Vətəndaşlar belə səviyyəsiz dükanları boykot etməlidir

Bəzi mağazalarda satıcılar alıcılara qarşı hörmətsizlik göstərir




Hər nə qədər tənqid edilib, maarifləndirici yazılar yazılsa da, Azərbaycanda satıcıların mədəniyyətsizliyi və müştərilərə yuxarıdan aşağı baxmaları kimi problemlər yenə də qalmaqdadır. Növbəti belə hadisə ilə dünən şəhərin mərkəzində fəaliyyət göstərən parfümeriya mağazalarının birində rastlaşdım. Mağazada müştərilərin sayının çox olmasına rəğmən satıcılardan biri heç təfsinmirdi.

Hətta "kassa”da işləyən satıcı xanım bir neçə dəfə xəbərdarlıq etsə də, həmin satıcı öz "iş”ində idi. Nəhayət ki, bir neçə tənqiddən sonra digər mağaza işçiləri onu ayağa qaldırmağa müvəffəq oldular və elə "tamaşa” da bundan sonra başladı. Alıcılardan bir nəfər xanım hansısa firmadan olan ətirlə maraqlandı, digəri üz dərisinə uyğun tonal kremin olub-olmadığını soruşdu, amma heç biri istəklərini xanıma izah edə bilmədilər. Daha doğrusu, satıcı onları başa düşmək zəhmətinə belə qatlanmadı. Hansısa bir kosmetik vasitə ilə maraqlanan alıcıya həmin satıcının "mən nə bilim, bilmirəm” cavabı müştərilərin səbr kasasını dolduran son damla oldu. "Ay qız, bu nə cavabdır? Bilmirsən, burada nə işin var? Get otur evində”.

Digər satıcıların "Xanım uşaqdır, fikir verməyin! Mən sizi yola salacam” deməsi isə müştəriləri daha da əsəbiləşdirdi: "Uşaqdı, getsin evində oynasın, işləməsin. Burda niyə dayanıb?”. Müştərilərə qarşı mədəniyyətsiz davranışı azmış kimi "uşaq” satıcı "Məni burda saxlayan, saxlayır” deyib, hələ bir üz-gözünü də turşutdu.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə gün ərzində istər supermarket, geyim və digər mağazaların xidmət problemi ilə bağlı onların Birliyinə saysız müraciətlərin daxil olduğunu deyib. E.Hüseynov bir çox dövlət və biznes qurumları hələ dərk etmirlər ki, onlar istehlakçıların hesabına yaşayırlar. Ordunu, dövləti, biznesi, bir sözlə, hamını saxlayan istehlakçılardır. Ona görə də heç bir müəssisə istehlakçıya qarşı hörmətsizlik etməməli, onu narazı salmamalıdır: "Satıcı mütləq istehlakçıyla nəzakətli davranmalı, müştərinin istədiyi dildə danışmalıdır. Ağıllı biznes qurumları vətəndaşların simpatiyasını qazanmaq üçün rəqabət aparmalıdır. AİB sədri bəzi mağazalarda satıcıların alıcılara qarşı saymazyana davranışlarını nadanlıq adlandırıb və bildirib ki, əslində vətəndaşlar belə dükanları boykot etməlidir. Alış-veriş mərkəzlərində və ya kiçik mağazalarda çalışan şəxslərin istehlakçını məmnun etməməsinin səbəbinə gəldikdə isə ekspert bunu ölkəmizdə ailə biznesinin olmaması ilə əlaqələndirib: "Bu gün ölkəmizdə satıcı işləyən şəxslər günü başa vurmağa çalışır. Müştəri məmnuniyyəti onun marağında deyil. Avstraliyada zəngin bir Türkiyə vətəndaşının öz restoranında xəmir yoğurduğunu görmüşəm. Çox zəngin olmasına baxmayaraq, illərdir restoranda xəmiri özünün yoğurduğunu deyirdi. Bütün ailə həmin restoranda işləyirdi. Bəlkə də elə bu səbəbdən işə son dərəcə diqqətlə yanaşırdılar. Bizdə xidmət sahəsindəki problemlərin əksəriyyəti ailə biznesinin olmamasından qaynaqlanır. Buna görə də satıcı işlədiyi yerə sadəcə qazanc yeri kimi baxır, can yandırmır.

Təəssüf ki, əksər mağazalarda istehlakçı guşəsi, şikayət və təkliflər kitabı yoxdur. Satıcılar necə xidmət göstərməli olduqlarından bixəbərdirlər. Bu gün əsasən ən ucuz qiymətə işləməyə razı olan şəxslər işə götürülür. Hətta bəzi market və mağaza sahiblərinə işçilərinə pulsuz treninq keçmək üçün təkliflər etmişik. Lakin hələ ki razı olan yoxdur. Daha bir məqam, geridə qalmış ölkələrdə olduğu kimi, satıcıların alıcıların arxasınca gəzməsidir. Satıcı yalnız istehlakçı ehtiyac duyarsa, onun yanına gəlib suallarını cavablandıra bilər. Əks halda, onun sərbəstliyinə mane olur”.

AİB sədrinin sözlərinə görə, ümumi istehlakçı məmnuniyyətinə görə müraciətlərin 40 faizi satıcı kobudluğu ilə bağlı olur: "Bu problemin həlli ölkədə mükəmməl istehlakçı siyasətinin qurulmamasıdır. İstehlakçıların hüquqlarının qorunması siyasəti zəifdir”.

Şəymən