Vəziyyət dəyişmir
ABŞ və Rusiya toqquşmanın bir addımlığındadır
ABŞ Prezidenti Donald Tramp Konqres üzvlərinə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib. Ağ Ev rəhbəri Bəşər Əsəd hakimiyyətini kimyəvi silahdan istifadə etməkdə ittiham edib. O, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini söyləyib.
Trampın Suriyanı vurmaq qərarının arxasında qızı İvanka dayanır
ABŞ Prezidentinin Suriyaya raket zərbəsinin endirilməsi qərarının qəbulunda qızı və məsləhətçisi İvanka Trampın çox ciddi təsiri olub. "The İndependent” qəzeti iddia edib ki, İvanka Suriyanın Xan Şeyxin şəhərinə edilən qaz hücumu nəticəsində boğulmuş insanların çəkilmiş kadrlarından çox təsirlənib. Mənbənin bildirdiyinə görə, təsirlənən İvanka Ağ Evin Oval kabinetində qəbul olunan qərara təsir etməyi bacarıb və bu səbəbdən Amerikanın reaksiyası daha güclü olub.
Qalmaqal böyüyür: Tillerson Putinlə görüşünü ləğv etdi
ABŞ dövlət katibi Reks Tillerson Rusiya Prezidenti Vladimir Putinlə görüşünü ləğv edib. Bu barədə "Amerikanın səsi”” radiostansiyasının büro rəhbəri Stiv German yazıb: "Rusiya Prezidenti Putinlə Moskvada baş tutmalı olan görüş dövlət katibi Tillersonun iş qrafikindən çıxarılıb. Məlumata görə, Tillerson Suriya qalmaqalı ilə əlaqədar görüşdən imtina edib”.
Bəşər Əsəd: "ABŞ məqsədinə çata bilmədi”
Bəşər Əsəd iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti zamanı deyib ki, "ABŞ Homs əyalətindəki hərbi bazaya hücum etməklə arzuladığı nəticələrə nail ola bilməyib”. Əsəd əlavə edib ki, bombardman Suriya ordusunun qazandığı qələbələrdən sonra Amerikadan dəstək alan terror qruplaşmalarında mənəvi ruh yüksəkliyi yaratmaq cəhdi idi. Öz növbəsində İran lideri Həsən Ruhani ABŞ-ın Suriya ərazisinə təcavüzünü ölkənin suverenliyinin və bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması adlandırıb. O, İranın terrorçuluqla mübarizədə Suriyanın yanında olduğunu bildirib.
ABŞ-ın Suriyaya endirdiyi zərbə Çinə mesajdır
Almaniya müdafiə naziri Ursula Fon der Layayen deyib ki, ABŞ-ın Suriya bazasına zərbəsi Çinə mesajdır: "Çin dövlət başçısının ABŞ-a səfərindən həmən sonra raket zərbələrinin endirilməsi, Trampın daha bir diktatora, Kim Çen İna qarşı reaksiya verəcəyinin göstəricisidir. Reks Tillerson da bildirib ki, Suriya aviabazasına zərbə başqa ölkələrə, o cümlədən Çin və Şimali Koreyaya verilən siqnaldır. Tillerson ABŞ-a və müttəfiqlərinə hər hansı təhlükə yarana biləcəyi təqdirdə güc vasitəsindən istifadə qətiyyətini göstərə biləcəklərini qeyd edib.
"Suriya münaqişəsinin həlli ancaq siyasi yolla mümkündür”
İran Prezidenti Həsən Ruhani bildirib ki, hava zərbələrini endirmək üçün ABŞ-ın gətirdiyi bəhanə əsassız olub: "Qaz yayılıb, nəticədə insanlar ölüb. Biz məsələnin detallarını öyrənmək üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edirik. Fikrimcə, məsələni araşdırmaq çətin deyil. Əgər məlum olsa ki, qazı terrorçular yayıb, o zaman ABŞ nə edəcək? Rusiya rəsmiləri mənimlə danışıqlarda bildirirdilər ki, raket zərbələrinə görə, ABŞ-la münaqişənin bir addımlığında olublar”. İran Prezidenti həmçinin bildirib ki, hava zərbələri danışıqlar prosesinə zərər vurub. Onun fikrincə, Suriya münaqişəsinin həlli ancaq siyasi yolla mümkündür: "Yekun qərar siyasi olmalıdır. Fikrimizcə, sülh danışıqları irəliləməlidir ki, biz Suriyadakı böhranın yekun həllinə yaxınlaşaq. ABŞ-ın etdiyi isə danışıqlar prosesinə zərər vurub”.
"Suriyanın bir dövlət kimi məhvi Rusiya və Çini iqtisadi blokadaya ala bilər”
Politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında bəyan edib ki, ABŞ-ın Suriyada həyata keçirdiyi son əməliyyata qədər onsuz da bölgədə vəziyyət gərgin idi: "Rusiyanın hərbi əməliyyatlara başlamasından və Vaşinqtonun buna cavab verməsindən sonra vəziyyət daha da gərginləşib. Suriyada əməliyyatlar başlamazdan xeyli qabaq Moskva mümkün ssenarini təhlil edib. Rusiya xüsusi xidmət orqanları ölkədə təhlükəsizlik tədbirlərini son həddə qədər gücləndirib. Lakin bu, Sankt-Peterburqda terrorun qarşısını ala bilmədi. Artıq Rusiya Hərbi-Kosmik Qüvvələrinin hava əməliyyatları nəticəsində Suriyada terror təşkilatlarının demək olar ki, bütün əsas bazaları vurulub. Bütün bunlar Qərbin qıcığına səbəb olur. Suriya Yaxın Şərqdə Rusiyanın əsas müttəfiqlərindən biridir və orada Rusiyanın hərbi-dəniz bazası var. Məhz bu səbəbə görə, ABŞ həmin bazalara zərbələr endirdi. Suriyanın bir dövlət kimi məhvi Rusiya və Çini iqtisadi blokadaya ala bilər. Bu baxımdan, Moskvanın Suriya məsələsində hücuma keçəcəyini ehtimal etmək mümkündür”.
İsmayıl