YAP-ın İcra katibi islahat tərəfdarıdır - "“Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir"




YAP icra-katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib. 

Sherg.az bildirir ki, S.Novruzov diplomatik korpusların bağlanması məsələsinə toxunaraq səfirliklərin açılıb-bağlanması çox ciddi məsələ olduğunu deyib: 

"Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını hansı formada biz izah edəcəyimizə diqqət edməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azəraycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistanda hərbi atteşə vəzifəsi ixtisara salınıb. Onlar bu ixtisari heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki vəsaitimiz çatmadığına görə biz onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimin ixtisarına diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət etməlidir”. YAP-dan olan deputat dövlət aparatında strukturlarında islahatının aparılmasını da təklif edib: "Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”.

"2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb, büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub. Bu, Prezidentin ölkədə apardığı iqtisadi islahatın nəticəsidir” - deyən 

S.Novruzov qeyd edib ki, 2016-ci ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına eləcə də sosial sahələrə həsr olunub: 

"Bu müddət ərzində biz 100-lərlə qanun qəbul etmişik ki, onların nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək. Bununla yanaşı düşünürəm ki, aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdəcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Digər sahələrdə isə islahatlar aparılmalıdır. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl ışıq yandırmalı, bəzi hallarda kiçik sahibkarlar ümumiyyətlə vergidən azad edilməli, orta sahibkarlığa isə vergi dərəcələri aşağı salınmalıdır. Bu növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər”.

Deputat qeyd edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: 

"Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qrupu düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək sosial sahəyə diqqət etdi və nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə axın idman obyektləri tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə bunu uğrulu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki bəziləri tənqidi hissəyə keçiblər. Misal üçün həmkarlarımızdan biri 7 il bundan öncə olan məsələni araşdıraraq idman obyekləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görə bilərik? Tacikistanda cəmi 1 nəfər medal aldı, az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançılar ölkəmizi təbliğ edirlər. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq”.

Anar