Vassalın krala təzim səfəri...

“Yaxud indiki mərhələdə Paşinyan bunun belə görünməsi üçün əlindən gələni etdi”
“Putinin münasibətlərlə bağlı sözləri həm də xəbərdarlıq xarakteri daşıyırdı”



Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İttifaqı zirvəsində iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə gedib. Paşinyan səfər çərçivəsində Putinlə görüş keçirib. Baş nazir bildirib ki, heç kim Rusiya-Ermənistan münasibətlərinin önəmini şübhə altına qoymayıb və bundan sonra da qoymayacaq:

"Biz Rusiyanın Ermənistandakı hadisələr zamanı balanslı mövqeyini yüksək dəyərləndiririk”. Rusiya lideri Putin isə Paşinyanın hakimiyyəti dönəmində Moskva və İrəvanın münasibətlərinin dinamik inkişaf edəcəyinə ümid etdiyini deyib: "Sizə uğurlar arzulayıram, ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi yüksək səviyyədə olacaq. Rusiya Ermənistana yaxın tərəfdaşı və regiondakı müttəfiqi kimi baxır. Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır. Ermənistana qoyulan ümumi investisiyaların 35 faizi Rusiyanın payına düşür”. Paşinyan Müqəddəs Qriqori kilsəsində erməni miqrantlarla da bir araya gəlib. Baş nazir yeni hökumətin əsas strategiyasının ermənilərin vətənlərinə qayıtmasını təmin etmək üçün şərait yaratmaq olduğunu deyib: "Öz evinizə, Ermənistana qayıda bilməyiniz üçün də çalışacağıq”. Erməni baş nazir varlı erməni iş adamlarını Ermənistan iqtisadiyyatına sərmayə qoymağa da çağırıb.

Paşinyanın Soçi səfərini və mesajlarını "Şərq”ə dəyərləndirən politoloq Zaur İbrahimli deyib ki, Ermənistanın baş nazirinin Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Moskva və İrəvanın ikitərəfli əlaqələrinə dair açıq mesajlar səsləndi. Putin Kremlin mövqeyini və gözləntilərini konkret şəkildə ifadə etdi: 

"Rusiya Prezidentinin tərəflər arasındakı münasibətlərlə bağlı sözləri həm də xəbərdarlıq xarakteri daşıyırdı. Bu görüşdən və bağlı qapılar arxasında olan danışıqlardan əvvəl Rusiya prezidentinin deyəcəkləri təxminən aydın idi. Paşinyanın hansı mesajlar verəcəyi ilə bağlı qeyri-müəyyənlik var idi. Yeni baş nazir ondan sürpriz gözləyənləri məyus etdi. Paşinyan prezident Putinə heç bir halda Kremlə asi olmayacağını bildirdi. Görüş obrazlı ifadə etsək, hakimiyyəti ələ keçirən vassalın krala təzim səfəri idi. Yaxud indiki mərhələdə Paşinyan bunun belə görünməsi üçün əlindən gələni etdi”.

 Analitik bildirib ki, Paşinyanın Putindən xeyir-dua almaq istəyi çox açıq hiss olunurdu:

 "Tərəflərin münasibətində ilk vaxtlar müəyyən kosmetik dəyişikliklər ola bilər. Qısa müddət ərzində ikitərəfli münasibətləri tamamilə yenidən nəzərdən keçirmək qeyri-realdır. Şübhəsiz ki, bunu Paşinyanın komandası da başa düşür.

 Paşinyanın hakimiyyətdə möhkəmlənməsi üçün də Kremlin razılığı çox mühümdür. Bu baxımdan Paşinyanın Soçidə vassal obrazında görünməsi tamamilə təbiidir. Amma bu o demək deyil ki, Paşinyan özünün Kremldən asılılığını azaltmağa çalışmayacaq. Hər nə qədər olsa da, Paşinyanın hakimiyyətə yiyələnməsində Kremllin təsiri ilə yanaşı başqa amillər də var. Paşinyan bundan maksimum yararlanmağa çalışacaq. Moskva ilə daha əlverişli sövdələşmələrə getməyə can atacaq”.

İsmayıl