Yaralı zabitdən döyülən qaziyə DƏSTƏK: " Görün, vətəndaş hansı həddə çatıb...? ! " - Vəzifədən getməlidir






"Tək şəhid ailələri, qazilər deyil, sadə, siravi vətəndaşlar da incidilməməlidir”.

Bu sözləri "Sherg.az”a Abşeron rayon İcra Hakimiyyətinin qoçularının Qarabağ qazisini döyərək, evini dağıtmasına münasibət bildirərkən döyüş tapşırıqlarını yerinə yetirən zaman sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib.

O xatırladıb ki, ölkə başçısı, Prezident İlham Əliyev dəfələrlə Qarabağ əlilləri, qazilərlə bağlı məmurlara tapşırıqlar verib:

"Ölkə başçısı bu şəxsləri özünün ailə üzvü kimi qiymətləndirir. Belə olan halda, Prezidentin ailə üzvünü incitmək nə dərəcədə düzgündür? Medianın isə üzərinə düşən, müharibə əlilləri, qazilərə qarşı haqsızlıqları işıqlandırmaqdır. Məmur özbaşınalığına son qoyulmalıdır. Belə addımların hər biri dövlətə, dövlətçiliyə qarşı çevrilib. Bu gün Azərbaycan rəhbərliyinin Qarabağ qazilərinə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, sıravi vətəndaşlara qayğısını təbliğ etmək lazımdır. Qanunsuz addım atan, cəmiyyətdə idarəçiliyə qarşı ikrah hissi oyadan şəxslər vəzifədən getməlidir. Rəhbərinə sayğı göstərməyi bacaran, onun siyasətini təbliğ edən insanlar vəzifədə olmalıdır. Məmurlar, vətəndaşlara, dövlətə, dövlətçiliyə xidmət etməyi bacarmalı, vəzifədən sui-istifadə etməməlidirlər”.

K.Musavi bir neçə gündür, sosial şəbəkədə müzakirə olunan Qarabağ qazisinin icra başçısına etiraz olaraq evini yandırması faktını araşdırıb. Onun sözlərinə görə, məsul şəxslər problemi həmin qazinin üzərinə atır, ünvanına təhqiredici ifadələr səsləndirirlər:

"Hətta iddia etdilər ki, o, qazi deyil. Tutaq ki, evini yandıran heç qazi deyil, sadə vətəndaşdır. Niyə incidilməlidir? Görün, vətəndaş hansı həddə çatıb ki, ən qorxulu yolu seçir, canını odun içinə atır?!

Hazırda araşdırma aparılır, daha doğrusu, qazinin mənfi yönünü aşkara çıxartmağa çalışırlar. Yenə qeyd edirəm ki, bu kimi məsələlər ali baş komandana mütləq çatdırılmalıdır. Məmurların qanunsuz əməlləri, vətəndaşları incitməsi dövlətimizə, millətimizə qarşı aparılan mənfi təbliğatların bir hissəsidir”.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov evinə od vuraraq, yandırıb. Evini yandırmazdan əvvəl F.Əkbərov bildirib ki, mayın 12-si gündüz saat 12 radələrində Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək, evini dağıdıblar: ''Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir''.

Aysel Aslan