“Xalq Cəbhəsi” bəzi mətbuat orqanlarından daha müstəqildir”

Elçin Mirzəbəyli: “Tək hədəfimiz mövcud şərtlər altında ayaqüstə qalmaqdan ibarətdir”



Azərbaycanın gündəlik mətbuat orqanları sırasında öz dəsti-xətti ilə seçilən "Xalq Cəbhəsi” qəzeti 15 yaşını geridə qoydu. İlk nömrəsi 2001-ci il noyabrın 20-də çıxan qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olub. 2006-cı ildən isə "Xalq Cəbhəsi” qəzetinə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, şair, politoloq Elçin Mirzəbəyli rəhbərlik edir.

"Şərq”ə müsahibəsində həftənin 5 günü yayımlanan 15 illik mətbuat orqanının əsas siyasi xəttinin dəyişməz olaraq qaldığını vurğulayan baş redaktorun sözlərinə görə, qəzet bütöv azərbaycançılıq, vətənpərvərlik, türkçülük, türk dünyasının birliyi, dürüstlük, güney azərbaycançılıq uğrunda mübarizə aparır və öz təbliğatını da məhz bu yöndə qurub. Belə ki, "Xalq Cəbhəsi”nin 15 illik yubileyini təbrik üçün əlaqə saxladığımız Elçin Mirzəbəyliyə eyni zamanda qəzetin hazırkı fəaliyyəti və gələcək prespektivləri ilə bağlı bir neçə sual ünvanladıq.

"Xalq Cəbhəsi”nin 15 yaşı münasibəti ilə geniş bir yubiley tədbiri keçirmədiklərini vurğulayan baş redaktor qəzetin ad gününü kollektiv arasındaca qeyd etdiklərini bildirib. Amma sözsüz ki, ad günümüzlə əlaqədar redaksiyada bayram əhval-ruhiyyəsi hökm sürür.

- Qəzetin 15 illik fəaliyyətini necə qiymətləndirirsiz?

- Düşünürəm ki, bu suala daha dəqiq cavabı oxucularımız verməlidir. Öz adımdan onu deyə bilərəm ki, geridə qoyduğumuz bu illərin hər anı ilə qürur duyuram. Bu keçən müddət ərzində "Xalq Cəbhəsi” ancaq və ancaq Azərbaycanın milli və dövlət maraqlarına xidmət edib və daima jurnalistikanın peşə prinsiplərinə söykənərək öz fəaliyyətini davam etdirib. "Xalq Cəbhəsi” hər zaman Azərbaycana qarşı düşmən mövqedə dayanan qüvvələrin qarşısında dayanıb. Heç vaxt ucuz informasiya arxasınca qaçmayıb. Hər zaman milli hədəfləri qarşıya məqsəd qoyan bu qəzet azərbaycançılıq, türkçülük ideyalarının təbliği ilə məşğuldur. Yarandığı ilk gündən etibarən qəzetin informasiya siyasətində hər hansı bir dəyişiklik baş verməyib. Bu yolu bacardığımız qədər uğurla davam etdirməyə çalışmışıq.

Məhz bu səbəbdən də "Xalq Cəbhəsi” qəzeti hər zaman öz yeri, öz rolu olan bir mətbuat orqanı kimi seçilib. Biz bu gün də müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırıq. Yəni, qəzetin informasiya siyasətində daha çox analitik yazılara üstünlük veririk. Baş redaktor vəzifəsində kimin olmasından asılı olmayaraq qəzet sabit mövqeyini davam etdirir.

- "Xalq Cəbhəsi”nin adı daha çox partiya qəzeti kimi hallanır. İnformasiya siyasətində hansısa fərqlilik varmı?

- Əvvəla, onu deyim ki, "Xalq Cəbhəsi” partiya qəzeti deyil. Bu ancaq o halda doğru olardı ki, qəzetin təsisçisi partiya olardı. Amma "Xalq Cəbhəsi”nin təsisçisi müstəqil şəxsdir. Düzdür, mən partiya sədrinin müaviniyəm və heç kim üçün sirr deyil ki, qəzetin ayaqda qalması üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev dəstək verir. Amma bütün bunlar qəzetin informasiya siyasətinə təsir eləmir.

- Bəlkə də, "Xalq Cəbhəsi” qəzeti partiya ilə eyni ideyaları bölüşdüyü üçün cəmiyyətdə belə bir rəy formalaşıb?

- Onsuz da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prinsipləri və ideyaları Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edir. Vətənini, xalqını, bayrağını, istiqlalını sevən hər kəs eyni ideyaları bölüşür. Biz də bu prosesin bir parçasıyıq. Lap olsun, daşı, tozu. Bunun heç bir önəmi yoxdur. Əsas olan dövlətçilik və milli maraqların müdafiəsi ətrafında birləşməkdir.

Bu baxımdan da dövlətin, millətin, xalqın maraqlarına xidmət edən prinsiplərin müstəqilliyə xələl gətirdiyini söyləmək absurd olardı. Çoxları bilməyərəkdən, bəziləri də bilərəkdən "Xalq Cəbhəsi”ni partiya qəzeti kimi təqdim edirlər. Halbuki bizim qəzet bu gün özünü müstəqil adlandıran mətbuat orqanlarından daha müstəqildir. Bu müstəqillik ilk növbədə Azərbaycanın milli maraqlarına münasibətdə özünü büruzə verir. Mənə elə gəlir ki, əsas prinsip də budur. Millətin maraqlarına münasibətdə müstəqil olmaq, öz prinsiplərinə sədaqət nümayiş etdirmək və hər hansı bir xarici təsirə məruz qalmamaq ən böyük müstəqillikdir.
Partiyanın qəzetin fəaliyyətinə bu və ya digər formada müdaxiləsi yoxdur. Bizim aramızda qarşılıqlı etimad və səmimi münasibət var və bu münasibətlə də yolumuzu davam etdiririk.

- Qəzetin kollektivi neçə nəfərdən ibarətdir?

- Kollektivimiz o qədər də geniş deyil. Texniki işçilərlə birlikdə 14-15 nəfərik. Düzdür, kənardan yazı göndərənlər, bizimlə əməkdaşlıq edənlər də var. Amma mən sizə stabil olaraq birlikdə çalışdığımız insanların sayını dedim.

- Bəs, qəzetin maliyyə məsələsi necə həll olunur?

- "Şərq” qəzetində durum necədirsə, "Xalq Cəbhəsi”ndə də vəziyyət o cürdür.

- Kifayət qədər aktiv siyasətçisiz. Gün ərzində bir neçə media orqanlarına açıqlamalar verirsiz. Eyni zamanda, həm sədr müavini olaraq partiyada öhdəlikləriniz var, həm də ədəbi yaradıcılıqla məşğul olur, şeir yazırsız. Bütün bunlarla bərabər qəzetə necə vaxt ayırırsız?

- Bütün günüm qəzetdə keçir və demək olar ki, fəaliyyətimin əhəmiyyətli hissəsi qəzetlə bağlıdır. Digər tərəfdən də Qəzetin kifayət qədər peşəkar redaktor korpusu var. "Xalq Cəbhəsi”ndə elə bir oturuşmuş sistem də formalaşıb ki, hamı öz işini bilir.
Mən burda olsam da, olmasam da, qəzetin peşəkarlığı öz ampluasında davam edir və onlar öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlirlər.

- Gələcəklə bağlı planlarınız nə olacaq?

- Tək hədəfimiz mövcud şərtlər altında ayaqüstə qalmaqdan ibarətdir. Bacardığımız qədər "Xalq Cəbhəsi”nin yarandığı gündən seçdiyi yolu və fəaliyyət istiqamətini uğurla davam etdirməyə çalışırıq. Həmçinin də yeni mediaya qismən transformasiya etmək istiqamətində imkanlarımızı möhkəmləndirməyə çalışırıq. Hər halda əlimizdən gələni edirik, lakin bizdən asılı olmayan məqamlar da var.
Əsas odur ki, "Xalq Cəbhəsi” qəzetinin ənənəvi medianın prinsiplərinə söykənən sistemli bir idarəetmə strukturu var, sistemli fəaliyyət göstərən kollektivi var və bu kollektiv üzərindən istənilən böyük layihəni həyata keçirmək mümkündür.

Şəymən

"Şərq” qəzetinin kollektivi qəzetin baş redaktoru Elçin Mirzəbəyli başda olmaqla "Xalq Cəbhəsi”ndə çalışan həmkarlarını təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayır.