacaqsa, seçim obyektiv və düzgün olmalıdır.

Vasif Talıbovun siyahısındakı çox əsərlərin gənclərin milli, mənəvi inkişafı, dünyagörüşünün artırılması ilə bağlı əlaqəsi yoxdur. Məsələn, Sədi Şirazinin "Gülüstan” əsərini niyə gənc nəslə vacib bilək? Orta əsrlərə qayıdırıq? Bizim düşüncəmizə qarşı olan kitabların, Gi de Mopassanın "Gombul” əsərinin gənclərə nə xeyri olacaq?

Amma bu başlanğıcdır. Etiraf etmək lazımdır ki, Ali Məclisin sədri tarixi iş görüb. Siyahıdakı kitabların sayını ümumi məsləhətlər əsasında çoxaltmaq, 50, 100 və daha artıq kitab daxil etmək olar. Bu proses artdıqca, insanların marağı da çoxalar. Hesab edirəm ki, buna uyğun olaraq, kitab dükanlarında da önəmli kitabların sayı artar. Bu vacibdir”.


Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli isə Ali Məclis sədrinin addımını son illərdə kitab oxumaqla bağlı atılmış ən konkret addım kimi dəyərləndirib. O hesab edir ki, televiziyalarda ən yaxşı kitabların diskussiyası olmalıdır:

"Siyahını seçməkdə əlavələr, artıq kitablar ola bilər, amma missiyanın özü çox vacibdir. Biz kitabları oxutmaq üçün qatarlarda, avtobuslarda, təyyarələrdə insanlara kitablar təklif edə bilərik. Amma daha böyük gücü olan televiziyalar var. Hər televiziya kanalının kitabla bağlı verilişi olmalıdır. Yaxşı olar kİ, həftədə bir dəfə kitab müzakirələri keçirilsin, mütaliə, oxu ilə bağlı oxucu auditoriyası ilə bir dialoq təşkil edilsin. Əvvəllər belə verilişlər var idi. AZ TV-də uşaqlar üçün kitab oxumağı öyrədirdilər, böyüklər üçün "Kitab aləmində” verilişi də var idi. Bütün bu təbliğatlar kitaba maraq yaradırdı. Biz nə qədər internetə yaxın olsaq da, kitabın verdiyi düşüncə, yaratdığı təəssürat çox fərqlidir. Ona görə, görkəmli yazıçı və şairlərimiz ekranda görünsə, maraqlı kitabların diskussiyasını aparsa, yaxşı olar. Dünya və Azərbaycan ədəbiyyatı təbliğ olunmalıdır.

Azərbaycanda uşaq ədəbiyyatı sanki yoxdur. Bu sahəyə mütləq diqqət yetirməliyik. Bütün bunlar kompleks şəkildə həyata keçirilsə, ciddi şəkildə kitaba qayıdış hiss oluna bilər. İnternetin, texnologiyanın gətirdiyi biliklər ötəridir. Yalnız kitabın verdiyi bilik qalıcıdır.

Media V.Talıbovun təşəbbüsündən istifadə edib, öz mesajlarını cəmiyyətə ötürməlidir. Çünki cəmiyyətdə maarifçilik yox səviyyəsindədir, bilik almaq azalıb, mütaliə demək olar ki, yoxdur. Amma bu təşəbbüs hesab edirəm ki, yenidən kitablara boylanmağımıza fürsətdir”.

Hazırladı: Aysel ASLAN