"Bu vətən hər kəsindir – həm varlının, həm kasıbın, həm məmurun, həm də sıravi vətəndaşın”.
Bunu "Sherg.az”a cəmiyyətdə formalaşan "vətənin dar günündə kasıb balaları canını ona qurban verir”, "cəbhədə yalnız kasıb ailələrin övladları şəhid olur” fikirlərinə münasibət Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, qazi Elvin Hüseynov deyib.
O diqqətə çatdırıb ki, orduda fəaliyyət göstərdiyi müddətdə məmur övladlarının, yaxın qohumlarının ön və arxa cəbhələrdə fəaliyyət göstərdiyini müşahidə edib:
"Məsələn, səhv etmirəmsə, 2014-cü ildə general-mayor Lənkəran Əliyevin qardaşı oğlu ön xətdə şəhid oldu. Varlıların, məmurların övladları ön xətdə xidmət etmirsə, həmin general da qohumu cəbhəyə göndərməzdi. Öz qohumlarını, övladını hərbi xidmətə göndərməyən məmurlar ola bilər, amma bu, çoxluq təşkil etmir. Üstəlik, kasıb ailələrin övladları da arxa cəbhələrdə xidmət edirlər”.
Elvin Hüseynovun fikrincə, cəmiyyətdə belə ayrıseçkiliyin yayılmasının qarşısını almaq lazımdır:
"Hər bir Azərbaycan anası öz oğlunu və ya qızını şəhid olmağa hazır böyütməlidir. 25 ildən çoxdur, torpaqlarımız işğal altındadır. Biz vətən uğrunda canımızı verməyə hazır olmasaq, düşmən tapdağındakı ərazilərimizi uzun müddət azad edə bilməyəcəyik. Hər bir ana oğlunu, qızını dünyaya gətirəndə "vətənə qurban olsun” - deyib, böyütməlidir.
Biz millət olaraq, həssasıq, yıxılanın, əzilənin yanında oluruq. Bir neçə gün əvvəl sosial şəbəkədə məlumat yayıldı ki, Qarabağ qazisi evini yandırıb, onu döyüblər. Hər kəs onun halına yandı, aidiyyəti şəxsləri tənqid etdilər ki, Qarabağ qazisinin arxasında dursunlar. Hadisədən iki gün sonra həmin şəxs sosial şəbəkə hesabında yazdı ki, bütün problemlərin həll edilib, sadəcə sosial şəbəkələrdəki bəzi qüvvələr vəziyyətdən istifadə edib. Belə arzuolunmaz yanaşmanın aradan qalxması üçün bütün diqqətimizi, fikrimizi torpaqlarımızın işğaldan azad edilməsinə yönəltməliyik”.
Cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə gəlincə, E.Hüseynov hesab edir ki, əlamətdar hadisələrin ildönümündə, hüzn günlərində, təbliğat aparmaq kifayət etmir:
"Baxın, vaxtaşırı sosial şəbəkələrdə şəhər sakinləri, gənclər arasında keçirilən çoxçeşidli sorğu videoları yayılır. Jurnalist torpaqlarımızın işğal olunduğu tarixlərdə, əlamətdar hadisələrin ildönümündə küçəyə çıxıb, gənclər arasında sorğu keçirir. Onların bu hadisələrdən xəbərdar olmaması isə tənqidlə qarşılanır. Amma mən qan yaddaşımızı bilməyən həmin gəncləri qınamıram. Çünki bütün il ərzində, adi günlərdə heç kim küçəyə çıxıb, maarifləndirmə aparmayıb, vətənpərvərlik təbliğatı aparmayıb. Halbuki, bu gün informasiya müharibəsi əsridir. Biz isə bu müharibədə bir qədər geri qalırıq”.
Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Aysel Aslan