"Xəzərə yaxın ərazilərdə azad iqtisadi zonaların yaradılması nəzərdə tutulur” - Deputat






"Ələt azad iqtisadi zonası barədə qanun layihəsi əvvəldən qəbul edilsə də, həyata keçirilməsində problemlər var idi”.

Bunu "Sherg.az”a sözügedən iqtisadi zonanın əhəmiyyətindən danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib. 

Onun sözlərinə görə, son dövrdə bu sahədə işlər aparılması, qərarın icrasına təminat yarandı:

"Bu zona çox böyük əhəmiyyət kəsb edən iqtisadi strukturdur. İnvestorlar, xarici şirkətlər üçün bu layihə kifayət qədər əhəmiyyətlidir. Həmçinin xarici dövlətlər, əcnəbi sahibkarlar Ələt azad iqtisadi zonasına investisiya qoyacaq. Çünki qanunda xarici strukturlara kifayət qədər güzəştlər verilir. Həm gömrük, həm də vergi məsələsində imtiyazların tətbiq edilməsi onların işini bir qədər də asanlaşdırır.

Gələcəkdə digər bölgələrdə, şimal və ya cənub ərazilərdə, Xəzər dənizinə yaxın hissələrdə azad iqtisadi zonaların yaradılması nəzərdə tutulur”.

Qeyd edək ki, qəbul edilən "Ələt azad iqtisadi zonası haqqında" qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir.
Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur. Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100 faizinin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

Aysel Aslan