Dəmiryolu vağzalında həyəcan yaradan adamın adı açıqlanmalıdır
Ötən gün Bakı Dəmiryolu vağzalının ikinci mərtəbəsində partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vağzalda olan vətəndaşları təxliyə ediblər və hadisə yerinə baxış keçiriblər. Lakin deyilən məkanda heç bir təhlükəli əşyaya rast gəlinməyib.
"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, naməlum bir şəxs zəng edərək vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulduğunu söyləyib: "Guya, bomba "Pitsa Hot” restoranına qoyulub. Düşünürük ki, bu, yalan informasiyadır. Hazırda protokol tərtib olunur”. Hüquq-mühafizə orqanları da verilən məlumatın yanlış olduğunu açıqladı. Yəqin ki, zəng edən şəxsin kimliyi müəyyən ediləcək və lazımi tədbirlər görüləcək. Zəngin axşam saatlarında vağzalda transformatorda baş verən qəza ilə əlaqəsi ola bilər. Düşünürük ki, zəng edən şəxs vəziyyətdən istifadə edərək ajiotaj yaratmaq istəyib”. Ekspertlərə görə, istənilən təhlükəli hadisələrlə bağlı daxil olan zəngi, çağırışı ciddiyə almaq lazımdır. Ancaq hüquq-mühafizə orqanları hadisə yeri ilə yanaşı, zəng edən tərəfi də araşdırmalıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayıl deyib ki, dünyanın hər yerində bu cür hadisələr baş verir. Onun sözlərinə görə, yalan zənglərin məqsədi ya qəsdən ajiotaj yaratmaq, ya da kiminsə "əyləncəsini” təşkil etməkdir:
"Amma elə adamlar var ki, onlar həqiqətən nədənsə şübhələnərək müvafiq orqanlara zəng edirlər. Hesab edirəm ki, aparılan axtarışların yekun nəticəsi ətraflı şəkildə mütləq ictimaiyyətə çatdırılmalıdır. Əgər zəng yalandırsa, bunu edənin kimliyi də açıqlanmalıdır. Adətən belə hallarda boş yerə həyəcana səbəb olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Bəzən vətəndaş hardasa bir bağlama görür və dərhal polisə məlumat verir.
Burada qəbahət yoxdur, əksinə, ayıq-sayıqlıqdan dolayı həmin vətəndaşa təşəkkür düşür. Biz peşə fəaliyyətimizdə bu kimi hallarla çox rastlaşmışıq. Zəng vurublar, deyiblər ki, filan yerdə şübhəli əşya var. Dərhal həmin bölgəyə gedərək çox ehtiyatla bağlamanı açmışıq. İçindən sadəcə köhnə paltarlar çıxıb. Lakin təhlükəli bir şey də çıxa bilərdi. Ona görə də daxil olan heç bir zəngə məsuliyyətsiz yanaşmaq olmaz. Əgər bir saatdan sonra yenidən kimsə zəng vurarsa, o da ciddiyə alınmalıdır. Ancaq yoxlamalar ikitərəfli aparılmalıdır. Yəni həm deyilən obyekt, məkan, həm də zəng edən şəxs araşdırılmalıdır”.
İsmayıl