Xanımların arıqlamaq arzusu başına bəla olur

Həkimsiz, məsləhətsiz dərmanlar, çaylar qəbul etmək bəzən faciələrə gətirib çıxarır
"Nə yazıq ki, son zamanlar bəzi həkimlər də telefon, mesajlaşma, «votsap» üzərindən «müayinə» aparır və resept yazırlar; filan dərmanı al, filan dərmanı qəbul et. Bu, qətiyyən yolverilməz haldır"


Yevlax rayonunda 18 yaşlı qızın qəfil ölüm müəmması çözülməyib. Verilən xəbərlərdə bildirilir ki, 2000-ci il təvəllüdlü Sona Vüqar qızı Əliyevanın gecə saatlarında qəflətən halı pisləşib. Qızı Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin səhər saatlarında S.Əliyeva dünyasını dəyişib. Ailəsi Sonanın qəfil ölümünün səbəbini anlaya bilmir. Xəstəxanadan isə bildirilib ki, ölümün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Başqa bir xəbərsə bundan ibarətdir ki, S.Əliyeva arıqlamaq üçün nəzərdə tutulan xüsusi çaylar qəbul edirmiş. Bu fakt hələ təsdiqini tapmayıb. Bununla belə gənc qızın qəfil ölümü həm arıqlamaq üçün apteklərdə satılan və geniş reklam olunan çayların insan səhhətinə mənfi təsirləri, həmçinin plastik əməliyyatları da gündəmə gətirir. Məlumdur ki, günümüzdə bir çox qadınlar arıqlamaq sevdasına mübtəla olub və buna görə ən müxtəlif vasitələrə əl atırlar. Arıqlamaq çayları bu vasitələr arasında ən çox yayılanıdır. Xanımlarımız, necə deyərlər, içinə-çölünə məhəl qoymadan bu çayları alır və istifadə edirlər. Çaylarsa xanımlara kömək etməkdən, əksinə, həyatlarını qaraldır. Arıqlamaq, çəki atmaq üçün nəzərdə tutulduğu deyilən çayların xanımların səhhətində ciddi problemlər yaratması, hətta ölüm təhlükəsi ilə bağlı neçə fakt məlumdur. Bu çaylardan istifadə etdiyinə görə mədə yarası, mədə xorası xəstəliyinə düçar olan, qanaxma ilə üzləşən, üzləri, bədənlərinin müxtəlif hissələrində dəriləri səpən, yara tökən qızlar, qadınlar var. Arıqlamaq da bir dərd, bəla olub qadınlar üçün. Ahıllar demiş, «a bala, niyə qoymursunuz bədəninizdə ələ gələsi bir ət olsun?!»

Zarafat bir yana, artıq çəki atmaq çayları əsl təhlükə mənbəyinə çevrilib.

Tibb mütəxəssisləri də vətəndaşları bu cür vasitələrə etibar etməməyə çağırırlar.

Həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında mənşəyi və mənbəyi bilinməyən vasitələrdən istifadənin yolverilməz olduğunu dedi:

- 18 yaşlı qızın ölümünə nəyin səbəb olduğu əlbəttə, ekspertizadan sonra bilinəcək. Bu haqda əvvəlcədən danışmaq, rəy bildirmək doğru olmaz. Amma artıq çəkinin atılması, arıqlamaq üçün nəzərdə tutulduğu deyilən çaylar, başqa hansısa vasitələr təhlükəli ola bilər. Təəssüf ki, son illərdə bu cür vasitələrdən istifadə populyarlaşıb. İnsanlarımız bilmədən, həkim məsləhəti olmadan belə vasitələrdən özbaşına istifadə edir. 

Biri deyir, rəfiqəm içir, yaxşıdı, biri deyir, filankəs istifadə edib, nəticə alıb və sairə, başlayırlar qəbul etməyə və bəzən çox xoşagəlməz, hətta faciəli hallarla üzləşirlər. Birincisi, insan çəkisinin normada, yaxud normadan az və ya çox olduğunu bilməlidir. Bunun üçün həkimə də müraciət etmək də olar, tibbi məsləhətlərlə tanış olub, ümumi nəticəyə gəlmək də. İnsan ilk öncə bilməlidir ki, onun çəkisi boy göstəricisi ilə mütənasibdir, ya yox. Bunu öyrənməyin də öz üsulları var. Amma bizim xanımlar belə dəqiqlikləri, vacib məsələləri bilmədən arıqlamaq arzusuna düşürlər, halbuki bəzən baxırsan, gənc xanım, yaxud qadın o dərəcədə arıqdır ki, normal insan cildindən çıxıb. 

Arıqlıq da problemdir, köklük də. İnsan normal, düzgün həyat tərzi keçirirsə, onun nə arıqlıq, nə də köklük problemi olur. Mən dəfələrlə bildirmişəm ki, həkim məsləhəti, həkim təyinatı olmadan dərman vasitələrini alıb istifadə etməyin. Amma nə yazıq ki, son zamanlar bəzi həkimlər də telefon, mesajlaşma, «votsap» üzərindən «müayinə» aparır və resept yazırlar; filan dərmanı al, filan dərmanı qəbul et. Bu, qətiyyən yolverilməz haldır. Apteklərdə, satış mərkəzlərində satışa çıxarılan arıqlamaq çayları, əhval-ruhiyyəni yüksəltmək vasitələri təhlükəli ola bilər. Onları almazdan, qəbul etməzdən öncə mütləq həkimlə məsləhətləşmək, müayinələrdən keçmək lazımdır. Bu çayların tərkibi bilinmir, bəlkə tərkibi heç yoxlanmır da. Çindən gətirilən keyfiyyətsiz çaylar da olur. Xanımlar səhhətlərinə qarşı niyə belə səhlənkardır, anlamıram…

Ş.Məmmədov plastik əməliyyatlara aludəçiliyin də insan həyatı üçün təhlükəli olduğunu bildirdi:

- Plastik əməliyyatlara gərək hər kəs meyilli olmasın. Baxırsan, gərək oldu, olmadı, can atırlar ki, dodaqların ölçüsü böyüdülsün, burun kiçildilsin, piylər alınsın. Bunlar hamısı insan həyatı üçün böyük risk daşıyır. Plastik əməliyyatdan sonra eybəcər hala düşmüş neçə-neçə insan var. İtirilmiş sağlamlığı geri qaytarmaq mümkün olmur. Sonrakı peşmançılıq da fayda vermir. Plastik cərrahiyyə əməliyyatı zəruri halda həyata keçirilməlidir. Əgər insanın dodaqlarında, burnunda, gözündə-qaşında onun normal həyatına, yaşayışına, nəfəs almasına çətinlik törədən amillər varsa, yalnız bu halda plastik cərrahiyyə əməliyyatı tövsiyə edilməlidir. Yadınızdadır, gənc model xanım liposaksiya - piy qatının alınması əməliyyatı zamanı vəfat etdi. Yəni, bu cür əməliyyatlar riskli də ola bilir və bəzən insanın həyatının sonlanmasına gətirib çıxarır.

Məlahət Rzayeva