Xəbər başlıqları...

Elman Cəfərli: “Mediada son 10 ildə başlıqlar, yarımbaşlıqlar xeyli dəyişib”
Anar Rüstəmov: “Təəssüf ki, iradların heç bir nəticəsi yoxdur”



Aqil Camal: "Oxucular arasında sorğu keçirilsə, böyük əksəriyyət xəbər başlıqlarından şikayətlənəcək”

Elnur Məhərrəmli: "Uzaqbaşı, oxucunu 3-5 dəfə aldadıb sayta "dartmaq” olar”

İntiqam Valehoğlu: "Başlıq məsələsində birmənalı qayda yoxdur”





Azərbaycanda xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulan uğurlu və ya uğursuz, doğru və ya aldadıcı başlıqlardır. Məlumdur ki, sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün media orqanlarında gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik.

Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur. Bir sıra hallarda isə seçilən başlıqlar oxucuları aldatmaq məqsədi daşıyır. Sərlövhə gözəl olsa da, oxucu yazıda başlığa aid heç nə tapa bilmir. Ekspertlər də hesab edirlər ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının sərlövhə qoymasını "xoş” qarşılamırlar. Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni, əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, ona uyğun yazı yazanlar da. Media nümayəndələri başlığı yazının "qapısı” sayırlar. Hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Lakin yazını oxutdurmaq naminə mövzuya məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Şit və məzmuna yad başlıqlar yazını gözdən salır, aldadıcı başlıqlar isə oxucu itkisinə səbəb olur. Redaktorların fikrincə, hər yazının içində onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq olur. Əgər yoxdursa, deməli, yazı "iki qəpiklik”dir.

Məsələ ilə bağlı "Şərq”ə danışan "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev hesab edir ki, istər qəzet, istərsə də internet mediada informasiyanın özü qədər ona qoyulan başlıq daha diqqətçəkən olmalıdır: 

"Bildiyimiz kimi, başlıq iki əsas funksiya daşıyır: - məlumatlandırmaq və diqqəti cəlb etmək. Məlumatlandırmaq üçün də mütləqdir ki, diqqəti cəlb edəsən. İnformasiyanı qısa vermək və mətni oxutdurmaq başlığın ilk əsas məqsədidir. Hamımıza məlumdur ki, pis başlıqla verilən yaxşı bir xəbərin oxunma şansı çox aşağıdır. Bununla biz hər gün fəaliyyətimizdə qarşılaşırıq. Bu səbəbdən bütün növ media resursları başlıq seçməyə böyük önəm verirlər. Bir çox jurnalist həmkarımı tanıyıram ki, onlar başlıq seçimində sanki ixtisaslaşıblar. Təəssüf ki, bu gün bəzən informasiyanın mətninə heç bir aidiyyəti olmayan başlıqlarla da qarşılaşırıq. Yəni xəbərin içinə girdiyimiz zaman tamam başqa məlumatla rastlaşırıq. Əlbəttə, bu yanlış yönləndirmə həmin media orqanının etibarlılığına mənfi təsir göstərir. Düşünürəm ki, başlıqdakı ifadə açıq və konkret olmalı, mümkün olan qədər qısa bir cümlə şəklində yazılmalıdır. Başlıq həm də xəbərin verə biləcəyini təkrarlamamalıdır - yəni mətnin təsirini azaltmamalıdır”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli bildirib ki, sərlövhə və yarımsərlövhə yazının məzmununa uyğun olmalıdır: 

"Mən rus və türk mediasını izləyirəm. Orda bizim mətbuatdakı, özəlliklə onlayn mediadakı kimi başlıqlar qoymurlar. Çünki onlar İP qazanmağı yox, xəbərin peşəkarlıqla çatdırılmasını düşünürlər. Hazırda qeyd etdiyiniz məsələyə görə, Azərbaycan mətbuatı 3 yerə bölünür. Rəsmi mətbuat, müstəqil media və sarı mətbuat. Rəsmi mətbuat İP dalınca qaçmır, mümkün qədər Azərbaycan mətbuatının ənənələrini yaşatmağa çalışır. Müstəqil mediada son 10 ildə başlıqlar, yarımbaşlıqlar xeyli dəyişib. Məsələn, 1990-cı illərin mediasında gördüyümüz "Deputat naziri sərt tənqid etdi” başlığını 2004-2005-ci illərdən sonra yaranmış saytlar bu cür verir: "Deputat naziri yıxdı-sürüdü”. Bu ənənə məncə türk mediasından gəlmədir. Türklər bu məsələdə çox sərbəstdir. Türk dilinin imkanları da çox genişdir. Bir də var sarı mətbuatın, reket saytların qoyduğu xəbər, məqalə başlıqları. Onlarda məsuliyyət hissi, xəbərə peşəkar yanaşma yoxdur. Jurnalist etikası onları maraqlandırmır. Təki İP gəlsin, xəbərə baxılma sayı çox olsun. Onu da deyim ki, bunlar kütləyə işləyən saytlardır, İP sayı ilə də öyünməsinlər”. Redaktor bildirib ki, Azərbaycanda kifayət qədər savadlı, diqqətli oxucu kütləsi var: "Onlar üçün işləməyə, daha məzmunlu xəbər, yazı yazmağa dəyər. Bu yaxınlarda müstəqil medianı təmsil edən bir tanınmış saytda təxminən belə bir başlıq gördüm: "Xalqın gözlədiyi qərar. Prezident bunu da etdi. Xalqı sevindirdi. Millət bayram edir”. Redaktor dostumdur, yazdım ki, bu cür başlıqlar sizə uğur gətirməz, bu, reket saytların üsuludur. Mümkünsə dəyişin, bəlli bir imiciniz var. Sağ olsun, məni eşitdi, başlığı dəyişdi. Mənim fikrimcə, tanınmış media ekspertləri, təcrübəli redaktorlar vaxtaşırı bununla bağlı yazmalı, söhbətlər aparmalı, İP dalınca qaçan redaktorlara məsləhətlər verməlidir. Məncə, qınaq çox yaxşı tərbiyə metodudur. Əməl edənlər də var”.


"Azvision.az” saytının redaktoru Anar Rüstəmov da deyib ki, onlayn media inkişaf etdikcə, bəzi problemlər üzə çıxır. Bunlardan biri istinad, digəri isə xəbər başlıqlarıdır: 

"Dəfələrlə bu mövzulara toxunulub, iradlar bildirilib. Təəssüf ki, bu iradların heç bir nəticəsi yoxdur. Əksinə, getdikcə daha iyrənc hal almağa başlayıb. Başlıq problemi daha çox yeni yaranan saytlarda müşahidə edilir. Nümunə üçün deyim, bu yaxınlarda belə bir başlıqlı xəbər qarşıma çıxdı: "Filankəs elə hərəkət etdi ki...”. İstər-istəməz bu başlıq oxucunu cəlb edir. Mənə maraqlı gəldi ki, görəsən, həmin şəxs hansı hərəkəti edib. Yazını oxuyanda görürsən ki, başlığın xəbərə qətiyyən aidiyyəti yoxdur. Mənim kimi yüzlərlə insan hər günü beləcə aldadılır. Həmin saytları idarə edən şəxslər hesab edirlər ki, bu yolla oxucu toplaya, reklam cəlb edə bilərlər. Amma düşünmürlər ki, kütləni bir-iki dəfə aldatmaq olar. Üçüncü dəfə həmin saytları heç kim oxumayacaq. Bunun da kökündə təcrübəsizlik və qeyri-peşəkarlıq dayanır. Başlıq qısa və diqqətçəkən olmalıdır. Uzun başlıqlar yorucu olur. Yazı nə qədər mükəmməl olsa da, uzun-uzadı, primitiv başlıqlar oxucunun diqqətini çəkmir”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal vurğulayıb ki, mediamızın qəzetçilik dönəmində yazı başlıqlarına, sərlövhələrin yazının mahiyyəti ilə uyğunluğuna ciddi diqqət edilirdi: 

"İnternet mediasının özü ilə gətirdiyi özəlliklərdən biri də xəbər başlıqlarıdır. Əgər bu gün oxucular arasında sorğu keçirilsə, böyük əksəriyyət xəbər başlıqlarından şikayətlənəcək. Bunu sosial şəbəkələrdə saytların paylaşımlarının altına yazılan rəylərdən də görmək olur. Bəzən yazıya elə başlıqlar çıxarırlar ki, yazının içərisində onunla bağlantılı bir informasiya belə tapmırsan. Bu isə oxucu tərəfindən etirazla qarşılanır. Oxucu bir növ özünü aldadılmış hiss edir. Eyni zamanda, davamlı olaraq şişirdilmiş başlıqlarla oxucu cəlb etmək istəyən media resurslarının etibarına və mötəbərliyinə də xələl gəlir. Artıq oxucu həmin media orqanının doğru xəbərlərini də oxumaq istəmir. Davamlı olaraq İP xatirinə yanlış başlıqlardan istifadə edən saytlar bu məsələyə diqqət etməlidirlər. Çünki bugünkü kəskin rəqabət şəraitində və informasiya almaq üçün alternativlərin çox olduğu bir vaxtda daha etibarlı, inamlı media qurumu kimi çıxış etmək ən doğru yoldur”.

"Azpolitika.az” saytının redaktoru Elnur Məhərrəmli də məqalələrə, xəbərlərə uğurlu sərlövhənin seçilməsinin çox vacib amil olduğunu söyləyib: 

"Yaxşı sərlövhə maraqlı yazını onminlərlə oxucuya oxutdurar, amma uğursuz sərlövhə yaxşı yazını məhv edər. Sərlövhənin qısa, lakonik olması və oxucuda ilk andan maraq yaratması lazımdır. Lakin sərlövhə mütləq yazının məzmununa uyğun olmalıdır. Başlıq ilə məzmunun uyğun gəlməməsi oxucuya hörmətsizlik və qeyri-ciddiliyin ən bariz əlamətidir. Biz tez-tez, xüsusən də feysbukda belə qeyri-ciddi, oxucunu ələ salan başlıqlara rast gəlirik. Lakin bununla uzağa getmək mümkün deyil. Uzaqbaşı, oxucunu 3-5 dəfə aldadıb sayta "dartmaq” olar”.

"Ölkə.az” saytının əməkdaşı İntiqam Valehoğlu da bildirib ki, mətbuatda başlıq məsələsiylə bağlı ciddi problem mövcuddur: 

"Demək olmaz ki, hər başlıq yazının içindən maraqlı olur. Bəzən baxırsan ki, adi başlığın altında çox maraqlı xəbər gizlənib. Təbii ki, bu da redaktorun qeyri-peşəkarlığından irəli gəlir. Ümumiyyətlə, son beş ildə mətbuatda redaktor anlayışı bərbad vəziyyətdədir. Hər yoldan keçən gəlib redaktor olur. Kiminsə yaxını olmağı kifayət edir. Başlıqların uzun, yoxsa qısa olmağına gəlincə, arzuolunandır ki, başlıq yığcam olsun. Eyni zamanda yazının içini tam da olmasa, oxucuya çatdıra bilsin. Başlığı çox uzun edib, yazının içindəkiləri də tam açmaq olmaz. Təbii ki, başlıq məsələsində birmənalı qayda yoxdur. Düzdür, son qərarı redaktor versə də, müxbirin də maraqlı fikri mütləq nəzərə alınmalıdır. Xaricdə isə bildiyim qədərilə sırf başlıq üzrə redaktorlar var. Onların işi yazını oxuyub, başlıq qoymaqdır”.

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb