Xəyanətə görə cəza ən çox şəriət ölkələrində olur

Mehriban Zeynalova: “Ərdoğanın bu məsələni qaldırması, birbaşa qadınlara yönəlik bir mesajdır” İradə Cavadova: “Ümumiyyətlə, bizdə boşanma halları çox rahat şəkildə aparılır”



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının təkidi ilə ölkədə ər-arvadın xəyanətinə görə cəzanı nəzərdə tutan qanunun ləğvinə heyifsləndiyini bildirib. Türkiyə KİV-nə istinadən aldığımız məlumata görə, 1996-cı ildə Türkiyənin konstitusiya məhkəməsi ölkədə xəyanət haqqında qanunu ləğv edib. Ali məhkəmə qərarı ölkədə qadınların kişilərdən daha çox cəzalanması ilə əsaslandırıb.

Ləğv olunmuş qanuna görə evlilik müddətində bir dəfə olsun belə xəyanət edən qadınlar cinayət məsuliyyətinə cəlb olunduğu halda, kişilər yalnız nikahdan kənar uzunmüddətli əlaqələrdə olduğu zaman cəzalanıb.

Ərdoğan isə hesab edir ki, qanunun bərpası ilə bağlı məsələyə yenidən baxmaq və ər-arvadın xəyanətinə görə cinayət məsuliyyəti tətbiq etmək lazımdır. Qeyd edək ki, 2004-cü ildə qanunun bərpası parlamentin gündəmində olsa da, Ankara Avropa İttifaqının standartlarına cavab vermək üçün bu ideyadan daşınıb. Bundan əvvəl Türkiyədə xəyanətə görə ər və ya arvad 3 ilədək müddətə həbs olunurdu.
Son illər Azərbaycanda da qadın və kişi xəyanəti "dəb” halını alıb. Statistik nəticələr göstərir ki, hər iki tərəfin xəyanəti az qala normaya çevrilib. Bu isə son nəticədə ailə-məişət cinayətlərinə səbəb olur. Ən yaxşı halda isə xəyanət evliliyin bitməsinə rəvac verir.

Bəs belə bir qanun layihəsinin Azərbaycanda təklifi nə dərəcə düzgündür?

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbaycan reallığında belə bir qanunun qəbul olunması doğru deyil: "Bu cür qanunlar daha çox şəriət qanunları ilə idarə olunan ölkələrdə qəbul olunur. Belə qanunlar isə daha çox qadınların cəzalandırılması işinə yarayır. Birdə ki, Stalin dövründə bu cür tələblər olurdu. Xəyanətə görə cəzanı nəzərdə tutan qanunun qəbulunu o halda qəbul edirəm ki, icra zamanı eyni maddələr kişilərə qarşı da qüvvədə olacaq. Ancaq ta qədimdən təcrübə göstərir ki, xəyanətə görə ən çox qadınlar günahlandırılıb. İranda bu gün də belədir ki, xəyanət edən qadın hər kəsin gözü qarşısında şallaqlanır, asılır, amma eyni əməli törədən kişilərə "gözün üstdə qaşın var” deyən olmur. Əvvəla, bunun tənzimləmə mexanizmi göstərilsin, ondan sonra qanunun qəbulu müzakirə predmeti ola bilər. Şübhə etmirəm ki, Ərdoğanın bu məsələni qaldırması da birbaşa qadınlara yönəlik bir mesajdır. Bu da elə qadına qarşı zorakılığın bir formasıdır”.

Azərbaycanda xəyanət səbəbindən dağılan ailələrin, öldürülən qadınların statistikasının həddindən artıq çox olduğunu vurğulayan M.Zeynalova hesab edir ki, ailə dəyərlərinin möhkəmləndirilməsi üçün ictimai qınaq formalarından yararlanmaq daha məqsədəuyğun olar. Sovet dövründə yaxşı bir ənənə vardı, xəyanət edən kişinin və arvadın iş yerinə bu barədə məlumat verib, onu gözükölgəli edirdilər. Bu da onların karyerasına zərbə vurduğu üçün insanlar müəyyən mənada xəyanətdən çəkinirdilər. Onu da deyim ki, cəza metodu davranışları dəyişməyə, pis vərdişlərdən uzaq olmağa kömək edir. Ancaq o halda ki hər iki tərəfə qarşı eyni münasibət sərgilənsin. Çox təəssüflər olsun ki, bizim toplumda kişinin xəyanəti normal, qadının xəyanət etməsi faciə sayılır”.

"Türkiyədə zina səbəbiylə boşanma davaları açılırdı və xəyanətlə üzləşən tərəf yüksək məbləğdə təzminat alırdı”. Bunu isə "Sherg.az”a Türkiyədə ər-arvadın xəyanətinə görə, cəza nəzərdə tutan qanunun yenidən bərpasından danışarkən vəkil İradə Cavadova deyib. O bildirib ki, ölkəmizdə boşanmalarda xəyanət motivinin nəzərə alınması qanuna görə mümkün deyil:

"Ümumiyyətlə, bizdə boşanma halları çox rahat şəkildə aparılır. Tərəflərə ilk əvvəl 3 ay vaxt verilir, barışıq olmadığı təqdirdə qanuna uyğun boşanma aparılır. Əgər belə bir qanun Azərbaycanda tətbiq edilərsə, xəyanəti sübut etmək lazım gələcək. Bunun üçün gizli çəkiliş, foto və ya videolar, internet mesajlar, telefon danışıqları olmalıdır. Bizdə isə şəxsin icazəsi olmadan şəkilini çəkmək, yaymaq qadağandır. Vəkil olaraq, bizə də müraciət olunur və şikayətçilər xəyanətlə üzləşdiyini, bununla bağlı hansısa tələb qoyub- qoya bilməyəcəyini soruşur. Qanunvericilikdə belə müddəa yoxdur. Belə fakt varsa, bunu sübut etmək də çətindir. Çox olur ki, qadın xəyanətlə qarşılaşdığına görə, məhkəməyə müraciət edir, boşanmaq istəyir. Elə qadınlar var, hətta öz evində həyat yoldaşını başqa qadınla görür. Kişilər isə deyir, "Mən kişi xeylağıyam, başqa qadınla ola bilərəm, qadın normal qəbul etməlidir”. Təəssüf edirəm ki, belə hallara tez-tez rast gəlinir. Halbuki qadın ərinə xəyanət edərsə, kişi qəti şəkildə onu tənqid edir, evli qalmağı rədd edir. 

Təbii ki, qadın da xəyanət etməməlidir. Amma necə ki, qadın və kişi bərabərhüquqludur, mentalitet faktorunu da nəzərə almaq şərtilə ailədə belə məsələlərə diqqət edilməlidir. Kişi öz ailəsinə xəyanət etməməlidir, istədiyi həyat tərzini keçirib, diskotekalarda, istədiyi qadınlarla şəkil çəkdirib, "Facebook”a qoyub, qadınını aşağılamamalıdır. Cəmiyyətin bu psixologiyasını dəyişmək üçün qanunvericiliyə müddəalar əlavə oluna bilər”.

Şəymən