Xocalının harayı dünyanın hər yerinə çatdı

Rusiyanın nüfuzlu media orqanı da qanlı hadisəyə yer verdi
Elçin Mirzəbəyli: “Avropa ölkələrində də bu istiqamətdə addımlar atılıb, ayrı-ayrı media orqanlarında Xocalı ilə bağlı məlumatlar yer alıb”



(...Əvvəli ötən sayımızda)

Ölkəmitzin hər yerində Xocalı faciəsinin 26-cı ildönümü yad edildi. İnsanlıq adına utanc olan bu faciə haqqında 26 ildir danışılır, deyilir, yazılır. Amma nə yaramızın axan qanı durur, nə də söz bitir. İllər keçdikcə o gecənin dəhşətləri gözümüzdə, qəlbimizdə daha da böyüyür. Erməni vəhşiliyinə qəzəbimiz də artır. Qəzəbimizi artıran bir səbəb də dünyanın erməni vandallığına şahid olduğu halda, bir sıra dövlətlərin hələ də ermənipərəst mövqedən əl çəkməmələri, həqiqətlərə göz yummaq istəkləridir. Dünyanın erməni vəhşiliyindən xəbərdar olduğunun sübutu isə 1992-ci ildə xarici mətbuatda Xocalı faciəsi haqqında yazılanlar, dərc olunan informasiyalar, məqalələrdir.

Xarici ölkə jurnalistlərinin yazdıqlarını oxuyanda, "Azərbaycan həqiqətlərini lazımi səviyyədə dünya ictimaiyyətinə çatdıra bilməmişik” iddiasının əsassız olduğu da görünür. Əslində, hamı - dünya dövlətləri hər şeyi çox gözəl bilir, çox da yaxşı, hərtərəfli məlumatlıdırlar. Sadəcə, bəzisi nəyinsə müqabilində, bəzisi isə bəlkə də sırf ermənipərəstliklərindən Azərbaycanın haqq davasını təsdiq etmək istəmir. Qeyd edək ki, Xocalı soyqırımının 26-cı ildönümü xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Türkiyənin NTV kanalında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı reportaj yayımlanıb. Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə yer verilib.

Xocalı sakini Məmməd Nağıyevin bu fikri ilə başlayıb:

 "Ermənilər mənim gözümün qarşısında hamilə qadının qarnını yararaq uşağını çıxarıb öldürdülər”. Reportajda qeyd edilib ki, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 azərbaycanlı 26 il əvvəl Xocalıda qətlə yetirilib. Bildirilib ki, xocalılılar 1992-ci il fevralın 26-da törədilmiş bu qətliamın ildönümü ərəfəsində Türkiyədə olublar.

Xocalı soyqırımının şahidi, 8 gün erməni əsirliyində olmuş Vüsalə Məmmədova reportajda həmin gecə yaşadığı dəhşətli hadisələri, ermənilərin ona verdiyi işgəncələri göz yaşları içində danışır. O, ən böyük arzusunun bir gün öz qızının əlindən tutub doğma yurduna qayıtmaq olduğunu bildirib.
Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi hüquqi-siyasi qiymətin verilməməsini təəssüflə qeyd edən xocalılılar Türkiyəyə qarşı irəli sürülən qondarma erməni soyqırımı iddialarını pisləyiblər: "Bu gün Türkiyəni şantaj edirlər. Bəzi Avropa ölkələri əllərində heç bir sübut, dəlil olmadan bu qondarma soyqırımı tanıqdıqlarını deyirlər. Sual olunur: siz nəyə istinad edib, nəyə əsaslanıb bu uydurma soyqırımı tanıyırsınız?”.

Xocalı soyqırımı ilə bağlı daha bir reportaj "Ülke TV” kanalında yayımlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərlə başlayan reportajda faciə barədə faktlar diqqətə çatdırılır. Reportajda, həmçinin Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb ediblər.

Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.

Türkiyənin daha bir nüfuzlu televiziya kanalı - "HABER TÜRK” Xocalı soyqırımı ilə bağlı reportaj yayımlayıb. Reportajda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində 613 dinc azərbaycanlını qətlə yetiriblər. Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə geniş yer verilib.
Atasını və digər yaxınlarını Xocalı soyqırımı zamanı itirən Cavid Əliyev hisslərini bu cür ifadə edib: "Bizi hər tərəfdən atəşə tutdular. Atamın cənazəsini 23 gün sonra gətirib dəfn edə bildik. Yaxınlarımızın çoxunun nəşi isə orada qaldı”.

Latın Amerikasının bir çox ölkələrində yayımlanan "Telesur TV” kanalının internet səhifəsində tanınmış çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin "Xocalı: Dünyanın vicdanında qanayan bir yara” adlı məqaləsi yayılıb.

Müəllif məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edərək münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qaldıqlarını yazıb. Jurnalist Xocalı soyqırımının XX əsrin sonlarında törədilmiş ən dəhşətli hadisələrdən biri olduğunu və Azərbaycan xalqı tərəfindən daim xatırlandığını, soyqırımın təşkilatçılarının beynəlxalq hüquqi məsuliyyət daşıdığını qeyd edib. O, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsi zamanı Ermənistanın BMT Təhlükəsizlik Şurasının atəşkəs və sülh çağırışlarına məhəl qoymadan Azərbaycanın torpaqlarını işğal etmək üçün ona qarşı məqsədli şəkildə müharibə apardığını etiraf etdiyini yazır. Müəllif Serj Sarkisyanın Xocalı qətliamını törədənlərdən biri olduğunu bildirib.
BMT Təhlükəsizlik Şurası daxil olmaqla, dünyanın bir çox beynəlxalq təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün və suverenliyinin bərpası, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması, eləcə də 26 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamələrdən bəhs edən müəllif beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, törədilən cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşıdığının artıq tanındığını vurğulayıb.

Beynəlxalq analitik, Argentinanın La Plata Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Paulo Bottanın münaqişənin beynəlxalq hüquqi aspektlərinə dair hərtərəfli araşdırmasına istinad edən jurnalist münaqişəni bu aspektdə izah edir və Xocalı soyqırımını beynəlxalq insan haqları konvensiyaları çərçivəsində dəyərləndirib. O bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına və Cenevrə Konvensiyasının müvafiq müddəalarına əsasən, Ermənistan təcavüzkar siyasətinə və törətdiyi cinayət əməllərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Məqalədə qeyd edilib: "613 azərbaycanlının öldürülməsi Xocalı soyqırımının nəticələrindən, sadəcə, biridir. Münaqişə nəticəsində insanların zorla məcburi köçkünə çevrilməsi və onların bu vəziyyətinin, işğalın hələ də davam etməsi kimi digər nəticələr də mövcuddur”. Müəllif Ermənistanın siyasətinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayır.
Sonda müəllif qeyd edib ki, münaqişə ilə bağlı yaranan status-kvo qəbuledilməzdir, Ermənistanın ərazi iddialarının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli, dünyanın vicdanında qanayan yara olaraq qalmaqda davam edən Xocalı soyqırımına ədalət təmin olunmalıdır.

Gürcüstanda geniş oxucu kütləsinə malik Newsday.ge saytında Xocalı soyqırımından bəhs edən "Soyqırım və milli matəm mitinqi” sərlövhəli məqalə verilib.

Məqalədə oxuculara Xocalı faciəsi barədə ətraflı məlumat verilir. Erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yer üzündən sildikləri qeyd olunur. Vurğulanır ki, bu qətliamı törətməklə ermənilərin iç üzü bir daha hamıya aydın oldu. Bu, sadəcə, bir müharibə deyil, insanların milli mənsubiyyətinə görə qətliamı idi. Dünya birliyi buna lazımi siyasi-hüquqi qiymət verməlidir.

Özbəkistanın Nargis.uz portalında da Xocalı soyqırımı haqqında özbək və rus dillərində "İnsanlıq tarixinə qara ləkə” və "Xocalı faciəsi: 26 il sonra” sərlövhəli məqalələr yayılıb.
Məqalələrdə faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı haqqında söhbət açılır. Bildirilir ki, alayın Seyran Ohanyanın komandirliyi ilə ikinci batalyonu, Yevgeni Nabokixinin rəhbərliyi ilə üçüncü batalyonu, birinci batalyonun qərargah rəisi Valeri Çtiçyan və alayın 50-dən çox zabiti Xocalı sakinlərinə qarşı görünməmiş vəhşiliklər törədiblər.

Vurğulanıb ki, Rusiyanın "Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, faciə törədildikdən sonra təkcə Ağdama Xocalıdan 200 cəsəd gətirilib. İnsanlar qətlə yetirildikdən sonra cəsədlərin üzərində təhqiramiz hərəkətlər edilib.

Məqalələrdə həmin günlərdə "Le Mond”, "İzvestiya”, "Vaşinqton post”, "Faynenşl tayms” və digər KİV-lərdə yayılan reportajlardan sitatlar gətirilir.

İsveçrə Konfederasiyasının gündəlik "Südostschweiz” qəzetinin internet saytında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar "Müharibəyə yox, sülhə hə!” sərlövhəli oxucu məktubu yerləşdirilib.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə Xocalı qətliamının faciəvi zirvə nöqtəsi olduğu qeyd edilən yazıda həmin gecə mülki əhaliyə qarşı törədilən soyqırım cinayəti ətraflı təsvir olunub.
Yazıda, həmçinin qeyd edilir ki, milyonlarla insan hələ də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında dinc yolla həll olunacağını gözləyir. Lakin münaqişənin nizamlanması üçün Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyması, qaçqınların və məcburi köçkünlərin öz ata-baba torpaqlarına geri dönmələri tələb olunur. Ermənistan öz ordusunu Azərbaycan ərazilərindən geri çəkəcəyi təqdirdə azərbaycanlı əhali yüz illər boyu olduğu kimi, ermənilərlə dinc şəraitdə birgə yaşamağa hazırdır. Bunun üçün isə, ilk növbədə, sülh yaradılmalıdır.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Xocalı faciəsi ilə bağlı dünya mediasında kifayət qədər məlumatlar yer alsa da, bütün bunlar bizim üçün yetərli deyil: "Biz Xocalı həqiqətlərinin daha çox işıqlandırılmasını və soyqırım olaraq bütün dünya ölkələri tərəfindən tanınmasının tərəfdarıyıq. Bu il Xocalı ilə bağlı atılan addımlardan ən maraqlısı Rusiya mətbuatında yer alan yazılar oldu. Xüsusən də Rusiyanın ən nüfuzlu media orqanlarından biri olan "Nezavisimaya qazeta”da dərc olunan məqalə diqqətimi cəlb edib. Avropa ölkələrində də bu istiqamətdə addımlar atılıb, ayrı-ayrı media orqanlarında Xocalı ilə bağlı məlumatlar yer alıb”.

Baş redaktorun sözlərinə görə, Xocalının təbliğatının yalnız 26 fevralda aparılması düzgün deyil. Belə olan halda görülən işlərin effekti olmur. Amma təqdirəlayiq haldır ki, bir neçə ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq müstəvidə həyata keçirilən "Xocalıya Ədalət” kampaniyası keçirilir. "Xocalıya ədalət!” təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır. Hesab edirəm ki, bu gün Xocalı soyqırımına dünya mediası tərəfindən diqqətin artırılması məhz bu kampaniya çərçivəsində atılan addımların nəticəsidir. Hansısa bir xarici mətbuat orqanının isə il ərzində bir və ya bir neçə dəfə Azərbaycan ərazilərinin işğalı faktını, Xocalı soyqırımını diqqətdə saxlaması, soyqırım faktlarını dilə gətirməsi bizim üçün çox önəmlidir.

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb