Vəba təhlükəsi...

Bu il Həcc ziyarəti təhlükəlidir
Çox sürətlə yayıla bilən vəba embrionları ağız boşluğu vasitəsilə insandan insana keçə bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə kolera virusundan ölənlərin sayının 1784-ə çatdığını açıqlayıb. 344 min 700 nəfərin isə risk altında olduğu bildirilib. ÜST virusun bu il Həcc ziyarətinə gedəcək milyonlarla insana təsir edə biləcəyi barədə xəbərdarlıq edib.

Sözügedən xəbərdarlıqla bağlı "Şərq”ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybullanın dediyinə görə, vəba Ümumdünya Səhiyyə Təşkilatının karantin elan etdiyi 4 xəstəlikdən biridir. 

Digərləri isə taun, sarı qızdırma və təbii çiçək viruslarıdır. Yaşlı nəslin qoluna fikir versəniz hamının qol nahiyəsində iz var. Məhz həmin qabaqlayıcı tədbirlər nəticəsində artıq təbii çiçək xəstəliyi yoxa çıxıb və onun yerinə qrip əlavə olunub.

Vəbanın qısa bir müddət ərzində böyük bir regionda yayılma ehtimalının olduğunu vurğulayan ekspertə görə, bu xəstəlik kütləvi insan tələfatı ilə nəticələnir. Qarşısı məcburi peyvəndlərlə alınmalıdır. Çox sürətlə yayıla bilən vəba embrionları ağız boşluğu vasitəsilə insandan insana keçə bilər.


A.Qeybulla vəbanın yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini zəruri hesab edir: 

"Vəba insanlarda diareya və bunun nəticəsində qıcolmalara gətirib çıxara bilər. Ona görə infeksiya aşkarlanan ərazidə təcili karantin tədbirləri görülməlidir”. Həkimin sözlərinə görə, vəbanın qarşısının alınması üçün son illər xeyli işlər görülsə də, hələ də təhlükəli xəstəlik olaraq qalıb. Xəstəliyin embrionları uzun müddət ölmüş insanın bədənində qala bilməz: "Odur ki, müayinələr torpaqda aparılmalıdır. Pandemiya, epidemiya olmasın deyə, müəyyən epidemioloji işlər görülməlidir. Vəba embrionları insan bağırsaqlarında olur və bədəninin çürüməsi nəticəsində torpağa keçə bilər. Ona görə buna uyğun lokallaşdırma imkanları araşdırılmalıdır”.

Vəbanın Azərbaycana daşınmasının arzuolunmaz olduğunu vurğulayan professor hesab edir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün vaxtında tədqiqatlar aparılmalı və bunun üçün mövcud olan taun və vəba əleyhinə stansiyaların işçilərinin köməyindən istifadə etmək mümkündür:

"Vəba embrionları daha çox suyun tərkibində olduğu üçün insan orqanizminə su vasitəsilə keçir. Xəstəlik həzm prosesinin pozulması, qusma, bədənin su-duz mübadiləsinin pozulması və qıcolma ilə müşahidə edilir. Həcc ziyarətinə gedən insanlar isə içməli sudan istifadə etmək məcburiyyətində olduqlarından qorunmaq şansları bir qədər aşağıdır. Onu da deyim ki, vəba xəstəliyi epidemiya şəklində yayıldığına görə, insanlara kütləvi şəkildə yardım göstərmək çətin olur. Bu xəstəliyin qarşısını almaq daha məqsədəuyğundur, nəinki, xəstələrin müalicəsinə çalışmaq”.

Şəymən