Kamil Musavi: "Türk televiziyalarının hər biri videonu yayımladı, mənimlə canlı bağlantı qurdular. Amma bizim televiziyalarımızın diqqəti çox zəif oldu"
"Sözsüz ki, vətənpərvərlik məsələsində, vətən uğrunda canından keçməyə hazır olan biri üçün təbliğatının aparılması önəmli olmamalıdır. Biz gənclərə bu şəkildə vətənpərvərlik hisslərini aşılaya bilərik"
"Gənclərə vətənpərvərlik hisslərini aşılamaq üçün şablon mətnlərdən, ənənəvi, quru, yorucu tədbirlərdən qaçmalıyıq”.
Bunu "Sherg.az”a döyüş tapşırıqlarını yerinə yetirərkən sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib.
Onun sözlərinə görə, xüsusilə regionlarda yaşayan yeniyetmələrin qarşısına vətənpərvərlik mövzusunda yeniliklərlə çıxmaq lazımdır:
"Regionlarda gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə həyata keçirilən bir çox tədbirlərdə iştirak etmişəm. Gənclərin həqiqətən vətənpərvər olduğunun şahidi olmuşam. Razılaşıram ki, vətənpərvərliyin təbliği elə də güclü səviyyədə deyil. Tədbir xatirinə vətənpərvərlik aşılanır. Amma bunun şüurlu şəkildə təbliğ olunmasını istəyərdim. Gənclərə vətən nədir, niyə qorunur?, vətənpərvər necə olmalıdır? fikirlərini şüurlu şəkildə çatdırılsa, daha faydalı olar.
Gənclərin əksəriyyəti və hətta hamısı sosial şəbəkələrdən istifadə edir. Ona görə, mən vətənpərvərlik düşüncələrimi gənc nəslə çatdırmaq üçün videolar çəkirəm, çıxışlar edirəm, Çünki müasir gəncliyi əsl vətənpərvər kimi yetişdirməyin ən effektiv üsullarından biri budur. Amma belə yenilikçi addımın daha da maraqlı edilməsi üçün mənə dəstək verən, bunu layihə şəklində gənclərə çatdırmağı təklif edən qurum, QHT və ya gənclər təşkilatı olmadı. Buna rəğmən, gənclərlə görüşlər təşkil etmək üçün təkliflər çoxdur. Gənclər özü də maraq göstərir”.
Türkiyənin Afrin əməliyyatına dəstək üçün çəkdiyi videonu xatırladan Kamil Musavi qeyd edib ki, videonun yayılmasından sonra türk xalqı onu bəlkə də ayaqda gözləyir:
"Elə həssas, diqqətlə yanaşdılar ki, həqiqətən, bu qədər təsirlənməni gözləmirdim. Maraqlıdır ki, türk televiziyalarının hər biri videonu yayımladı, mənimlə canlı bağlantı qurdular. Amma bizim televiziyalarımızın diqqəti çox zəif oldu. Sözsüz ki, vətənpərvərlik məsələsində, vətən uğrunda canından keçməyə hazır olan biri üçün təbliğatının aparılması önəmli olmamalıdır. Sadəcə, biz gənclərə bu şəkildə vətənpərvərlik hisslərini aşılaya bilərik. Televiziyalarda vətənpərvərlik mövzularında müzakirələr, fərqli metodlar tətbiq edilməli, müxtəlif səpkili hərbi-vətənpərvər verilişlər hazırlanmalıdır.
Ailədən, orta məktəblərdən başlayaraq, qızlarımızı, oğlanlarımızı vətənpərvər ruhda böyütməliyik. Hər dəfə yeniliklə bu hissləri uşaqlarımıza çatdırmalıyıq. Hüzn günlərində, önəmli tədbirlərdə, il dönümlərində vərəqdən oxumaqla vətənpərvərliyi çatdıra bilmərik. İnsanların eşitdiyi şeyləri təkrar-təkrar demək, bir qədər yorucu olur. Ona görə, müxtəlif formada, uşaqların, gənclərin eşitmədiyi məqamlardan danışmaq, tamaşalar təşkil etmək, qısa videoçarxlar, kinolar göstərmək lazımdır. Bu şəkildə övladlarımıza onları daha da maraqlandıran şəkildə vətənpərvərliyi aşılaya bilərik”.
Aysel Aslan