"Canavar insan həyatına, onun əmlakına təhlükə yaradırsa, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları var. Bu qurumlara müraciət etmək lazımdır”
Amma təsərrüfata ziyan vuranlarla bağlı istisnalar var
Ağstafada canavarlar kəndə hücum edib. Hadisə rayonun Xəlfəli kəndində baş verib. Gecə saatlarında kəndə daxil olan yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb. Səhər yuxudan oyanan kənd sakini qoyunları yerə sərilmiş halda görüb.
Camal Vəliyevin dediyinə görə, qoyunlardan 15-i ölüb, 14-nü isə yırtıcılar yaralayıb. Təkcə bir qoyun canavarların dişindən yayına bilib. Kəndlilər deyir ki, əvvəllər də canavarlar kəndə hücum çəkiblər, at və eşşəkləri parçalayıblar. Ancaq mal-qaraya birinci dəfədir zərər verirlər. Kənd sakinləri tələf olan heyvanları götürərək kənddən uzaq ərazidə torpağa basdırıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətrafı mühafizə departamentinin sektor müdiri Raqif Mirzəyevin sözlərinə görə, Azərbaycan Amerika konvensiyasına qoşulan dövlətlərdən biridir və bu konvensiyada vəhşi heyvanların qorunması ilə bağlı müvafiq maddə qeyd olunub. Qurum rəsmisinin sözlərinə görə, canavar və ya digər vəhşi heyvanların vurulması birmənalı olaraq konvensiyada qadağan olunur:
"Lakin bəzi istisnalar ola bilər. Tutaq ki, hər hansı bir canavar insan həyatına, onun əmlakına təhlükə yaradırsa, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları var. Bu qurumlara müraciət etmək lazımdır. Əhali həmçinin icra hakimiyyətlərinə də müraciət edə bilər. Departamentimizdə müvafiq əmr var, yəni yerli şöbələrə də tapşırmışıq ki, əhalinin müraciətləri olan halda xüsusi qruplar yaradılsın.
Həmin qruplara icra hakimiyyətindən, baytarlıq xidmətindən, bələdiyyələrdən nümayəndələr, eyni zamanda həvəskar ovçular cəlb olunur və sözügedən ərazidə müəyyən edilmiş vaxtda reydlər keçirilir. Bu zaman isə canavar və başqa təhlükəli heyvanları vurmaqla yox, səs-küy salmaqla ərazidən qovurlar. Bir məqama da icazə veririk - zərurət yarandığı halda əgər insan həyatı üçün bilavasitə təhlükə olarsa, bu zaman insan özünü müdafiə eləmək məqsədilə həmin canavarı vura bilər. Lakin bu zaman vəhşi heyvanı təqib eləmək də qadağandı və qanun pozuntusu kimi qəbul olunur. Buna əməl etməyənlər isə məsuliyyətə cəlb edilir”.
Yeganə Bayramova