“Enerji içkilərinin tərkibindəki maddə orqanizmin öz enerjisini alır”
“Uşaqlara enerji içkiləri vermək onları az qala narkotikə öyrəşdirmək kimi bir şeydir. Bu isə daha ciddi fəsadlara yol açır”
Pediatr Vaqif Qarayev feysbuk hesabında valideynlərə uşaqlarını energetik içkilərdən uzaq tutmağa çağırıb. Bu içkilərin birmənalı olaraq uşaqlar üçün ziyanlı olduğunu vurğulayan pediatrın fikrincə, energetik içkilərin tərkibindəki maddələr uşaq orqanizmi üçün zərərlidir: "Energetik içkilərin zərəri barədə az qala hər ay yazılır, amma faydası yoxdur. Marketlərdə 6-8 yaşlı uşaqlar günün istənilən saatında sərbəst olaraq bu içkilərdən alıb içir və asılılıq yaranır!!!
Olmaz!!! Belə uşaq istənilmir!”
Həkimin fikrincə, bu içkilər müvəqqəti xoş hiss, ovqat yaradır. Amma bu içkinin hesabına baş vermir. Enerji içkilərinin tərkibindəki maddə orqanizmin öz enerjisini alır. Təbii olaraq get-gedə orqanizm zəifləyir.
Ən başlıcası, həmin içkilərin tərkibində şəkər var. Asılılıq yaradan enerji içkilərini su, çay kimi davamlı istehlak etdikdə ziyanları daha da üzə çıxır. Ümumiyyətlə, tərkibində şəkər olan içkilər, tək enerji içkiləri deyil, rəngli sular və s. uşaqlara verilməməlidir. Uşaqlara enerji içkiləri vermək onları az qala narkotikə öyrəşdirmək kimi bir şeydir. Bu isə daha ciddi fəsadlara yol açır.
Tibbi baxımdan ziyanlarına görə, Avropanın çox ölkələrində energetik içkilərin istehsalı qadağan edilib. Çox təəssüflər olsun ki, valideynlər həkimlərin bu kimi ziyanlı qidaları qadağan etməsini çox zaman nəzərə almırlar.
Energetik içkilərin qəbulu zamanı guya əlavə enerji daxil edilir. Əslində isə orqanizmin öz enerjisi xərclənir. Mütəmadi istehlak zamanı isə orqanizmin gücünü, qüvvəsini alacaq. Tərkibindəki şəkərə görə, uşaqlara qətiyyən vermək olmaz. Nəhayət, asılılıq yaratdığına görə, bu içkilər uşaqların psixikasını pozur.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, energetik içkilərin tərkibində əsasən kofein olur və onun dozası yüksək dərəcədə götürülür. Bu maddələr orqanizmi bir müddət tonusa gətirsə də, sonradan ona yenidən ehtiyac yaradır. Yəni energetik maddələrdən asılılıq yaranmağa başlayır. Digər tərəfdən də stimullaşdırılmış əzələlər, xüsusən də ürək əzələsinin normadan artıq çalışması sonradan ürək əzələsinin boşalması və müəyyən zədələrin yaranmasına səbəb ola bilir. Üstəlik, bu cür içkilərin üzərində tam olaraq tərkibi yazılmaya, göstərilməyə bilər. Axı kimdir onu yoxlayan, sonuna qədər araşdıran... Bu içkilərə nə ehtiyac var? Çalışmaq lazımdır ki, istifadə edilməsin. İstifadə olunduqda belə, miqdarına diqqət etmək lazımdır.
A.Qeybullanın fikrincə böyüyən orqanizmlərin, yəni uşaqların bu içkilərdən istifadəsi yolverilməzdir: "Bəzən görürük ki, məktəb yaxınlığında bu cür energetik içkilər satılır və uşaqlar da onları alıb içir. Ümumiyyətlə, bu cür içkilərin 18 yaşdan aşağı uşaqlara satılması qadağan olunmalı və yaxud bununla bağlı hər hansı bir qanun qəbul edilməlidir. Maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaşlar başa düşsün ki, bu cür içkilər xeyirdən çox ziyan verir. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar”.
Şəymən