Xaricdə yaxşı universiteti bitirib gələnə kim nə deyə bilər?

“Ancaq bir adam imtahan verə bilmirsə, “Mən xaricdə oxuyub gəlmişəm” deməklə üstünlük qazanmır”


Son 1 ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb. Gündəmin əsas mövzularından biri 900 nəfərin sonrakı aqibətinin necə olmasıdı.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33 faizdən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb.

İdarə rəisi qeyd edib ki, bu da rəqəmlə 900-ə yaxın vətəndaşın diplomunun tanınmaması deməkdir: "İmtinanın səbəbləri əsasən vətəndaşların tədris dilini bilməməsi, öz ixtisasından heç bir məlumatın olmaması, eləcə də daxil olan sərhəd məlumatına əsasən verilmiş imtinalar, ixtisasların təhsil pillələri üzrə uyğunsuzluğu və digərləri daxildir. Təhsil müəssisələrini uğurla bitirən 60 faizdən çox şəxsin diplomları isə ölkədə tanınıb”.

Xəzər Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı xaricdən verilən diplomların ölkəmizdə tanınması proseduru ilə bağlı "Şərq”ə danışıb. 

Professor bildirib ki, insanlar xaricə üz tutursa və daha keyfiyyətli təhsil almaq məqsədi güdürlərsə, bu olduqca yaxşı haldır. Amma hər bir ölkədə prestijli universitetlər olduğu kimi, insanlara savad verməkdə maraqlı olmayan müəssisələr də var: 

"Xaricə gedən şəxs yaxşı bir universiteti seçir və oranı uğurla bitirib gəlirsə, məncə, onların diplomunun ölkəmizdə tanınmasında heç bir problem olmaz. Kimsə tanınmış bir universitetdə yaxşı təhsil aldı və geri gəldi. Kim ona nə deyəcək ki?

Lakin bu məsələ ilə bağlı bir sıra nüanslar da var. İnsanların xeyli hissəsi ölkəmizdə qəbul imtahanı verə bilmir, yəni zəif hazırlaşırlar, bal toplaya bilmirlər. Xaricdə isə gedib heç bir imtahan vermədən hansısa universitetə daxil olmaq olar. Dünyanın müxtəlif ölkələrində belə universitetlər var. Bu universitetlər nüfuzlarının qorunmasında, ciddi tədqiqat işlərinin aparılmasında maraqlı olmurlar. Onlar sadəcə düşünür ki, tələbələr gəlsin, pul versinlər. Amma fakt budur ki, ortada ciddi bir savad yoxdu. Bu şəxslər ölkəmizə gələndə diplomlarının tanınmasında problem yaranır, çünki potensialı yüksək olan bir universiteti yaxşı qiymətlərlə bitirməyiblər”.

H.İsaxanlı həmçinin bildirib ki, valideynlər də diqqətli olmalıdır. Sırf xarici ölkədir deyə övladlarını bilib-bilmədən hansısa universitetdə təhsil almağa göndərməli deyillər. Əks halda bu cür problemlər yarana bilər: "Ona görə də övladları gedib elə yerdə oxuyacaqlar ki, o oxumağın heç bir faydası yoxdur. Ondansa bir az çalışsalar və Azərbaycandakı zəif universitetlərə girsələr, heç bir problemləri olmaz. Bir adam imtahan verə bilmirsə, "Mən xaricdə oxuyub gəlmişəm” deməklə üstünlük qazanmır. 

Əlbəttə ki, vətəndaşlarımız getsin Kembric unversitetində və ya başqa Avropa ölkələrində təhsil alsınlar. Amma onlar diqqətli olmalıdır ki, getdikləri universitet yaxşıdır, ya yox. Demirəm ki, gedib İngiltərənin ilk 10 universitetlərindən birində təhsil alsınlar, ilk 100 universitetin içində olan ali məktəblərin birində də oxuyub gələ bilərlər”.

Yeganə Bayramova