"Yarmarkalar da bazar qiyməti qoyacaqsa, bunun mənası yoxdur" - Deputat







"Yarmarkalar insanların sıx olduğu yerlərdə, metro stansiyalarının çıxışında təşkil edilməlidir”.

Bu barədə "Sherg.az”a iqtisadçı millət vəkili Vahid Əhmədov deyib. 

O qeyd edib ki, yarmarkaların qurulmasında məqsəd bazarlardan daha ucuz qiymətə məhsul almaqdır:

"Yarmarkalarda bazarlardakı ilə eyni qiymətlər qoyulacaqsa, bunu təşkil etməyin mənası yoxdur. Amma mənim aldığım məlumata görə, bazar qiymətlərindən aşağı mallar satılır. Ola bilər, bəzi məhsullarda qiymət fərqi olmasın. Ümumiyyətlə, isə belə yarmarkaların xüsusilə bayram ərəfəsində keçirilməsi məqsədəuyğundur. Bir şərtlə ki, nazirlik də buna nəzarət etsin, obyektiv, subyektiv qiymətlər araşdırılsın. Belə halda əhalinin bu yarmarkalara inamı da tam olar”.

Qeyd edək ki, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Aysel Aslan