Qarşılıqlı güzəştlər işin görünən tərəfidir, tamaşa hələ qabaqdadır
"ABŞ və Türkiyə arasında əvvəlki oyun forması dəyişmiş halda davam edəcək"
ABŞ-ın PKK terrorçuları Murad Karayılan və Cəmil Bayıkın başına 5 milyon dollar mükafat qoyması kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyası (HDP) tərəfindən etirazla qarşılanıb. HDP Vaşinqtonun qərarını kürdlərə təzyiq kimi dəyərləndirib. Ekspertlərə görə, terrorçuların başına pul mükafatı qoyulması qərarı Trampla Ərdoğan arasında telefon danışıqlarından sonra qəbul edilib. Hesab edilir ki, Vaşinqtonun bu addımı PKK üçün zərbədir. Son iki ay ərzində ABŞ-la Türkiyə arasında soyuq münasibətlərə baxmayaraq, ikitərəfli əlaqələr inkişaf edib.
Keşiş Bronsonun azadlığı, Suriyada ümumi vəziyyət, birgə hərbi əməliyyatlar, həmçinin PKK-ya qarşı Vaşinqtonun fəaliyyəti tərəflərin yaxınlaşmasını təmin edib. Məhz bu danışıqların nəticəsidir ki, tərəflər bir sıra məsələlərdə uzlaşıb.
Politoloq Sədrəddin Soltan deyib ki, Türkiyəyə qarşı casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxıldıqdan sonra Ağ Evlə rəsmi Ankara arasında isti münasibət yaranıb: "Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər. Ağ Ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi. Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barəsində oxşar addım atmışdı.
Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. Onun 35 il azadlıqdan məhrum edilməsi gözlənilirdi. Türkiyə ABŞ-ın noyabrın 4-də İrana qarşı tətbiq etdiyi sanksiyadan neft idxalı ilə bağlı güzəşt olunan 8 dövlətdən biridir. Həmin siyahıda Yaponiya, Cənubi Koreya və Hindistanın da adı var. Amerikalı keşiş sərbəst buraxıldıqdan sonra Türkiyə lirəsinin dollara nisbətdə qiymətdən düşməsinin də qarşısının alındığı açıq-aşkar görünməkdədir. Cari ilin sonunadək 1 dolların 5,10 türk lirəsinə mübadiləsi ehtimal edilir. ABŞ-Türkiyə münasibətlərinin gərgin vaxtı Türkiyədə tarixdə çox nadir hallarda baş verən, yaxud heç vaxt baş verməmiş bir hadisə də oldu.
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı öldürüldü. Onun Krallığın sifarişi ilə öldürüldüyü ilə bağlı çoxsaylı sübutlar olsa da, rəsmi olaraq jurnalistin Səudiyyə Ərəbistanı rəhbərliyinin sifarişi ilə qətlə yetirdiyi deyilmir. Krallıq isə beynəlxalq ictimaiyyəti müxtəlif bəhanələrlə yola verir. İndiyədək Camal Qaşıqçının meyiti tapılmayıb. ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanının NATO-dakı müttəfiqi Türkiyə ərazisində belə bir özbaşınalığı birmənalı olaraq hörmətsizlikdir.
Krallıqdan edilən belə davranışa görə Ağ Ev də qınanılır. Donald Tramp Camal Qaşıqçı cinayətinin açılması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə işləyir. Görünür, müxtəlif yollarla təzyiqlər edərək Türkiyənin bütövlüyünü poza bilməyən qüvvələr əməkdaşlığı gücləndirməyə üstünlük veriblər. Başqa sözlə, indiki şəraitdə Türkiyə ilə güc dili ilə danışmağın əhəmiyyətsizliyi qəbul olunub. Ancaq bu, o demək deyil ki, Türkiyəyə qarşı olan terrorçuların dəstəklənməsi birdəfəlik dayanıb”.
Ekspertin fikrincə, rəsmi Ankara terrorçu PKK-nı və onun dəstə başçılarını müdafiə edən Xalqların Demokratik Partiyasının fəaliyyətini dayandırsa, heç şübhəsiz, havadarları hay-küy qopartmağa başlayacaq:
"Odur ki, HDP Türkiyədə antidövlət fəaliyyətini, terrorçuların müdafiəsini davam etdirir. ABŞ Dövlət Departamentinin terrorçu başlarına mükafat təyin etməsi, İrana sanksiya tətbiqində Türkiyəyə güzəştə getməsi, lirənin ucuzlaşmasının qarşısının alınmasına dəstək verməsi, Ankaranın etdikləri qarşısında çox azdır. Onlar buna Türkiyəni İraq və Suriyanın vəziyyətinə sala bilmədikləri, Türkiyə isə İraq və Suriyanın gününə düşməkdən özünü qoruya bildiyi üçün layiq görülüb. Bununla belə, tərəflər arasında əvvəlki oyun forması dəyişmiş halda davam edəcək”.
İsmayıl