İlqar Altay: “Mən çox təəssüf edirəm ki, “canlı bomba”ların əli Azərbaycana qədər uzanıb”
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində
daha bir terrorçu məhv edilib.
DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 1978-ci il təvəllüdlü, Azərbaycan
Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin
rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami
Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından
kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq
terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə,
habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə
etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bununla
əlaqədar, 2016-cı il dekabrın 3-də Bakı şəhərinin "Binə” Ticarət Mərkəzi yaxınlığında Emin
Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək
üzərində olan "şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu
tərəfindən məhv edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məsələni "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bildirib ki,
ölkəmizdə dini radikalizm və ekstremist dini cərəyanlar məsələsində artıq, müəyyən qabaqlayıcı
tədbirlərin görülməsi vacibliyi yaranıb:
"Neçə illərdir ki, mətbuatda, cəmiyyət içərisində gənclərimizin dini təriqət təbliğatı girovuna çevrilərək vətəni gizlincə tərk edib, müxtəlif qarşıdurma gedən ölkələrdə silahlı qruplaşmalara qoşulması barədə söhbətlər gəzir. Cavanlarımızın orada cinayətlər törətməsi, hətta baş kəsməsi və eləcə də qətlə yetirilərək ölməsi faktları məlum olur. Biz adətən dini düşmənçilik yaradaraq insanları da öz bataqlığına çəkən insanlara qarşı mübarizəyə üstünlük veririk. Amma dini ekstremizm pərdəsi altında terrorçuluq edən insanlar onlardan daha təhlükəlidirlər. Bu problem bütün dünya üçün baş ağrısına çevrilib. Fransadan Əfqanıstanacan dünyanı terror yuvasına çeviriblər”.
İ.Altayın sözlərinə görə, əvvəllər terror əməliyyatçıları ya kimisə girov götürür, ya da insanların
kütləvi toplaşdıqları yerə bomba qoyub qaçırdılar:
"Amma indi "canlı bomba”lardan istifadə edirlər. Görün, insanların beyinlərini nə dərəcədə yuyublar ki, insanlar özlərini bir əşya kimi onun-bunun əlində oyuncağa çevirir. Mən çox təəssüf edirəm ki, "canlı bomba”ların əli Azərbaycana qədər uzanıb. Deməli, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə yanaşı, vətəndaşlarıda üzərində "şəhid kəməri” daşıyan insanlarla mübarizəyə hazır olmalıdırlar. Dini ekstremizm ideyalarına qulluq edən, Azərbaycanın dünyəvi quruluşuna xələl gətirən və onun mövcudluğunu təhlükə altına alan hər şeyə qarşı mübarizə aparılmalıdır. Biz artıq bu əməliyyatlar fonunda Azərbaycan hüquq-mühafizə sistemi və xüsusi xidmət orqanlarının bizi gözləyən təhlükələrin qarşısını almaq iqtidarında olduğunu gördük. Hesab edirəm ki, əməliyyatçılarımızın bu fəaliyyəti də müsbət dəyərləndirilməlidir”.
Şəymən