Vyana görüşündən sonra Putinə zəng əlacsızlıqdır

Paşinyan balansı saxlaya bilmədi, Rusiyanın vassallığını seçdi



"Ermənistanın baş naziri Nikol Paşinyan Avstriya paytaxtında danışılanlar haqqında iki nəfəri telefonla məlumatlandırmağı lazım bilib”. Bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məlumat verib. Analitikin sözlərinə görə, Paşinyan görüşdən sonra ilk olaraq Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyana zəng edib:

 "Bunun səbəbi məlumdur. Paşinyan separatçıları rahatladır ki, narahatlığa əsas yoxdur. Vyanada onların istəyi əleyhinə heç nəyi müzakirə etməyib. 

Bəs Paşinyan ikinci zəngi Rusiyanın Prezidenti Vladimir Putinə niyə edib? Birincisi, baş nazir bununla göstərir ki, Qarabağ problemini separatçılarla yanaşı, Rusiyanın icazəsi olmadan da həll etməyəcək. 

Yəni Paşinyan Putinə zəng etməklə Rusiyadan asılı olduğunu göstərir. Halbuki, Paşinyan hakimiyyətə gələndə Qərblə Rusiya arasında balans saxlamağa çalışırdı. Balans alınmadı. Paşinyan özündən əvvəlkilər kimi Rusiyanın vassallığını seçdi. 

İkincisi, Putin telefonda Paşinyana deyib ki, Rusiya bundan sonra da münaqişənin həlli prosesinə dəstək verməyə hazırdır. Bu cümləni belə də oxumaq olar: "Danışıqlar prosesi Kremlin nəzarəti altında olmalıdır! Belə çıxır ki, Azərbaycan həm Ermənistan, həm də Ermənistan üzərindən Rusiya ilə də danışıqlar aparır. Paşinyan sadəcə vasitəçidir”.

İsmayıl