Xəstəliklər aşkarlandı

Aşura günü qan verən bəzi şəxslər təkrar müayinəyə dəvət olunur «Onların adı, familiyası, hansı rayonda yaşadıqları qeydiyyata alınıb"



Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanın infeksiyalara görə müayinəsi aparılıb.

Nazirlikdən verilən məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment) metodu ilə həyata keçirilib.

Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Bir nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə siflis aşkarlanıb.

Məsələ ilə bağlı tibb elmləri doktoru, onkoloq-alim Adil Qeybulla «Şərq»ə açıqlamasında bildirib ki, Hepatit, QİÇS, siflis infeksiyalarına yoluxan şəxslər mütləq məlumatlandırılmalıdır. Eyni zamanda lazımi strukturlara bildirilməlidir ki, həmin şəxslər müalicəyə göndərilsin.

 Bilirsiz ki, siflisli, hepatitli xəstələrə xüsusi dövlət yardımı var, onlar qeydiyyata alınırlar və müalicə alırlar. Hər halda bu müayinələrin nəticəsi onu göstərir ki, xeyli potensial, qeydə alınmamış virus infeksiyalı olan xəstələr var».

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə «Şərq»ə deyib ki, artıq qanında infeksiya aşkar olunan şəxslərin kimliyi müəyyənləşdirilib. «Onların adı, familiyası, hansı rayonda yaşadıqları qeydiyyata alınıb. Həmin şəxslər təkrar müayinəyə dəvət olunur. Yenidən diaqnoz təsdiqlənərək həmin insanlara bu barədə məlumat verilir».

İlahə