Xəstə yaxınları çox aqressivləşiblər

Təcili yardım həkimlərinin döyülməsi tərbiyəsizlikdir
Termometri əlimdən alıb, kənara atdı ki, sizi bura temperatur ölçməyə yox, uşağı müayinə eləməyə çağırmışam. Sonra da bizi təhqir edib, “çıxın gedin” deyə evindən qovladı

Mən özüm də dəfələrlə vətəndaşların təzyiqlərinə məruz qalmışam

Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb. Hadisə gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsi 6 a ünvanında yerləşən "Pion Palace”nin həyətində qeydə alınıb. Adıçəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər.

Zərərçəkənlərin məlumatına görə, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxs onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Polis bölməsindən bildirilib ki, zərərçəkənlərin izahatları alınıb və xəsarətlərinin müəyyən olunması üçün onlar Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən məhkəmə tibbi ekspertizasından keçiblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən Salmanova Günel Elman qızı və Elvin adlı şəxsin də izahatları alınıb, sərxoşluq dərəcəsinin müəyyən olunması üçün ekspertizadan keçiblər.

Təcili yardım həkimlərinin vətəndaşlar tərəfindən döyülməsi faktlarına səbəb kimi təcili çağırılan həkimlərin gecikməsi, bəzən də xəstənin son nəfəsinə gəlib çatması kimi faktlar əsas gətirilir. Əlbəttə, bu variant heç zaman doğru qəbul edilə bilməz. Lakin gözü qarşısında yaxını halsız vəziyyətdə qalan, ölən biri ona yardım etmək üçün gələn həkimin gecikməsinə səbrlə yanaşa bilməz. Axı hər şeydən dəyərli insan həyatıdır.

Nəzərə alsaq ki, təcili yardım insanların məhz təcili ehtiyacları olan bir ünvandır, bu tip gecikmələr onların haqlı narazılığına səbəb olur.

Uzun illərdir təcili yardım həkimi işləyən Şahvələd Məmmədov isə hesab edir ki, vətəndaşlarla həkimlər arasında yaşanan narazılıqlara, dava-dalaşlara səbəb insanların həddindən artıq aqressivləşməsidir:

"Xüsusən də gənclərimiz çox dözümsüz və bəzi hallarda mədəniyyətsiz olublar. Mən özüm də dəfələrlə vətəndaşların təzyiqlərinə məruz qalmışam. Döyülməsəm də, bəzi vaxtlar döyülməkdən artıq sözlər eşitməli oluruq. Elə dünən axşam aldığımız çağırış üzrə bir evə getdik. Xəstə uşaqdır və yediyini qaytarır. Uşağı müayinə etmək üçün əvvəlcə onun temperaturunu ölçmək istədim ki, bəlkə elə aşağı düşüb. Anası termometri əlimdən alıb, kənara atdı ki, sizi bura temperatur ölçməyə yox, uşağı müayinə eləməyə çağırmışam. Sonra da bizi təhqir edib, "çıxın gedin” deyə evindən qovladı. 

Mən də bu hadisə ilə bağlı gələn kimi Mərkəzi məlumatlandırdım ki, bizə qarşı bu cür hörmətsizlik edilib. İnandırım sizi, Bakıda yaşayan əcnəbilər, əcnəbi əsilli azərbaycanlılar həkimləri o qədər mədəni qarşılayıb, yola salır ki, insan məəttəl qalır. Burada söhbət maddi qarşılamadan getmir, səhv anlamasınlar məni. Məsələ insani rəftardan gedir. Ancaq qanı- qanımızdan, canı-canımızdan olan bəzi vətəndaşlar bizi az qala qılınc-qalxanla qarşılasın. Sözsüz ki, bunu hamıya şamil etmək doğru deyil. Bakıda yaşayan kifayət qədər alicənab ailələr var. Amma aqressiv və dözümsüz insanlarımız da az deyil. Mədəni səviyyəsi, etikası aşağı olan gənclərin sayı sanki artır”.

Mübahisələrin, davaların Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının astagəlliyi və xəstələrin həyatına qarşı biganəliyi ilə əlaqələndirilməsinə gəldikdə isə həkim bu kimi iddiaların əsassız olduğunu deyib. Onun sözlərinə görə, Mərkəzlərdə kadr çatışmazlığı problemi yaşanır, müraciətlər çox olanda "103” evlərə göndərməyə həkim tapmır deyə müəyyən gecikmələr olur: 

"Suraxanı rayonunda cəmisi iki dənə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası var. Əhalinin sayı isə yarım milyondan artıqdır. 1970-ci illərin statistikasında 300 min əhaliyə 5 həkim ayrılıb. O vaxtdan bura isə əhalinin sayı bir o qədər də artıb. Bunun günahı həkimlərdə deyil ki?! Təcili Tibbi Yardım Stansiyasının heyəti yerləşdiyi ərazidə əhalinin sayına görə təyin edilir. Yeni Günəşli qəsəbəsindəki təcili yardım stansiyasında 4 həkim var. Bu stansiya təkcə Yeni Günəşliyə deyil, Qaraçuxura da baxır, həmin ərazidəki digər yaşayış massivlərinə də xidmət göstərir. Nəzərə almaq lazımdır ki, paytaxtda əhalinin sayı kəskin artıb. 

Əhalinin sayı 10 il, 20 il əvvəlki kimi deyil. Axşam vaxtı, əhalinin işdən çıxdığı vaxtlarda çağırışlar olur, yollarda tıxaclar, təcili yardım da gecikir. 5 həkim eyni vaxtda bütün çağırışlara necə çata bilər? Təcili yardım həkimlərinin sayı ilə əhali sayı arasında 50 faiz kəsir var. Həkimlər oturub nərd oynamır ki, bilərəkdən geciksin. Əgər təcili yardım gecikibsə, deməli, həkimlərin hamısı xidmət başında olub. Şəxsən mən özüm dünən gecəni səhərə qədər yatmamışam, çağırışlarda olmuşam. Üstəlik də təhqir olunmuşam.

Səhiyyə Nazirliyi mövcud problemlərə yol açan kadr çatışmazlığını aradan qaldırmalı və təcili tibbi yardım stansiyası həkimlərinin sayını artırmalıdır. O qədər əli diplomlu küçələrdə qalan həkimlər var ki, imtahan keçirib, götürsünlər işə. Bizə çağırışlar ratsiya vasitəsilə bildirilir, lakin xəstə yanında olduğumuzdan həmin çağırışlara vaxtında gedə bilmirik. Çağırış 21:40-da qəbul olunur, həkimə də çatdırılıb 22:20-də. 5 -10 dəqiqə də yolu hesablasaq, 35-40 dəqiqə çağırış gecikir. Təcili tibbi yardım həkimlərinin bir sıra hallarda xəstənin son nəfəsinə çatması heç də sadəcə onların peşəkarlıq keyfiyyəti ilə bağlı deyil. Müraciətlərin çox olması, növbədə həkimlərin sayının az olması və yollardakı tıxac və maşınların texniki hərəkət imkanlarının məhdud olması təcili yardım maşınlarının gecikməsinə səbəb olur. İnsanlarımız da aqressiv olduğu üçün biz bunu onlara izah edə bilmirik. Hamımız üçün doğmalarımız, yaxınlarımız əzizdi. Xəstənin özünü də, yaxın adamına də keçirdiyi narahatlıq, həyəcandan dolayı elə gəlir ki, həkim gecikir. Halbuki bunun səbəbi "103”ün məsuliyyətsizliyi deyil. Əlaqədar qurumlar bu problemlərin həllini tezləşdirməlidir. Həkim briqadalarının sayı yetərli olarsa, çağırışlara da vaxtında gedilər”.

Psixoloq Azad İsazadə də xəstə yaxınlarının təcili yardım həkimlərinə qarşı emosional davranışların, fiziki hücumların artmasını bütövlükdə cəmiyyətin aqressivləşməsi ilə əlaqələndirib: 

"İnsanlar çox əsəbi olub. İstənilən halda emosional çıxışlar edə bilirlər. Bunun təcili yardım maşınlarının gecikməsi ilə əlaqəsi yoxdur. Bu ani partlayış ayrı-ayrı faktlarda da özünü büruzə verir. Axı uzun müddət insan bədənində yığılan aqressiya haradasa özünü göstərməlidir. Görünür, həmin şəxslərin aqressiya partlaması da o ana təsadüf edib”.

Şəymən