"İmmuniteti normada saxlamaq üçün normal qidalanma, ekoloji təmizlik və insanların aktiv hərəkət etməsi vacibdir”.
Bunu "Sherg.az”a yaz və yay aylarında insanlarda müşahidə olunan immunitet zəifliyinin səbəblərini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O qeyd edib ki,
hazırda həll edilməli ən vacib məsələ Azərbaycan əhalisinin qida problemidir:
"Süni qidalar, geni dəyişdirilmiş məhsullar ticarət mərkəzlərində geniş yayılıb. Əhalinin keyfiyyətli qida seçimi çox məhduddur. Bazarlarda heyvani mənşəli təmiz qidalar, demək olar, yoxdur. Belə qidaların təsiri insanların səhhətində özünü göstərir və immun sistemini zəiflədən əsas faktorlardan biri kimi çıxış edir.
Ekologiyanın çirklənməsi, içməli su problemi də ölkəmiz üçün aktualdır. Kür və Araz çaylarının suyundakı problemlər Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən bir müddət əvvəl aşkarlanmışdı. Araşdırmalar ciddi nöqsanların olduğunu sübut edir”.
Azərbaycan əhalisinin aktivliyinin zəif olduğunu deyən professorun sözlərinə görə, həqiqətən də, kütlənin böyük bir hissəsi tənbəldir:"Kütləvi idman yoxdur, insanlar hərəkət etmirlər. Daha çox qida qəbul edənlər, daha az hərəkətə meyl edir. Ona görə, orqanizmə daxil olan və sərf olunan kalori arasında natarazlıq yaranır. Bütün bu faktorlar immunitetin zəifləməsinə gətirib çıxarır və bədənin müqavimət gücü olmadıqda xəstəliklər sürətlə yayılır. İnsanların normal immunitetinin formalaşdırılması, xəstəlik riskinin azaldılması üçün ilk növbədə qida təhlükəsizliyi təmin edilməlidir. İdmana kütləvi meyl yaradılmalıdır. Bu sahədə ciddi təbliğata ehtiyac var. Televiziya ekranlarındakı mənasız şou verilişlərinin əvəzinə genefondun sağlamlığı üçün nəzərdə tutulan maarifləndirmələrə geniş meydan vermək olar. Ekoloji faktorları da mümkün qədər qaydaya salsaq, əhalinin immunitetinin normallaşmasından danışa bilərik”.
Fəsil dəyişkənliyində, xüsusilə, qış aylarından yaza keçid zamanı immunitet zəifliyinin müşahidə olunmasına gəlincə, Adil Qeybulla hesab edir ki, bu, təbii haldır:
"Dəyişiklik dövründə vitamin çatışmazlığının müşahidə edilməsi, bəzi xəstəliklərin kəskinləşməsi özünü göstərə bilər. Lakin bu, immunitetə daha ciddi təsir etmir və yaranmış vəziyyət keçicidir. Bir müddət vitamin dəstəyi almaq, qısa müalicə tədbirləri ilə mövsümi dəyişiklikdən yaranan narahatlıqları həll etmək olar. Ümumi əhalinin immunitet zəifliyi probleminin aradan qaldırılması üçünsə, qeyd etdiyim istiqamətlərdə isə mütləq işlər görülməlidir”.
Aysel Aslan