Pediatrın sözlərinə görə, analar uşaqlarının səhhətinə qarşı mütləq şəkildə xüsusi diqqət ayırmalıdır
Xəstə uşaq evə qaytarılmalıdır
Sinifdə bir uşaq 1 dəfə asqırmaqla bütov bir sinfi qripə yoluxdura bilər
Pediatrın sözlərinə görə, analar uşaqlarının səhhətinə qarşı mütləq şəkildə xüsusi diqqət ayırmalıdır
Pediatrın sözlərinə görə, analar uşaqlarının səhhətinə qarşı mütləq şəkildə xüsusi diqqət ayırmalıdır
Havalar soyuyandan sonra qripə yoluxan insanların sayı artıb. Xüsusən də immuniteti zəif olan uşaqlar arasında bu virus sürətlə yayılmağa başlayıb. Məhz bu səbəblə də məktəblərdə qrip əleyhinə monitorinqlər aparılacaq. Payız-qış mövsümü ilə əlaqədar qrip və kəskin respirator xəstəliklərin profilaktikası məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Əmrə əsasən ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması nəzərdə tutulub. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, profilaktik tədbirlər çərçivəsində qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, eləcə də tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tapşırılıb. Qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı da yaradılacaq.
Qrip virusunun son dərəcə təhlükəli və yoluxucu olduğunu vurğulayan pediatr Vaqif Qarayev isə "Şərq”ə açıqlamasında deyib ki, qrip ümumi anlayışdır. Bu virusun 3 növü var - A, B, C. Bu xəstəlik həm gedişatı, həm də əlamətləri ilə çox ciddi bir xəstəlikdir. Virusun fəsadlaşdıqda ölüm təhlükəsi yaranır. Qrip epidemiyaları vaxtı ilə yüzminlərlə insana həyatı bahasına başa gəlib.
Qripin adi soyuqdəymə və kəskin virus infeksiyalarından fərqləndiyini vurğulayan həkim deyib ki, onlar elə də ağır nəticə vermir. Onun sözlərinə görə, qriplə bağlı aparılan monitorinqlərin mahiyyəti bu virusu aşkarlayıb, müvafiq qurumları məlumatlandırmaqdan ibarətdir: "Qrip virusu Ümumdünya Səhiyyə Təşkilatının nəzarətində olan bir xəstəlikdir. Hansı ölkədə qrip daşıyıcısı aşkarlanırsa, mütləq bu təşkilatı məlumatlandırmaq lazımdır. Xəstəlik epidemiya həddinə çatacağı təqdirdə yerli hökumət və ÜST qrip əleyhinə mübarizə tədbirlərinə başlayır. Təbii ki, monitorinqlər çərçivəsində soyuqdəymə və kəskin virus infeksiyaları da yoxlanacaq və lazımi addımlar atılacaq”.
Məktəblərdə qrip əleyhinə monitorinqlərin aparılmasını təqdir edən pediatrın fikrincə, xəstə uşaqların dərslərdə iştirak etməsində hər nə qədər məktəb rəhbərliyinin suçu varsa, müəllimlərdən daha çox valideynlər günahkardır: "Virusa yoluxma halları daha çox uşaq bağçaları və məktəblərdə baş verir. Qrip virusu hava-damcı yolu ilə - öskürək və asqıraqla keçir. Bu isə o deməkdir ki, bir sinifdə bir uşaq 1 dəfə asqırmaqla bütov bir sinfi qripə yoluxdura bilər. Son gün ərzində bəlkə 10 dəfə bu istiqamətdə maarifləndirici statuslar yazıb valideynlərə xəbərdarlıq etmişəm. Xüsusən bağçalarda xəstə uşaqları qəbul etməməlidirlər. Epidemioloji vəziyyətdən asılı olaraq, yəni soyuqdəymə halları çoxalırsa, səhərlər hər uşaq yoxlanılandan sonra qrupa buraxılmalıdır. Xəstə uşaq evə qaytarılmalıdır. Uşaqların təhlükəsizliyinə tam nəzarət edilməlidir. Məktəblərdə sinif rəhbərinin üzərinə də eyni məsuliyyət düşür. Ən birinci qınaq obyekti isə valideynlərdir”.
Pediatrın sözlərinə görə, analar uşaqlarının səhhətinə qarşı mütləq şəkildə xüsusi diqqət ayırmalıdır:
"Əziz valideynlər, 1 yaşa qədər olan körpələrinizdə cüzi narahatlıq hiss edilən kimi həkimə müraciət edin. Körpə uşaqları türkəçarə, özfəaliyyətlə müalicə etmək çox təhlükəlidir.
Həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını vermək olar. Başqa heç nə!
Südəmər yaşda olan uşaqlarda adi soyuqdəymə və kəskin virus infeksiyaları öz gedişatı ilə fərqlənir. Bu da uşaqların tənəffüs yollarının anatomik quruluşundan irəli gəlir. Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Türkəçarələrdən əlavə digər böyük problem də aptek satıcılarının məsləhətləri əsasında alınan dərmanlardır. Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər...
Bu, düzgün deyil! Olmaz! Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır. Çünki bizim aptekçilərlə marketdəki satıçılar arasında heç bir fərq yoxdur. Halbuki aptek satıcısının tibbi təhsili olmalı və o, bütün dərmanların "instruksiyası”na bələd olmalıdır. Nə aptek satıcıları, nə qohum-qonşu, nə də internetdəki məlumatlar körpə uşağın qızdırmasının hansı səbəbdən qalxdığını bilmir. Virus infeksiyaları zamanı antibiotiklərdən istifadə qəti qadağandır. Əgər qızdırmanın səbəbi bakteriyalardırsa, bu zaman antibiotik təyin etmək olar. Bu ikisi arasındakı fərqi isə ancaq həkimər bilir”.
Yenidən xəstə uşaqların məktəbə getməsi məsələsinə diqqət çəkən həkim deyib ki, bu zaman həm özləri gec sağalacaq, həm də digər uşaqların virusa yoluxmasına səbəb olacaqlar: "Anaların bir arqumenti var ki, uşaq evdə qalanda işə gedə bilmirlər. Lakin bu fikri ciddi hesab etmirəm. Xəstəlik vərəqi deyilən bir şey var. Sahə həkimləri tərəfindən analar üçün xəstəlik vərəqi yazılmalıdır. Ancaq bu məsələdə anaları da günahlandırmaq çətindir. Çünki iş yerləri onların evdə olduqları günə görə ödəniş etmirlər. Bu problemin kökündə isə həmkarlar təşkilatının olmaması dayanır. Bağçalarda da eyni vəziyyətdir. Tərbiyəçilərdən soruşanda ki, "qızdırmalı uşağı niyə qəbul etmisiniz?", "anası gətirib atdı” deyir”.
Pediatrın sözlərinə görə, məktəblərdə virus yayılmasının qarşısını almaq üçün mövsümi xəstəliklər artan kimi bütün məktəblər tibb personalı ilə təmin olunmalıdır.
Ən azından da tibbi bacısı uşaqlara nəzarət etməlidir. Bağça uşaqlarının isə səhər tezdən mütləq temperaturu yoxlanılmalıdır. Xəstə uşağa evdə baxmağın dərdindən bağçaya aparır, məktəbə göndərirlər. Sonra da həkimləri qınayırlar ki, yazdığı dərmanların bir faydası olmadı. İynə-dərmandan əlavə xəstə uşağa ana qulluq etməlidir”.
Şəymən